VƏTƏN QƏDƏR MÜQƏDDƏSLƏRİMİZ

gundem
4-05-2024, 23:29 874
VƏTƏN QƏDƏR MÜQƏDDƏSLƏRİMİZ4 may , qəhrəman Şəhid xanımlarımızdan biri- Arəstə Baxışovanın doğum günüdür. Arəstə xanım Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhididi.
Qəhrəman Şəhidimiz 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub.
Şəhidlərimiz haqqında, Milli Qəhrəmanlarımız haqqında, qazi və veteranlarımız haqqında o qədər yazılar, povestlər, şeirlər, məqalələr, romanlar yazlıb və yazılır ki, artıq bütün bu mövzuda olan yazılar sanki bir-birinə doğmalaşıb və bənzəyir. Çünki eyni dərdin yanğısından yaranıb bütün nisgillərimiz, ağrılarımız, ağılarımız. Vətən, yurd ağrısı, Şəhid ağısı. Şəhid Arəstə Baxışova bizim yaşadığımız torpaq kimi müqəddəsdi. Arəstə xanım qəlbimizdəki Vətən məfhumu olan bir ovuc torpaq anlayışına sığmayacaq qədər böyükdür. O qədər böyükdür ki, Vətən qədər əzizdir. Şərəfdir, namusdur, qiymətli xəzinədir. Bir sözlə ruhu qarşısında diz çöküb , baş əyəcək , Vətən kimi tərəddüd etmədən canımızı belə qurban verə biləcəyimiz bir dəyərdir.
Şəhid xanım Arəstə Baxışovanın doğulub böyüdüyü ailədə iki qardaşı olub. Onun atası-baş leytenant Kərim Baxışov Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib.
Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edirdi. Arəstə Baxışova oktyabrın 23-də (2020) Şəhid olub. Biləcəri Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin 12.05.2021-ci il tarixli Qərarına əsasən, Arəstə Baxışova ölümündən sonra ingiltərəli tibb bacısı Florens Naytingelin şərəfinə təsis edilən "Florens Naytingel" medalı ilə təltif edildi.
Şəhidimizin Mərdan adında oğlu və Zəhra adında qızı Vətənə yadigar qaldı.
Vətən ulularımızın bizə miras qoyduğu əmanətdi. Vətən məhəbbət deməkdir, əyilib səcdə etdiyimiz yer deməkdir. Vətən millətinə məxsus torpaq deməkdir. Vətən bu günlərə çatmaq üçün çox çətin yollardan keçib. Bu müqəddəs torpaq, Vətən sevgisi qoxuyan bu torpaq düşmənə təslim olmayıb və heç vaxt da təslim olmayacaq. Biz vətənimizi hər şeydən çox sevirik və canımız bahasına vətən üçün ölür, üçrəngli Bayrağa bürünüb məzara gedirik. Babalarımızdan bizə miras qalan Vətən adlı irsi ən gözəl şəkildə qorumaq, müqəddəs borcumuzdur. Bu yolda canlarını fəda edən cəmi Şəhidlərimizə Allah rəhmət eləsin, ruhları qarşısında diz çöküb baş əyirəm.

Ruhun şad olsun, Vətən torpağına qarışan Arəstə xanım!

Mayisə ƏSƏDULLAQIZI