Azərbaycan kəndini mühasirədən çıxaran ukraynalı əsgər - 70 erməniyə qarşı...

sosial
31-08-2015, 14:13 850
Azərbaycan kəndini mühasirədən çıxaran ukraynalı əsgər - 70 erməniyə qarşı... Bu gün bizdən çox uzaqlarda doğulan, uzaqlarını qoyub yaxınımıza gələn 24 yaşlı ukraynalı gənc hərbçinin Dağlıq Qarabağda bütöv bir kəndin azərbaycanlı əhalisini erməni vəhşiliyindən xilas etdiyi gündür.
Bu gün Qubadlının işğalının 22-ci ildönümüdür. Gör, biz nəyə ildönümü deyirik...
Oleq Yakovleviç Babak müdafiəsiz Azərbaycan xalqını xilas edib. Erməni işğalçılarının dinc azərbaycanlı ailələrinə qarşı törətdiyi dəhşətlərdə özünü Azərbaycan üçün fəda edib.
Yazıq olan gəncliyi...
Oleq Yakovleviç Babak 1967-ci ildə Ukraynada dünyaya gəlib. Onu tanıyanlar Babakı geniş dünyagörüşünə malik, əqidəli, sakit təbiətli, təmkinli, ünsiyyətə meyilli, hərbi xidmətdəki çətinliklərdən qorxmayan biri kimi təsvir edib həmişə. Məhz bu keyfiyyətləri ona rota komandirinin müavini vəzifəsini əla göstəricilərlə bitirməyə imkan verib. Babak Ali siyasi məktəbdə gənc kadr kimi yetişdiyi müddətdə yüksək mənəvi-psixoloji hazırlıq, yüksək komandir keyfiyyətləri göstərib.
Hələ kursant olduğu dövrdə dövlət tapşırıqlarının yerinə yetirilməsi üçün göndərildiyi Cənubi Qafqaz regionundakı fəaliyyəti zamanı çətin və gərgin şəraitdə düzgün qərar qəbul etməsi, üzərinə düşən işi dəqiq yerinə yetirməsi, yaxşı nəzəri bilik və fiziki hazırlıq səviyyəsi ilə özünü müsbət cəhətdən tanıdıb. Məktəbdən sonra SSRİ Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrində xidmət göstərib.
Azərbaycan üçün!!!
Ermənistanın Dağlıq Qarabağda hərbi təcavüzü başlayandan sonra Oleq Babak SSRİ daxili qoşunlarının hərbçisi kimi Azərbaycanın Qubadlı rayonuna ictimai asayişi qorumaq üçün göndərilir. Babakın yüksək peşəkarlıq səviyyəsi özünü burada da tez zamanda göstərir. Lakin Babak Qarabağda təkcə hərtərəfli hazırlıqlı hərbçi nümunəsi göstərməyib. Erməni hücumları nəticəsində yaranmış gərgin vəziyyətdə o, həm də malik olduğu ali humanist dəyərləri, yüksək insani hissləri nəinki itirməyib, əksinə, ən bariz şəkildə nümayiş etdirib.
Artıq leytenant Babak daxili qoşunların Qubadlının Yuxarı Cıbıxlı kəndi yaxınlığındakı bölməsinə rəhbərlik edir. Onun son döyüş yeri də elə bura olur. Ermənistan silahlılarının hücumları qarşısında kəndin sakinləri müdafiəsiz qalır. 1991-ci il aprelin 7-də kənd sakinlərinin ermənilər tərəfindən qətlə yetirilməsi xəbərini eşidən Oleq Babak tabeçiliyindəki hərbçilərlə hadisə yerinə yollanır. Ermənilərin dinc əhaliyə qarşı hücumlarına səssiz qala bilmir və bütün gücünü işğalçılara qarşı mübarizəyə yönəldir.
Sonuncu dəfə o, aprelin 7-də kənd sakinlərini hücumdan xilas etmək üçün 70-dən çox erməniyə qarşı döyüşüb. Vəziyyətin ən gərgin olduğu vaxtda hərbçi yoldaşlarına güllələri ona verib geri çəkilməyi əmr edir. Qeyri-bərabər döyüşdə xüsusi fədakarlıq göstərən Babak axrıncı gülləsinə kimi vuruşur. Sonda isə ermənilər tərəfindən xainliklə öldürülür. Onun silahsız olması belə erməniləri qorxudub.
Erməni silahlı quldurları o qədər azğınlaşmışdılar ki, işğalçıların daim köməyinə sığındığı Sovet rəhbərliyinin göndərdiyi hərbçiləri də məhv etməkdən çəkinmirdilər.
Dağlıq Qarabağda SSRİ qoşunlarına rəhbərlik edən rus generalı Henrix Maluşkin KİV-ə açıqlamasında xidmət dövründə ermənilərin azərbaycanlılara qarşı etdiyi hücumların təfərrüatlarından danışıb:
“1990-91-ci illərdə I Qarabağ müharibəsi zamanı keçmiş Ermənistan prezidenti Robert Köçaryanı əlində avtomat Azərbaycana qarşı vuruşan görmüşəm. Qorbaçov Qarabağda ermənilərin azərbaycanlılara qarşı etdiklərinə baxmayaraq, onlara bir dəfə də olsun xəbərdarlıq etməyib. Qarabağda komandan olduğum vaxtda ermənilər 8 sovet əsgərini öldürdülər. Öldürülənlərdən biri Oleq Babak idi. O, Qubadlının Yuxarı Cıbıxlı kəndində azərbaycanlılara hücum edən ermənlərin qarşısına çıxdığı üçün öldürüldü. Amma bu məsələlərə sovet rəhbərliyi reaksiya vermirdi”.
Oleq Yakovleviç Babak Sovet İttifaqının sonuncu qəhrəmanı olub. Ondan sonra heç kim bu ada layiq görülməyib.
Qarabağın dərdi var, dərdinə qurban olum,
Əsir düşüb min əsir, paralanıb sinəsi.