Tiflisdə Azərbaycan Dram Teatrı bərbad vəziyyətdədir

medeniyyet
4-11-2015, 09:41 1048
Tiflisdə Azərbaycan Dram Teatrı bərbad vəziyyətdədir Teatr, 40 nəfərlik tamaşaçı tutumuna malik kiçik bir otaqda yerləşir.
Tiflis Dövlət Azərbaycan Dram Teatrı bərbad vəziyyətdədir. Buna rəğmən məşqlər də gedir, tamaşalar da qoyulur. Bəs əlaqədar qurum bununla bağlı nə fikirdədir?
Tiflis Dövlət Azərbaycan Dram Teatrın yaradıcı kollektivi bildirib ki, Litvada keçirilən teatr festivalında oynadıqları Çexovun “Ayı” tamaşası Azərbaycan dilini anlamayan avropalı tamaşaçı tərəfindən böyük maraqla qarşılanıb.
Hazırda isə aktyorlar həmin tamaşanı Tiflisdə yerli teatrsevərlər qarşısında oynamaq üçün məşqlər edirlər.
Səhnəsi olmayan teatr, 40 nəfərlik tamaşaçı tutumuna malik kiçik bir otaqda yerləşir.
Teatrın əsl səhnəsi isə illəridir ki, aktyor nəfəsinə, tamaşaçı alqışına həsrət qalıb. Sənəd üzərində 4 min kvadrat metr, reallıqda isə dövlət tərəfindən binanın ticarət obyektləri və fərdi yaşayış üçün verilən ərazilərindən sonra 700 kvadrta metr sahəsi qalan teatr, sanki daima son nəfəsində olan obrazı canlandırır.
“40 nəfərlik kiçik səhnədə biz tamaşalarımızı hazırlayırıq. Elə olur ki, tamaşalarımız da burda olur. Əksər hallarda tamaşalarımız başqa-başqa teatrların səhnəsində oynanılır. Təəssüflər olsun ki, tamaşalarımız da 2 - 3 dəfə oynuyuruq, sonra dayanır”, – deyə Turqay Vəlizadə bildirib.
“Baxmayaraq ki, şərait çox bərbaddı, səhnəmiz yoxdu, bizim kollektiv canla-başla yenə də işliyir. Və çalışır ki, Gürcüstanda olan Azərbaycan incəsənətini yaşatsın. Trubbamız çox kiçikdi, yəni 12 aktyorumuz var, onlar da teatrı çox sevdikləri üçün, sırf teatra çox bağlı olduqları üçün teatra gəlillər, işliyillər. Onların maaşları da çox azdı”, – deyə aktrisa Leyla Qasımova vurğulayıb.
Teatrın hansı səbəbdən illərdir bu vəziyyətdə qalması ilə bağlı Gürcüstan Mədəniyyət və Abidələrin Mühafisəzi Nazirliyində konkret cavab ala bilməsək də öyrəndik ki, teatr nazirliyin nəzarətindədir və nə vaxtsa, onun da yaşadığı aqibət gündəmə gələcək.
Nəzərə alsaq ki, sözügedən teatr Gürcüstanda yeganə Azərbaycan teatrı olaraq müxtəlif millətlərin yaşadığı yad ölkədə, və ya yarım milyona yaxın yerli soydaşımız üçün doğma sayılacaq məmləkətdə xalqımızın mədəniyyətinin nümayişi ilə məşğuldur.
Bu mədəniyyət ocağının qol-qanad açması kimlərinsə, ürəyincə olmaya bilər. Amma bir xalqın başqaları içərisində mədəniyyətini səhnəyə qoymaqla onun keçmişini, bugününü və gələcəyini tanıtmasına ilk öncə biz özümüz şərait yaratmalıyıq.
Azərbaycan peşəkar teatrının yarandığı vaxtdan bu yana, yəni 143 ildir fəaliyyət göstərən Tiflis Dövlət Azərbaycan Dram Teatrını bu gün bu aqibətdə görmək insana həm ürəkağrıdıcı, həm də utancverici hisslər yaşadır.