Dünyanın müqəddəs məkanı haqqında möhtəşəm əsər

gundem
15-12-2018, 21:44 1207
Dünyanın müqəddəs məkanı haqqında möhtəşəm əsər
Dünyanın müqəddəs məkanı haqqında möhtəşəm əsər

Rövşən NOVRUZOĞLU: "Əshabi-Kəhfə həsr olunmuş bu kitabın dinindən, irqindən asılı olmayaraq, hər kəsin böyük marağına səbəb olacağına, oxucuların stolüstü kitabına çevriləcəyinə zərrəcə şübhə yeri qalmır"

"Dinindən, irqindən asılı olmayaraq, dünyanın bütün insanları, min illərdən bəridir ki, Məkkə, Qüds və Naxçıvan torpaqlarını Yer kürəsinin üç müqəddəs məkanı olaraq qəbul ediblər. Özünün, insana xoş duyğular bəxş edən füsunkar təbiəti ilə seçilən Naxçıvan torpağı ona görə müqəddəs sayılır ki, dünyada ilk dəfə olaraq tək Allahlıq, darda qalan naəlac insanların da üz tutduqları bu yerlərdə yayılıb. İnsanlığın ikinci yaradılış yeri kimi qəbul edilən bu müqəddəslikdə, həm də Ulu Nuh peyğəmbərin ruhu dolaşır. Onun kimi, bir neçə imamzadənin də məzarı məhz bu torpaqdadır.

İndi Culfa rayonu ərazisində yerləşən Əshabi-Kəhfə ayrı-ayrı ölkələrdən gəlib, bu müqəddəs məkanı ziyarət etmək istəyənlərin sayı hər gün daha da artır.

Nahaqqın, zülmün, əzab-əziyyətin açıq-aşkar hökm sürdüyü keçmiş zamanlarda dünyanın dörd bir yanındakı hökmdar saraylarını tərk edib, qeyb olan insanların Allahı tanımaqdan, Uca Yaradana tapınmaqdan ötrü, Tanrıya pənah gətirdikləri əzəmətli bir mağaradakı -- Əshabi-Kəhfdəki müsbət aura da, bu qədim diyardakı müqəddəsliyi dönə-dönə sübut edən əlamətlərdəndir. Ayrı-ayrı ölkələrdən müxtəlif dini məzhəbli insanların bu gün də üz tutduqları bu müqəddəs yer öz görüntüləriylə, hər kəsdə, həqiqətən də, sözlə ifadə edilməsi mümkün olmayan mənəvi rahatlıq yaradır. Bu insanlar, min illərdən bəri yaddaşlarda əbədiləşən Naxçıvanın dünyaca tanınmış müqəddəs Əshabi-Kəhf ziyarətgahına etdikləri səfərlə buradakı ən savab işlərdən onlara da pay düşdüyünə qəlbən inanırlar.

Naxçıvanın digər tarixi məkanlarını da gəzən həmin insanlarda bu müqəddəs yer xüsusi təəssürat yaradıb. Duaların Allaha daha tez çatdığı, Peyğəmbər ayağının toxunduğu bir məkan kimi bu ziyarətgahı seçən, öz inanclarını daha da dərinləşdirib, Uca Yaradana bir addım daha yaxın bir yerdən xitab etmək istəyi ilə bura gələn bu zəvvarlar, böyük qazanc kimi, yalnız istəklərinin həyata keçməsini görür, burada mənəvi rahatlıq tapdıqlarını dönə-dönə vurğulayırlar.

Bu gün Naxçıvan Muxtar Respublikasına gələn zəvvarların və turistlərin hamısı məhz bu səbəblərdən bu unikal diyar haqqında daim xoş sözlər söyləyir, bu gözəlliyə olan məftunluqlarını heç vaxt gizlətmirlər...", -- tanınmış politoloq-alim, “Beynəlxalq Terrora və Korrupsiyaya Qarşı Mübarizə” Strateji Araşdırmalar Mərkəzinin direktoru, milli təhlükəsizlik məsələləri üzrə ekspert Rövşən Novruzoğlunun artıq çapa hazır olan "Əshabi-Kəhf" kitabının "Ön sözü" bu sözlərlə başlayır. Elə, bu giriş sözləri də, bu əsərin maraqlı bir mövzuda qələmə alındığından xəbər verir.

