Gürcüstanın İrandan təbii qaz alması mümkün görünmür

arasdirma
7-01-2016, 05:56 992
Gürcüstanın İrandan təbii qaz alması mümkün görünmür “Əgər bu, ona görə edilirsə ki, SOCAR-a təzyiq göstərilsin, bu doğru siyasət deyil”.
Rəsmi Tehran Gürcüstana təbii qaz ötürmək üçün bu ölkə ilə danışıqlara başlayıb. İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əlirza Kamilinin sözlərinə görə, İran Ermənistan vasitəsilə Gürcüstana 8-15 milyon kub metr həcmində qaz nəqlinə hazırlaşır.
ANS TV-nin Gürcüstan bürosunun məlumatına görə, Gürcüstanın Energetika Nazirliyi bildirib ki, hazırkı mərhələdə İran tərəfilə təbii qazın alışı barədə konkret razılaşma yoxdur. Amma rəsmi açıqlamada Gürcüstanın uzunmüddətli sabit və davamlı qazla təminatı üçün bölgədəki bütün qaz təchizatçıları ilə müzakirələrə davam edəcəyi bildirilir.
Bununla bele bir çox şərhçilər kimi “Gürcüstanın İnkişafının Tədqiqatı İnstitutu”nun sədri Qia Xuxaşvili də sözügedən nəqlin texniki və digər səbəblərdən mümkünsüz olduğunu düşünür:
“Bildiyimiz kimi İrandan Ermənistanın Razdan İstilik Elektrik Stansiyasını qazla təmin edən boru var. Bu boru 700 mm-likdi, yəni tranzit üçün deyil. Bu boru ilə Gürcüstan üçün əlavə qaz ötürmək əlbəttə ki, heç cür alınmayacaq. Əgər deyilsə ki, Rusiyadan gələn magistral qaz xətti revers sistemdə, yəni əks istiqamətdə işləyəcək, bu da nəzəri cəhətdən uydurmadan başqa bir şey deyil”.
Energetika naziri Kaxa Kaladze həm də bəyan etmişdi ki, İrandan təbii qaz alışını inkar etmir. Əgər rəsmi Tehran rəqabət qabiliyyətli qiymət təklif edərsə.
Müsahibimiz Qia Xuxaşvili Gürcüstan hökumətinin bu planlarının da anlaşılmaz olduğunu deyir:
“Əgər bu, ona görə edilirsə ki, SOCAR-a təzyiq göstərilsin və o məcbur edilsin ki, əlavə endirimlər də etsin, mən düşünürəm ki, dostlar və tərəfdaşlara qarşı bu doğru siyasət deyil”.
Qia Xuxaşvilinin sözlərinə görə, Gürcüstanda böyük sosial öhdəlikləri olan SOCAR qiymət məsələsində danışıqlardan heç zaman boyun qaçırmayıb.
Hətta müharibə zamanı SOCAR-ın öz zərəri qarşılığında Gürcüstan üçün strateji qaz ehtiyatları ayırdığını deyən iqtisadçı bu şirkətin qismində Azərbaycana təzyiq göstərməyin uzaqgörənlik olmadığını düşünür.
“SOCAR-Georgia”da isə İranın Ermənistan üzərindən Gürcüstana təbii qaz tədarükünü normal qiymətləndirilər.