Ət niyə bahalaşır? - ARAŞDIRMA

gundem
22-02-2017, 16:23 588
Ət niyə bahalaşır? - ARAŞDIRMA

Son günlər ətin qiymətində yenidən bahalaşma müşahidə olunur.Realfakt.az APA-ya istinadən xəbər verir ki,müştərilər qiymətlərin hər gün daha da artdığını deyir.

Qiymətlərin bahalaşması qəssabları da narahat edir. Onların dediyinə görə, bahalaşmaya səbəb heyvan qıtlığıdır. Bu səbəbdən qiymətlərin getdikcə artacağını deyirlər: "Azərbaycanda mal yoxdur, xaricdən də mal gəlmir, ona görə də qiymət qalxır. Bəzi yerlərdə 12 manatdır. Allah qoysa, bir-iki günə biz də qaldıracağıq, hələ ki, 11 manatdır, amma yenidən qaldıracağıq. Alış qiyməti ilə əlaqədardır, yerində qiymət necədirsə, biz də elə satırıq. Onlar yüksəltsə, biz də məcburuq qiyməti qaldırmağa. Xaricdən mal gəlməsə, yayda da ucuzlaşmayacaq".

Əvvəllər dana əti ilə qoyun əti arasında 1-2 manat fərq var idisə, hazırda demək olar ki, qiymətlərdə cüzi fərq hiss olunur. Bəzi yerlərdə qiymət eynidir.

Bəziləri isə bahalaşmanı otun və yemin qiymətinin qalxması ilə əlaqələndirir: "Otun qıtlığındandır. Rayonda da biz bazarlarda eşidirik ki, yem bahadır. 50 qəpik-1 manat fərq var hazırda qiymətlərdə".

Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, bəzi yerlərdə qiymətlərdə artım müşahidə olunur. Ancaq bir çox yerlərdə əvvəlki qiymətlərlə satış həyata keçirilir. Onun sözlərinə görə, Azərbaycanda heyvan qıtlığı yoxdur və qiymətlərin bahalaşması mövsümi xarakter daşıyır.