Əməkdar artistdən üzücü xəbər

medeniyyet
22-10-2015, 09:43 1095
Əməkdar artistdən üzücü xəbər Dili tutulan Gülnar Salmanova oğlu tərəfindən xəstəxanaya yerləşdirilib.
Səhhətində ciddi problemlər olan Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanovanın halı pisləşib.
Teatrşunas Əjdər Dadaşovun verdiyi məlumata görə, dünən saat-22:00 radələlərində əməkdar artistin vəziyyəti ağırlaşıb. Gülnar Salmanova övladı Elçin tərəfindən 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin ilkin tibbi müayinəsinə görə, əməkdar artist Gülnar Salmanova daxili qanaxma keçirib.
Oktyabrın 19-da Gülnar Salmanovanın vəziyyəti lap ağır idi. 3 gün idi ki, nəzarətdə olub. Həkimlər lazımi köməkliyi edirlər. Əməkdar artistin dili tutulub, danışa bilmir.
Xərçəng və şəərli diabetdən əziyyət çəkən Gülnar Salmanovanın vəziyyəti bir neçə ildir ki, ağırdır. Hələ ötən il əməkdar artist evində huşsuz vəziyyətdə tapılmışdı.
Gülnar Salmanova - Azərbaycanın əməkdar artisti
Belə ki, Nərimanov rayonu, Arif Heydərov küçəsi, bina 21-də yaşayan sənətkarın qəfildən ürək ağrısı tutub və yerə yıxılıb. Bu zaman o, evdə tək olub. Hamamdan yataq otağına keçmək istəyən aktrisa, hadisə zamanı oğlu ilə telefonla danışırmış. Bir neçə saat mənzildə huşunu itirmiş vəziyyətdə qalıb.
Hadisədən xəbər tutan oğlu dərhal qonşuluqda yaşayan aktrisa Kübra Əliyevaya ilə əlaqə saxlayıb və kömək etməsini xahiş edib. O, isə mənzilin qapısını aça bilmədiyindən FHN-nin xüsusi riskli xilasetmə xidmətini köməyə çağırıb. Mənzilin pəncərəsinin dəmir çərçivəsi kəsilərək içəri daxil ola biliblər. Qapını açmağa müvəffəq olublar. Dərhal təcili tibbi yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilib.
Gülnar Salmanova çölə çıxa bilmirmiş. Ona görə də ona elə qonşuları yardım edirmiş. Hər halda, ömrünü sənətə həsr etmiş bu xanımı tək buraxmayaq.
"İç xəbər"in Gülnar Slamanova haqqında ötən ilki reportajı
Gülnar Salmanova 1956-cı il iyulun 24-də Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə oğlu dünyaya gəlib. 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Artisti fakültəsini bitirib.
Həmin ildən Musiqili Komediya Teatrında işləyir. Aparıcı səhnə ustasıdır. Güclü və məlahətli soprano səsə malikdir. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edir.
Onun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.
2001-ci ildə əməkdar artisti fəxri adına layiq görülüb. 2015-ci il mayın 6-da Prezident Mükafatına layiq görülüb.