Realfakt.az araz.az saytına istinadən xəbər verir ki müəllif əməkdaşa dediyi kimi, Azərbaycan və digər bir neçə dildə nəşrinə uzun zaman hazırlıq getdiyi bu kitabın dinindən, inancından və irqindən, eləcə də əqidəsindən asılı olmayaraq, hər bir oxucunun böyük marağına səbəb olacağına, onların stolüstü kitabına çevriləcəyinə zərrəcə şübhə yeri qalmır: "Ayrı-ayrı fəsillərdən ibarət bu kitabın bütün yazılarındakı kiçik epizodlar belə, Tanrıya inancı böyük olan hər kəsdə böyük maraqlar yaradır. Zəngin tarixi barədə verilən məlumatlarda o da göstərilir ki, Əshabi-Kəhf barədə “Qurani-Kərim”in 18-ci surəsində də bəhs edilir.
Ümumiyyətlə, “Əshabi-Kəhf” kimi tanınan belə mağaralar Kiçik Asiyanın, Fələstinin və Türkiyənin ərazilərində də var. Lakin “Qurani-Kərim”də göstərilən bir çox məlumatlar, xalq arasında mövcud olan rəvayətlər və bəzi tarixi faktlar bu müqəddəs kitabda haqqında bəhs edilən yerin məhz Naxçıvandakı Əshabi-Kəhf olduğunu aydınlaşdırır. Burada coğrafi cəhət oxşarlığı xüsusilə diqqəti cəlb edir. Doğrudan da, bu məsələ barədə “Qurani-Kərim”in 18-ci surəsində verilən həqiqətlər də sübut edir ki, göstərilən məkan Naxçıvandadır. Əshabi-Kəhf haqqında İslam aləmində mövcud olan bir hədis də ziyarətgahın məhz Naxçıvan ərazisində olduğuna daha bir işarə verir. Həmin hədisə görə, Ərəb Xilafətinin II xəlifəsi Ömərin hakimiyyəti dövründə saraya 3 nəfər yəhudi alim gələrək, xəlifəyə suallar verir. Sualları isə, xəlifənin əvəzindən peyğəmbərin əmisi oğlu və sonralar xəlifə olmuş İmam Əli cavablandırır. Hədisdə də yazıldığı kimi,, yəhudi alimlərindən birinin sualı Əshabi-Kəhf və hökmdar zülmündən qaçan şəxslərin sığındıqları həmin dağla bağlı olur:

-- Ey Əli, bu dağın və mağaranın adı nədir?

-- Ey yəhudi qardaşım, dağın adı Nahacilus, mağaranın adı isə Vasid idi. Mağaranın yaxınlığında ağaclar və püskürərək axan su var! -- deyə, İmam Əli sualı belə cavablandırır.

Hədisdə göstərilən dağ “Nahacilus” adlandırılır. Yunan dilində xüsusi isimlərin adlıq halında “-us”, “-is” şəkilçiləri işlədildiyindən, o zaman Nahacilus sözündən adlıq hal şəkilçisini atanda, qalan kök söz Nahacil olur. Və yaxud bu sözü Əshabi-Kəhf yaxınlığındakı dağın adına uyğun olaraq desək, Nuhəcir – Nəhəcir kimi alınır.

Əshabi-Kəhfdəki “Cənnət bağı” isə ağaclara işarədir. Adı çəkilən və vaxtaşırı püskürən həmin bulaq isə, bu gün də, ziyarətgaha gedərkən yolun sağ tərəfində qalan dərədədir.

Ziyarətgahdakı məscidin qabağında qara bir daş var. Onun səmadan gələn meteorit daşı olduğu deyilir. Daşın nə zamandan burada mövcud olması barədə məlumat isə yoxdur. Zəvvarlar həmin daşa toxunur, onun ətrafında dövr edir, niyyət tuturlar.

Məscidin yuxarı tərəfində yerləşən “Damcıxana” açıq salon şəklindədir. İlin yağışlı və quraq keçməsindən asılı olmayaraq, həmin yerdə tavandan su damır. Burada niyyət edərək gözləyirlər. Damcının başa və ya çiyinə düşməsi niyyətin tez, bədənin hər hansı bir yerinə düşməsi isə, nisbətən gec hasil olacağı kimi yozulur. Damcı düşməsə, deməli, niyyət qəbul olunmur.

