Mayisə Əsədullaqızının şeirləri

yazarlar
6-06-2016, 13:44 3521
Mayisə Əsədullaqızının şeirləri

BƏLKƏ BİR YAY AXŞAMI

Bəlkə, bir yay axşamı,
Ruhumu oxşayasan.
Sınsın həsrətin əli,
Yenə də söyləyəsən.
“Ey gözəllər gözəli”
Bəlkə bir yay axşamı,
Qadasını aldığım,
Bakı bağlarındaca
Könlümü oxşayasan...
Baxasan varaq-varaq,
Qumaş qumlu sahildə.
Tufanda birgə olsaq,
İnan təsir eləməz,
Mənə nə qar, nə sazaq.
...Bəlkə bir yay axşamı,
Ləpələrin döydüyü,
Sahildə qoşa gəzək,
Sevgini nuş eyləyib,
Həsrətin izin əzək!
Gecə ay işığında,
Qumaş qumun üstündə.
Həsrəti pərən salaq,
Pisləri edək yasaq.
...Bəlkə bir yay axşamı,
Qadasını aldığım,
Bakı bağlarındaca,
Deyək şeiri, qəzəli.
Unudasan özünü,
İxtiyarsız deyəsən
“Nə yaxşı ki, sən varsan,
Ey gözəllər, gözəli”.
**********



DÖYƏCƏM SƏNİN QAPINI

Bir gün xəbər eləmədən,
Döyəcəm sənin qapını.
Gizli olan məhəbbətə,
Heyran qoyacam hamını.
İki sevən qovuşacaq,
Ürəkdə sevgi daşacaq.
Alov kimi alışacaq,
Həsrətin bitən zamanı.
Ruhuma olmusan qida,
Ürəkdə qopur min nida.
Allah, nədir bəs bu sevda?!
Unudub, pisi, yamanı,
Heyran qoyacam hamını.
Döyəcəm sənin qapını!




DÖZMƏYƏ SİRDAŞ GÖTÜR


Ağrı təkcə çəkilməz,
Gəl məni yoldaş götür.
Qəlbini ovutmağa,
Dözməyə sirdaş götür.

Bilirəm, çoxdur qəmin,
Tanrı verdi sitəmin.
Bitsə gözündə nəmin,
Gözlərimdən yaş götür.


Dərdini ovutmağa,
Ağrını unutmağa.
Qəlbinə bağlamağa,
Ürəyimdən daş götür.

Ağrı təkcə çəkilməz,
Gəl məni yoldaş götür.
Qəlbini ovutmağa,
Dözməyə sirdaş götür.