Erməni general: "Rəhbərlərimiz bizim bədbəxtliyimizdir"

maraqli
24-05-2016, 14:36 1131
Erməni general: "Rəhbərlərimiz bizim bədbəxtliyimizdir"
"Bütün ermənilərə səslənərək deyirəm ki, yetər bu qədər zəif, mağmın oldunuz. Orduya yemək, paltar yollamaq gərək deyil. Ön cəbhədə duran əsgəri düşünmək gərəkdir. Əsgərin təminatını yaxşılaşdırmaq lazımdır"
Dağlıq Qarabağdakı separatçı rejimin funksionerlərindən biri, general-mayor Vitali Balasanyan "Ararat TV" televiziya kanalına verdiyi müsahibəsində Ermənistan rəhbərliyini, xüsusilə də prezident Serj Sarkisyanı, habelə erməni məmurları və siyasətçiləri sərt tənqid edib.
Milli.Az bildirir ki, V.Balasanyanın fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasındakı "dördgünlük müharibə"ni bu terminlə səciyyələndirmək düzgün deyil: "Dağlıq Qarabağda hərbi əməliyyatlar indi başlamayıb, yaxın vaxtlarda da başa çatan deyil. Müharibə illər əvvəl başlanıb və indi də davam edir. Bundan sonra müharibə olmayacağına kimsə təminat verə bilməz. Ona görə "dördgünlük müharibə" ifadəsi yanlışdır".Dağlıq Qarabağdakı döyüşlərdə xüsusi amansızlığı və cəlladlığı ilə fərqlənmiş, buna görə də sonradan general-mayor rütbəsi almış V.Balasanyan deyib ki, ermənilər yerlərində durmamalıdırlar.
"Azərbaycana qarşı var qüvvəmizlə vuruşmalı, Kür çayına qədər olan ərazilərin hamısını ələ keçirməliyik. Yeri gəlsə, rayon mərkəzlərini də vurmalıyıq. Qoy Azərbaycan gücümüzü, nəyə qadir olduğumuzu görsün", - V.Balasanyan söyləyib.
O daha sonra Ermənistan hakimiyyətini və Dağlıq Qarabağdakı separatçı rejimin liderlərini erməni millətinə xəyanətdə, laqeydlikdə, yalnız öz maraqlarını güdməkdə suçlayıb.
"Səngərdə duran, mövqelərdə olan əsgərlərim yorğun, yarıacdır. Amma Ermənistanda məmurlar, deputatlar, nazirlər lüks villalarda yaşayırlar, yüz minlərlə dollarlıq maşınlarda gəzirlər. Bilirsiniz, niyə uduzduq?! Çünki rəhbərlərimiz xalqı düşünmürlər. O rəhbərlərin ailələri cəbhə bölgəsində, atışmaların, bombardmanların olduğu yerlərdə yaşasaydılar, belə olmazdı. Nazirin, oliqarxın və ya deputatın ailəsi Madagizdə, Talışda yaşasaydı, heç hərbi əməliyyatlar da başlanmayacaqdı. Axı onlar ailələrinin güllə-bomba yağışı altında qalmalarını istəməzdilər, yox?! Nə vaxtadək ki Ermənistan prezidenti gəlib buradakı ermənilərin halı ilə maraqlanmayacaq, onların dərdlərindən hali olmayacaq, bu prezidentdən yaxşı heç nə gözləməyə dəyməz. Ermənistan prezidenti Serj Sarkisyan və onun nazirlərinin, deputatların və Ermənistandakı məmurların əksəriyyəti əslən Qarabağdandır. Amma onların hamısının ailələri rahat məkanlarda yaşayır, kef, cah-cəlal içində ömür sürürlər. Onlar əsgəri, o əsgərin ata-anasını çoxdan unudublar", - V.Balasanyan deyib.
V.Balasanyanın sözlərinə görə, Ermənistanda və Dağlıq Qarabağda uşaq bağçaları, məktəblər, klublar, restoranlar, əyləncə mərkəzləri tikmək əvəzinə, cəbhə xətti möhkəmləndirilməli, mövqelər gücləndirilməlidir.
Daha iki erməni general qovulacaq
"Erməni əsgərlərin mövqeləri betondan olmalıdır ki, bombardmanda həlak olmasınlar. Bunun üçün gərəkli vəsaiti də asanlıqla tapmaq olar. Qoy Serj Sarkisyan və adamları bahalı villalarda yaşamasınlar, bahalı maşınlar sürməsinlər. Qoy nazirlər və deputatlardan o villalar, maşınlar alınıb satılsın, pullar da müdafiənin gücləndirilməsinə xərclənsin. Qoy o adamlar əsgərin yediyi yeməkdən yesinlər. Belə olmalıdır. Yoxsa heç nə alınmayacaq. Uşaq bağçaları da lazımdır, amma indi yox. Çünki təhlükəsizliyini, müdafiəsini təmin edə bilməyəcəyimiz uşaqlarımız daim təhlükədə olacaqlar", - V.Balasanyan söyləyib.
Erməni general daha sonra bildirib ki, "dördgünlük müharibə"dəki məğlubiyyətin, itkilərin hesabını Ermənistan prezidenti və onun Dağlıq Qarabağdakı "nümayəndəsi" də verməlidir: "Baxın, o döyüşlərdə həlak olanlar mükafatlandırıldılar.
Siyahı açıqlandı. Bu, yaxşı işdir. Amma iki siyahı olmalıydı. Bir siyahıda mükafatlandıranlar, digər siyahıda isə bu qədər ağır itkilərimizin, mövqelərimizdən geri çəkilməyimizin, əraziləri itirməyimizin səbəbkarlarının adları yazılmalıydı. İkinci siyahı olmadı, olan da deyil. Halbuki Ermənistan prezidenti, nazirlər, deputatlar - kim olursa-olsun, əməlinə görə cavab verməlidir. Mənim nəslim döyüşdü. İndi oğullarımız səngərdədir. İnanın ki, nəvələrimin də döyüşməsini istəmirəm. Bəlkə, rəhbərlərimiz istəyir - amma mən istəmirəm. Düşünürəm ki, heç bir normal erməni də bunu istəmir".
V.Balasanyanın bu müsahibəsi əvvəl Dağlıq Qarabağda, sonra Ermənistanda çox böyük reaksiyaya səbəb olub. Ermənistanın aparıcı kütləvi informasiya vasitələri, xüsusilə də ermənilər arasında populyar olan saytlar həmin müsahibənin videoxülasəsini yayandan sonra S.Sarkisyan iqtidarı sinirlənib və videonun silinməsni tələb edib.
Saytlar həmin videonu silmişdilər. Lakin iki həftədən sonra yenidən video yayılıb və bu dəfə "Sarkisyan senzurası" sosial şəbəkələrdən tutmuş, bloqralaradək ən müxtəlif resurslarda paylaşılan müsahibəni yasaqlaya bilməyib.