Ziyarətgah ərazisindəki ən uca yer, əvvəllər çıxmaq təhlükəli hesab edilən “Cənnət bağı”dır. Bu gün ziyarətçilər dəmir pilləkənlərlə ora rahat çıxa bilirlər. Hər tərəfdən yüksək qayalarla əhatə olunan bu yer duaların qəbul olunduğu məkan sayılır. Burada baş verən bütün hadisələr bura üz tutan bütün insanların hədsiz dərəcədə sevincinə səbəb olur.

İslami dəyərlər barədə məlumatı çox olanlardan da öyrənmək olur ki, burada baş verən bütün hadisələr İslam dininin yayılmasından xeyli əvvəl olub. Bu da onu deməyə əsas verir ki, Əshabi-Kəhf ziyarətgahı, əslində, dünyadakı bütün dinlərin mənsublarının ziyarətə gələ biləcəyi müqəddəs bir məkandır.

Bütün bunlar barədə kitabda ətraflı izahı olan geniş yazılar çoxdur. Bu da, bir müəllif kimi, məni tam əmin edir ki, bu əsər bu müqəddəs məkan haqqında maraqlı və tutarlı bir əsas olaraq, dünyanın hər yerində özünə oxucu kütləsi yığacaq".

"Əshabi-kəhf" əsərinin səhifələrində yazılanlar təkcə İslam aləminin bizə məlum olmayan həqiqətlərini üzə çıxarmır, həm də yeri gələndə digər dinlərin tarixindəki maraqlı hadisələrdən də bəhs edir. Müəllifin dediyi kimi, elə, Roma papası Adriana haqqındakı epizodlar buna bariz nümunədir: "Lakin əsərdəki obrazların əksəriyyəti insanlıq baxımından bir çox cəhətləri ilə müstəsna gözəlliyə malikdirlər. Bu obrazları tədqiq edən istənilən adam deyə bilər ki, onların hər birinin xarakterik insani cizgiləri bu müqəddəs yerin əsrarəngiz təbiətindən alınıb, sanki bir məşhur rəssamın əliylə bu gözəlliyin əsl sirrləri göstərilib. Məhz buna görə də, ayrı-ayrı yazıların mövzusunu seçərkən, xronoloji ardıcıllıqdan daha çox, tematik və bədii vacibliyə əhəmiyyət vermişəm.

Məsələn, Nuhun hekayəsindəki epizodlar elə işlənilib ki, buradakı səhnələr Ulu Tanrının insanı təkrarən yaratmasının əsası kimi qəbul edilir. Bu səhnələrdə verilən

qurbanlar, Nuh ailəsinin insanlığın qalan hissəsinin məhv olduğu Böyük Tufandan sağ çıxmasından sonra verdiyi qurbanlarla oxşarlıq təşkil edir. Burada Nuh ailəsinin sığındığı gəmi və fəlakətdən qurtulmağa çalışan insanlıq göstərilib. Yazılardakı tufan səhnəsindən qurtulan həmin gəminin Naxçıvanda dağa sığınmasını da, xronoloji əsası olan sübutlarla təsdiq etmək də çətin olmayıb. Çünki həmin tufandan sonra Nuhun toxum atdığı, üzüm yetişdirdiyi torpaqlar da bu müqəddəs yerlərə bir işarədir. Beləcə, Nuhun nəslindən olanlar dünyaya xilas gətiriblər. Yazılardakı xronoloji ardıcıllıqda da, insanın yaradılmasından Nuhun əhvalatına doğru bir inkişaf sezilir.

İmamiyyə məzhəbinin 12 imamından biri, "Sərdabə Sahibi" Məhəmmədin atası, on birinci imam Həsən əl-Əsgərinin bu müqəddəs yerlərlə əlaqəsini də, epizodik yazı səhnələrindəki xronoloji ardıcıllıqlar təsdiq edir. Onun yaxınlarının məzarlarının bu yerlərdə olması da, müqəddəs duyğulardakı çox şeydən xəbər verir.

