Azərbaycanda Dünya Səhiyyə Təşkilatının metodikası tətbiq olunur

sehiyye
9-10-2015, 16:20 1042
Azərbaycanda Dünya Səhiyyə Təşkilatının metodikası tətbiq olunur Əksər inkişaf etmiş ölkələrdə Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən hazırlanmış “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası” tətbiq olunur.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu ilə birgə Azərbaycanda həmin metodika üzrə oktyabrın 6-8-də ilk dəfə seminar təşkil edib.
Abşeron Mərkəzi Rayon Xəstəxanasının və Bakı şəhərinin seçilmiş doğum evləri və xəstəxanalarının doğum şöbələrinin rəhbərləri iştirak ediblər. Seminarda beynəlxalq təlimçilər Qelmüs Şüpşinskas və Kanat Suxanberdiyev tərəfindən DST-nin audit prinsip və metodologiyası ilə bağlı məlumat verilib, səhiyyə müəssisələri səviyyəsində mamalıq praktikasında kritik hadisələrin təhlili aparılıb. İştirakçılar səhiyyənin təşkili səviyyəsində kritik hadisələrin auditini keçirmək üçün əsas bacarıqları mənimsəyiblər. Seminarda, həmçinin metodikanın pilot tətbiqinin nəticələri təqdim edilib, eləcə də Azərbaycanda doğuşayardım müəssisələri səviyyəsində kritik hadisələrin auditini tətbiq etmək üçün tədbirlər planlaşdırılıb. İştirakçılar qazandıqları bilikləri qrup işlərində tətbiq ediblər.
Seminarın nəticəsi olaraq “Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası”nın Respublika Perinatal Mərkəzində, Bakı və Sumqayıt şəhərlərinin seçilmiş doğum evlərində sınaqdan keçirilməsi planlaşdırılır.
Azərbaycanda ana və uşaq sağlamlığının qorunması səhiyyənin prioritet istiqamətidir və doğuşayardım xidmətinin təkmilləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilib. Görülən tədbirlər nəticəsində ölkəmizdə ana və uşaq ölümünün səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır