İndi Molla Nəsrəddin olmasa da...

medeniyyet
3-09-2015, 15:58 876
İndi Molla Nəsrəddin olmasa da... İndi Molla Nəsrəddin olmasa da mollanəsrəddinçilik davam etməkdədir. Məhz müasir mollanəsrəddinçilərin yaradıcılığı sayəsində xalqımız böyük Molla Nəsrəddini indi də dərin hörmət və ehtiramla yad edir. Bu müqəddəs və hər dövr üçün lazımlı yolu davam etdirənlərdən biri də yazıçı-satirik Xeyrəddin Qocadır.
Yəqin ki, “Molla Nəsrəddin lətifələri”ni heç kim unutmayıb və unudulmamalıdır. Ona görə ki, böyük Mirzə Cəlilin, Sabirin yazdıqları həmişə xalqımızın həyat tərzi, düşüncələri, ümid və arzularından qaynaqlanıb, ona görə də qəlbimizə, könlümüzə hopub.
“Xeyrəddin Qocanın gülüşü” adlı yeni miniatür kitabı da yazıçının lətifələri kimi qəbul etmək olar. “Ürəkdən gülmək istəyirsinizsə...” sərlövhəli giriş sözündə qeyd edildiyi kimi, dəyərli kitabların, pyeslərin, saysız satiraların müəllifi olan ədib ömrü boyu haqsızlıqlarla, ədalətsizliklərlə mübarizə aparıb. Bu yolda onun özünün də başına qəribə əhvalatlar gəlib. Bu əhvalatlarla bağlı yazıçının mənalı, gülüş doğuran hazırcavablığı da, onun atmacaları da, bəzən bilərəkdən, bəzən bilməyərəkdən etdiyi hərəkətlər də satiraya, yumora, tənqidə xidmət edir. Yazıçı nəyə isə etirazını bildirir, kimə isə istehza edir, kimlərəsə öz yerini göstərir. Beləliklə, sözün əsl mənasında nələrə, kimlərə isə gülür. Qəribə (əslində qəribə görünür) dialoqlar, atmacalar, istehzalar bəzən mənalı bir hekayəni əvəz edir.
Xalq şairi Nəriman Həsənzadə yazır ki, “müəllif hamı və hər kəslə danışdıqca, əslində öz düşüncələrini çatdırır, beləliklə, teatr işçilərinin dili ilə desək, personajların birinə çevrilir. Cəmiyyətdə yaşayıb, cəmiyyətdən kənarda qalmır. O, həyatı, insanları sevir, qəlbindəki işığı paylamaq istəyir və paylayır da...”.
Oxuculara təqdim edilən miniatür kitabda (“Yazıçı” nəşriyyatı, 2015) X.Qocanın deyimlərinin bəlkə də mində biri toplanıb. Nəşriyyatın təqdimatında deyilir:“Xeyrəddin Qocanın gülüşü”nü miniatür kitab şəklində dərc etdik ki, onun səmimiyyəti sizinlə “yol yoldaşı” olsun, əhvalınızı hər yerdə yüksəldə bilsin. Görəcəksiniz, satira, yumor, gülüş çox yerdə sizinlə olacaq”.