Bu kitabda təkcə savab əməl sahiblərindən söhbət açılmır. Elə, götürək, ömrünün 63 ilində bircə dəfə də olsun İtaliyanı görmədən, 9 yanvar 1522-ci ildən 14 sentyabr 1523-cü ilədək Roma papası vəzifəsini tutan, bu kiçik müddət ərzində belə, xoşagəlməz varvar əməlləri ilə, yerli romalıların nifrətini qazanan, onları düşmən gözündə görməklə, öz qərarlarını da həmişə insanlıq əleyhinə verən, gözlənilməz ölümüylə insanlara böyük sevinc bəxş edən, hakimiyyəti dövründə xristian dünyasını Böyük Türk Fatehi sultan Süleymandan qorumaq üçün, onun əleyhinə aparılan iyrənc siyasi fəaliyyətə yaxından dəstək verən, bu məqsədlə Alman İmperiyası, eləcə də İngiltərə və Venesiya ilə Fransa əleyhinə müqavilə imzalayan, İtaliya ərazisinin zorla kilsənin rəhbərliyi altındakı vahid hakimiyyətdə birləşdirməklə yadda qalanlar arasında olan 6-cı Adrian haqqında da maraqlı epizodlar yer alıb. Onun bu müqəddəs yerlə nə əlaqəsi olduğunu kitabdan oxumaqla bilmək daha maraqlı olardı.

Ümumiyyətlə, insanlığın Tanrı ilə andlaşmaya ehtiyacı olması zamanı belə bu müqəddəs yerlərin rolu böyük olub. Elə, kitabdakı ayrı-ayrı yazılardakı Əshabi-Kəhfin simasında bu böyüklük, eləcə də Tanrının yeri yaratması, insanları orda yerləşdirməsi, insanın günah işlətməsi və Cənnətdən qovularaq, ölümə məhkum edilməsi, bununla da Tanrıdan ayrı düşməsi də geniş təsvir olunub. Göstərilib ki, bundan sonra insanlıq daha çox günaha batıb, utanc səbəbi olan əməllər törədib və böyük tufanla cəzalandırılıb. İbrahimdən Yusifə kimi gələn əcdadlardan sonra, Tanrı insanlığı xilas etməsi üçün İsa Məsihi göndərib.

Bu süjetləri verməklə, kitabda intibah düşüncəsinə məxsus humanizmi ayrı-ayrı dini məzhəblərlə, əsasən xristianlıqla birləşdirməkdən də yan keçilməyib. Belə səhnələri bir çox yazıların süjetlərində müşahidə etmək də mümkündür.

Bir sözlə, bu və bu kimi müasir metodlu tədqiqatlarla, bu yerlərin müqəddəsliyinin o vaxtlar buralara qaçaraq pənah gətirənlərin şəxsi dini və dünya görüşlərinin artmasına necə təsir etməsini də göstərə bilmişəm. Yaradılış, qovulma və insanlığın sonrakı taleyi də bu müqəddəslikdən bəhs edən bir çox yazılarda da əsas mövzudur. Müasir tədqiqatlarla ehtimal edə bilmişəm ki, yuxarıdakı sıralama insanlığın Tanrının mərhəmətinə doğru irəliləməsini simvolizə edir".

Rövşən Novruzoğlu söhbət zamanı onu da qeyd etdi ki, turizm sahəsində Naxçıvan böyük imkanlara malik gözəl bir məkandır. O, deyir ki, bunu son vaxtlar Muxtar Respublikaya Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən səfərə gəlib, belə müqəddəs məkanları ziyarət edən minlərlə zəvvar, turist və qonaq da xüsusi vurğulayırlar: "Heç kəsə sirr deyil ki, bir vaxtın dini ayrı-seçkiliyi, məmurların özbaşınalıq təqsirləri ucbatından, burada abadlıq işləri xeyli gecikdirildi. Bunun acı nəticəsi olaraq, əhali uzun zaman əziyyət çəkdi. Onda harın məmurlar anlamaq istəmirdilər ki, qədim Naxçıvanın bu kimi tarixi abidələri və müqəddəs ziyarətgahları Azərbaycanın tarixini, mədəniyyətini dünyaya təqdim etmək üçün ideal məkandır. İndi bizim, bir vətəndaş olaraq yeganə vəzifəmiz dövlətimizin “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksində yaratdığı şəraiti qoruyub saxlamaqdan ibarətdir.

