İLK TƏYYARƏÇİ QADINLARDAN BİRİ-SONA NURİYEVA

gundem
3-05-2024, 00:55 1248
İLK TƏYYARƏÇİ QADINLARDAN BİRİ-SONA NURİYEVA Vətənimizə nahaqdan mərdlər, igidlər yurdu deməmişlər ulularımız. Tarixən yurdumuza göz dikən düşmənləri geriyə, öz yerində oturtmaq üçün kişilərlə bərabər qadınlarımız da xeyli şücaət göstərmişlər.

Xalqımız xəyanətlərə göz yummamış, Vətən çətin vəziyyətdə olanda milli birlik, həmrəylik və həmrəylik içində necə davranacağını gözəl bilirdi.
Qürurlu və zəhmətkeş qadınlarımız öz soykökünə, xalqın mənəvi dəyərlərinə, adətlərinə sadiq qalıb, tarixi ənənələri qoruyub, yaşadıb. Həyatın ən çətin sınaqlarında belə, yada əyilməyən bu tip qeyrətli qadınlarımız hər zaman cəmiyyət tərəfindən yüksək qiymətləndirilib, adları minnətdarlıqla anılıb.
Tariximizə nəzər saldıqca, cəsur, qayğıkeş Azərbaycan qadınını dövrünün hər cür əzab-əziyyətinin, fiziki və mənəvi zülm və əsarətin içində olduğunu, lakin öz ağılı, zəkası, biliyi, istedadı sayəsində qalib çıxdığının şahidi oluruq. Azərbaycan qadını tarixdə bir çox çətin sınaqlardan keçməli olub.
Qadınlarımız döyüşlərdə ərləri, oğulları, qardaşları ilə birgə düşmənə qarşı mübarizə aparmış , yaralanmış, Şəhid olmuş, qazi olmuşlar. Bu torpaqdan pöhrələnən xalq və çətin şəraitdə qurulan Vətən təbii ki, çox dəyərli olacaq. Belə cəsur , qorxmaz Azərbaycan qızlarından biri ilə tanış olaq, daha doğrusu xatırlayaq.
Sona Piri qızı Nuriyeva 15 dekabr, 1915-ci ildə Bakının Əmircan kəndində anadan olub. 17 yaşında Zabrat qəsəbəsindəki təyyarəçilik klubuna gedir və 8 ay müddətində “U2” təyyarəsinin texnikasına bələd olur, uçuş proqramını müvəffəqiyyətlə yerinə yetirir. 1934-cü ildə Bakı Təyyarəçilik Məktəbini bitirib, Rostov şəhəri yaxınlığında Bataysk Təyyarəçilik Məktəbində təlim keçir. 1936-cı ildə Bataysk Təyyarəçilik məktəbini bitirir. Burada Sona xanım Birinci Mülki Aviasiya məktəbinin qadınlar eskadrilyasına daxil olur. Sona Nuriyeva 20 yaşında azərbaycanlı qızlar arasında ilk “Lenin ordeni”nə layiq görülür. Otuzuncu illərdə o, təyyarə ilə Azərbaycan səması üzərində uçur, müjdəli xəbərlər verir və səmadan təşviqat vərəqələri səpirdi. Sona Nuriyevanın uğurları bununla bitmir. O, 1938-ci ildə SSRİ Ali Sovetinə seçilən ilk deputatlardan biri olub. Müharibə illərində (1941-1945) cəbhəyə çağırılan Sona Nuriyeva Çexoslovakiya,Yuqoslaviya, Macarıstan, Bolqarıstan, Polşa, Rumınya və digər ölkə səmalarında uçub. Azərbaycana qayıtdıqdan sonra uzun müddət Zabratda vertolyot stansiyasında xidmət edib.
Sona xanım ilk azərbaycanlı təyyarəçi qadınlarından biridir. Sona Nuriyeva həmçinin Azərbaycanın ilk qadın deputatlarından biridir. 1945-ci ildən Sov.İKP-nin üzvü, Azərbaycanda Mülki Aviasiya idarəsində təyyarəçi vəzifəsində xidmət etmişdir. Böyük Vətən müharibəsində xüsusi tapşırıqla Tehrana uçmuşdur.
1945-ci ildən Beynəlxalq hava xəttində (Almaniya, Bolqarıstan, Yuqoslaviya, Polşa və s.) qulluq etmişdir.
1949-1968-ci illərdə Zabrat aeroportunda çalışıb. 1978-ci ildən ittifaq əhəmiyyətli pensiyaçı olmuşdur. SSRİ Ali Sovetinin (1-ci və 2-ci çağırış) deputatı olmuşdur.
Bir çox Dövlət əhəmiyyətli yüksək mükafatlarla, medallarla təltif edilmişdir. Sona Nuriyevaya çoxlu oçerk, şer və s. həsr olunmuşdur. Təyyarəçi xanım 1986-cı ildə vəfat edib.

Fəxr edirəm ki, ucsuz-bucaqsız səmada kəndimizin cəsur oğlanları ilə birgə, zərif qızı, rəhmətlik Sona xanım kimi səma şahini pərvaz edib. Belə cəsur övladları olan Vətən həmişə böyük zəfərlərə imza atacaq!


Mayisə ƏSƏDULLAQIZI


İLK TƏYYARƏÇİ QADINLARDAN BİRİ-SONA NURİYEVA