Əliyevin “Təhlükəsizlik naminə” tezisləri - TƏHLİL

siyaset
2-05-2024, 21:24 1536
Əliyevin “Təhlükəsizlik naminə” tezisləri - TƏHLİL Prezident İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı “Təhlükəsizlik naminə həmrəylik” tezisləri özündə birləşdirir.
Əliyevin çıxışından göründü ki, təhlükəsizliyin bütün aspektlər üzrə təmin olunması üçün vahid ideologiya ətrafında həmrəylik vacibdir. Buna görədir ki, Prezident Azərbaycandakı həmrəyliyin bölgələri qızışdıran güclərə qarşı effektiv müdafiə immuniteti kimi nümunə olduğunu göstərdi.



Başqa cəhətdən, Əliyev Azərbaycana qarşı vaxtı ilə mövcud olmuş separatçılıq və dini zəmindəki qarşıdurma kartlarının mövcudluğunu qeyd edərək buna qarşı dövlətin uğur qazandığını xatırlatdı.
Azərbaycan dövlətində qazanılmış belə təcrübə təbii ki, regionda maraqların toqquşmasında ortaya çıxa biləcək riskləri minimallaşdıra bilər.
Diqqəti çəkə biləcək məqam İlham Əliyevin aşkar və sətiraltı mesajlarını Mədəniyyətlərarası Dialoq Forumunda söyləməsidir. Bu, o deməkdir ki:

- Dünyada gerçək mədəniyyətlə mədəniyyət libasına bürünmüş ideologiyaların mübarizəsi gedir;

- Mədəniyyət fasadına malik hərəkətlər ideoloji prizma ilə yanaşı, təhlükəsizlik məqamında da xeyli problemlər yaradır,

- Məqsəd başqa dövlətlərin işinə müdaxilə etmək, təbii sərvətləri qəsb etməkdir və bunu ört-basdır etmək üçün gəlişigözəl ifadələrə müraciət edilir.

Dövlət başçısının çıxışı təxribatların təpəsində dayanan bəzi “şahinlərə” qarşı tutarlı cavabdır, elə burada Fransanın qlobal siyasətindəki narrativlərə diqqət ayrılması maraqlı məqamdır.

İlham Əliyev fransız dənizaşırı ərazilərində hökm sürən kolonial vəziyyət barədə danışaraq Parisin ambisiyalarının zərərli olduğunu ortaya qoydu.

Nəzərə alanda ki, Fransa eyni zamanda Cənubi Qafqaza az qala öz canişinliyi kimi baxmaq iddiasına malikdir, onda İlham Əliyevin bəyanatının məğzi daha aydın şəkildə açılır. Yəni, Azərbaycan Fransanın:

- Cənubi Qafqazda müxtəlif adlar altında yeritdiyi siyasəti ifşa edəcək mexanizmləri təkmilləşdirəcək,

- Qlobal məkanda dənizaşırı ərazilər üzrə kolonial siyasətinə qarşı mübarizəsini gücləndirəcək.

Azərbaycan hədəflərinə nail olmaq üçün regional və beynəlxalq sferada mədəniyyətlərarası dialoqu təşviq etməklə yeni dəstək mexanizmləri qazana bilər.

Qazanıla biləcək növbəti dəstək paketləri təbii ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində birincinin qiymətini daha da artıracaq.

Oxu.az