XURMA -SƏHRA ÇÖRƏYİ

maraqli
10-06-2016, 14:40 3363
XURMA  -SƏHRA ÇÖRƏYİ

Etiraf edirəm: Hər xurma yeyəndə Peyğəmbər SAV-in ailəsini xatırlayıram. Hal-hazırda xurma ərəb aləmində neftdən sonra ikinci gəlir kimi qəbul edilirsə, bir zamanlar bu ərzaq növü ən kasıb təbəqənin əldə etdiyi, gündəlik yemək növü kimi tanınırdı. İndi zaman dəyişib. Xurma ən bahalı qida kimi təqdim edilən ərzaqlar sırasındadır.
Tam yetişmiş xurma «TAMRA» adlanır. Ən dadlı xurma isə təndirdə bişən xurmadır. Söhbət həcmcə böyük və tam qurudulmamış, ətli xurmadan gedir. Bəs hansı ölkədə yetişən xurmanın dadı gözəldir? ─ sualına belə cavab verərdim: «Mədinə xurması ən dadlı və ən bahalı xurma sayılır». Əksər tüccarlar «Mədinə xurması» adı altında ticarətlərini genişləndirirlər. Fəqət unutmaq lazım deyil ki, «Mədinə xurması» yalnız və yalnız Səudiyyə Ərəbistanında yetişir. Bu xurma növü Bakı şəhərində VİP brend kimi fəaliyyət göstərən BATEL dükanlar şəbəkəsində satılır. Qiymətləri isə heç də ürəkaçan deyil. Bir-iki il bundan öncəyə qədər BATEL dükanlar şəbəkəsində satılan xurmaların qiyməti 180, 200, 280, 340 manat civarında müştərilərə təqdim olunurdu. Təbii ki, bu qiymətdə olan xurmanın dadına söz ola bilməz!!! Haqqında danışılan dükanda satılan xurmaları kiloqramla deyil, qutu şəklində əldə edə bilərsiniz. Xurma ilə dolu, bəzədilmiş möcüzəli səbətlərdən ən ucuzunun qiyməti isə 950 manatdır. Bu cür səbətlər mərasimlər, xeyir işlər zamanı sifariş edilir. Toya tədarük görən və ya adi günlərdə ailə üzvlərini, dostlarını, qohumlarını.... sevindirmək məqsədi ilə hər bir kəsə, hər bir ailəyə yuxarıda adı çəkilən dükandan bazarlıq eləməyi arzulayıram. Təbii ki, mən imkanı olan kəsləri nəzərdə tuturam.
Xurmanın növləri kifayət qədər çoxdur və bu növlərə görə qiymətlər də müxtəlifdir. O xurmanın ki, qurumuş vəziyyətdə qabığı ətindən ayrılır, deməli, o, ucuz xurmadır. Düzdür, bu xurmanın da yeyilməsi məsləhət görülür, fəqət o, Mədinə, Tunis xurmasının dadını, yerini vermir. Nəzərə alsaq ki, Peygəmbərimiz S.A.V Mədinə şəhərində satılan ən ucuz xurma ilə kifayətlənib. Həmin xurma bir az solgun rəngli olub, qabığı ətindən ayrılan və üzəri sanki toz basmış şəklindədir. Zamanında çox ucuz şəkildə alıcıya təqdim edilib. Fəqət bu xurma növü indi Peygəmbərimiz S.A.V-in sevdiyi meyvə olaraq baha qiymətə, hər birinin ayrı-ayrılıqda üzəri Kəbənin rəsmi ilə bəzədilmiş kiçik salafan torbalarda çəki ilə alıcılara təqdim edilir. İkinci yerdə «Tunis xurması» dayanır ki, bu təamı da tərifləmək yerinə düşərdi. Xarici görkəmi etibarilə nazik və uzunsov şəkildədir. Dadı da nəfisdir, saqqız kimidir. Qurumur, uzun müddət qaldıqdan sonra belə təravətini itirmir. Sanki yediyin zaman dişlərə yapışır. Bəzən ərəblər xurmanın daha təravətli qalması üçün onu selamik qablara doldurub üzərinə zeytun yağı əlavə edirlər. İnsan həyatını çörəksiz təsəvvür etmədiyimiz kimi ərəblərin də həyatını xurmasız təsəvvür etmək qeyri mümkündür.
İndi isə xurmadan hazırlanmış şirniyyatlardan bir neçəsinin hazırlanma qaydası haqqında məlumat vermək istəyirəm. Bu qaydaları öz şəxsi təcrübəmə əsaslanaraq təqdim edirəm.
Birinci tərif:. Xurmanın içi doğranmış, fındıq, badam, püstə və qozla doldurulur və bişmək üçün sobaya qoyulur. Bişdikdən sonra isə üzəri doşabla bəzədilir və südlə birlikdə xəstəyə verilir. Bu cür təamlar xəstəni tez bir zamanda sağaldır və ümumən insanda yaranan ruh düşkünlüyünü aradan qaldırır.
İkinci tərif: Bir qutu xurma ət maşınından keçirilir. Bir stəkan da qoz çəkilir və hazırlanmış məhlula əlavə edilir. Daha sonra müəyyən qədər süd (hazırlanmış kütlə nə qədər çəkirsə, o qədər), bir az da darçın həmin kütləyə əlavə edilir və yaxşıca qarışdırılır. Sonra ümumi kütlədən kiçik-kiçik kündələr hazırlanır. Kənarda qara şokolad sürtgəcdən keçirilir və hazırlanmış kündələr şokolada batırılır və desert kimi süfrəyə verilir. Şokoladı üyüdülmüş qozla da əvəz edə bilərsiniz. Onu da qeyd eləmək istəyiriəm ki, süfrəyə verilərkən hazırladığınız kündələri kağızdan hazırlanmış xüsusi keks qabına qoyub təqdim etsəniz, süfrəyə əlavə bir gözəllik bəxş edərsiniz.
Üçüncü tərif: Bir stəkan xurma tumundan ayrılır. Yağla qızdırılmış tavaya tökülür və o üz, bu üz qızardılır. Daha sonra iki ədəd yumurta qaba çırpılır və ona bir az darçın əlavə ediliərək xurmanın üzərinə tökülür. Hazır olduqdan sonra üzəri xırda şəkildə doğranmış qozla bəzədilir. Bir az bizim qədim milli yeməklərimizdən biri olan qaysavaya oxşayır. Bəllidir ki, qaysava tumlu ərikdən hazırlanır. Bu yemək gün boyu adamı tox saxlayır və acmağa qoymur.
P.S 1. Təqdim etdiyim məlumatlar maraq dairəmdən doğan fikirlərdir və şəxsi təcrübəmdə istifadə etdiklərimdəndir.
P.S 2. Etiraf edirəm ki, xurmadan hazırlanmış doşabın dadı başqa doşablardan çox-çox fərqlənir. Mən, digər doşablar deyəndə əsasən tut doşabını nəzərdə tuturam. Yeyin, ondan sonra dadını, fərqini özünüz görəcəksiniz. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, işdir, birdən ürəyiniz xurma doşabı istəsə, unutmayın ki, ərəb istehsalı olan xurma doşabı çox çətinliklə əldə edilir və baha başa gəlir. İran istehsalı olan xurma doşabını isə daha insaflı qiymətə almaq mümkündür və heç də ərəb istehsalı olan xurmadan geri qalmır. Bizə yalnız bu Ramazan ayında «SIZƏ NUŞ OLSUN» demək qalır.


Xatirə Abdullayeva
Filologiya üzrə fəlsəfə doktoru, dosent