Ramilə Qurbanlı “33 pərdəli dram”ını təqdim edib

medeniyyet
29-11-2015, 11:42 1181
Ramilə Qurbanlı “33 pərdəli dram”ını təqdim edib Modern.az xəbər verir ki, Milli Dram Teatrında keçirilən tədbirdə ictimai, siyasi, mədəniyyət, ədəbiyyat xadimləri, jurnalistlər iştirak edib.
Təqdimat mərasimində çıxış edən tanınmış simalar “Azdrama”nın bədii rəhbəri-baş rejissoru, xalq artisti Azər Paşa Nemət, xalq yazıçısı Çingiz Abdullayev, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov, Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, xalq artisti Fuad Poladov, yazıçı-dramaturq Əli Əmirli və digər şəxslər məşhur sənət adamlarının həyat və yaradıcılığına həsr olunmuş “33 pərdəli dram” kitabının çapını yüksək qiymətləndiriblər.
Tədbir iştirakçıları kitabın Azərbaycan mədəniyyəti və ədəbiyyatının təbliğatında ciddi rol oynayacağını vurğulayaraq, müəllifin bu sahədəki araşdırmalarının xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.
Xatırladaq ki, “33 pərdəli dram” kitabında R.Qurbanlının vaxtilə mətbuatda çap olunan portret yazıları yer alıb.
Səyavuş Aslan, Telman Adıgözəlov, Yaşar Nuri, Kamal Xudaverdiyev, Həsənağa Turabov kimi dünyasını dəyişmiş sənətkarların portretləri həm peşəkarlar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabda Rasim Balayev, Fuad Poladov, Mehriban Zəki, Ramiz Novruz, Nurəddin Mehdixanlı haqqında olan sanballı materiallar da yer alıb. Adı çəkilən və çəkilməyən sənətkarların həm yaradıcılığı, həm də şəxsi həyatları barədə kitabda dolğun məlumatlar var, bir sözlə, oxuduqca onların tam portretlərini göz önündə canlandırmaq mümkündür.
“33 pərdəli” dram kitabına mədəniyyət aləminin tanınmış imzaları Azər Paşa Nemət və İlham Rəhimli ön söz yazıblar.
Kitab iki hissəlidir və hələlik birinci hissə çıxıb. İkinci hissədə Üzeyir bəy Hacıbəyli, Sabir Əhmədli, Tahir Salahov, Əzizə Cəfərzadə, Elza İbrahimova kimi böyük şəxsiyyətlər haqqında portret yazılar toplanıb.
Müəllif kitabın ərsəyə gəlməsində göstərdiyi köməyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Yaradıcılıq Fonduna təşəkkürünü bildirib.