Onu da qeyd etməyi vacib bilirəm ki, bu ziyarətgahda 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə, tikinti-abadlıq işləri görüldü. O vaxtdan bəri Muxtar Respublikada tarixi-mədəni irsimizin qorunub saxlanılması istiqamətində tədbirlər davam etdirildi,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il avqustun 2-də qəbul etdiyi qərara əsasən, bura ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edildi. Ölkə başçısı möhtərəm İlham Əliyev cənabları da, dəfələrlə bu müqəddəs məkanın abadlığı ilə maraqlandı. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2006-cı il aprelin 17-də qəbul etdiyi qərara əsasən isə, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi yaradıldı. Elə, həmin ilin may ayında da, kompleksdə zəvvarların tam rahatlığını təmin etmək üçün yenidən fundamental tikinti-abadlıq işləri həyata keçirildi.

Artıq ziyarətgahın ətrafında gözəl bağ sahəsi salınıb. Maşınlar üçün dayanacağına daş döşənib. Burada inzibati binalar, qonaq evi, iki mağaza tikilib, ziyarətçilərin çətinliklə çıxdıqları “Damcıxana” və “Cənnət bağı”nadək pillələr qoyulub. Yaxınlıqdakı kəhrizdən nasos vasitəsilə ziyarətgaha içməli su, 15 kilometr məsafədən isə, elektrik xəttləri çəkilib. Təmizliyin təmin olunması üçün də lazımi bütün işlər görülüb.

İndi Naxçıvan şəhərindən 12-13 kilometr uzaqlıqda yerləşən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən heç kəs narahat geri dönmür, təəssüratları daim böyük olur.

Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin paytaxtı elan edilməsinin əsas səbəbi digər amillərlə yanaşı, həm də Muxtar Respublikada ziyarətgahların, dini-mədəni abidələrin bərpasının diqqət mərkəzində saxlanılmasıdır.

Elə, göstərdiyim səbəblərdəndir ki, bu gün Əshabi-Kəhf ziyarətgahına dünyanın müxtəlif ölkələrindən gələn insanlarda ölkəmizə böyük maraq yaranır. Burada tarixilik saxlanılmaqla, ölkə və muxtar respublika rəhbərliyinin göstərişi əsasında böyük quruculuq işlərinin görüldüyünü vurğulayan hər bir turist, bu müqəddəs məkanın çox böyük turizm potensialına, hər bir insanın diqqətini cəlb edəcək təbiətə malik olduğunu qeyd edir.

Artıq, tariximizin qədimliyini sübut etmək üçün, biz də əlimizi başımızın altına, qulağımızın dibinə qoyub boş durmamalıyıq. Bu yöndə yazılan kitablar çox olmalıdır. Hər bir araşdırmaçı elm adamı, bu istiqamətdə, vicdan çərçivəsində öhdəsinə düşəni etməlidir. Bu kitabı yazmaqla, elə başa düşürəm ki, Naxçıvan torpağının qədimliyinin tarixi və dini həqiqətlər əsasında təsdiqi üçün, mən də, nəsə xeyirli bir iş görmüşəm.

Sonda onu da qeyd edim ki, yalnız İslam dünyasının tarixi simalarının başlarına gətirilən həqiqətlər barəsində yox, həm də onların tanınan əməl ortaqlarının üzləşdikləri çətinliklər barədə də nəşrə hazırladığım bu kitabda geniş araşdırma və təhlil yazıları var. Ola bilsin, əsərdəki çoxlarının indiyədək eşitmədiyi bəzi epizodlar oxucu üçün daha təsirli olsun. Lakin hamı gec-tez hər şeyi bilməlidir. Çünki həmin tarixi həqiqətlər və tarixi şəxslərin son aqibətləri gündən-günə hamının marağını daha da artırır. Maraq həm də onda olacaq ki, Naxçıvanın qədim tarixinin əbədi heykəli olan bu ziyarətgah, təhlil və araşdırmalar əsasında, hələ indiyədək bizə məlum olmayan, görünməyən, bilinməyən və eşidilməyən tarixi həqiqətləri özünün aurasındakı çox sayda fakt və sübutlarla təsdiq edərək, bu kitabda tam üzə çıxarıb".

Müəllif sonda onu da dedi ki, "Əshabi-Kəhf" əsərinin müxtəlif dillərdə çapı da mütləqdir. Və oxucular üçün bu kitab barədə maraqlı nəsə qaldısa, istədikləri vaxt onunla 0505052500mobil telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.