"Anadolu" bir söz, Təhsil Nazirliyi başqa söz deyir - Arada isə tələbələr qalıb ortalıqda

tehsil
20-10-2015, 15:24 1258
 "Anadolu" bir söz, Təhsil Nazirliyi başqa söz deyir - Arada isə tələbələr qalıb ortalıqda Anadolu Dövlət Universitetində Azərbaycandan distant formada təhsil alan tələbələrin narazılıqları ilə bağlı xəbər vermişdik. Tələbələr “Anadolu Vizyonu Kurs Dəstək və Turizm Sənaye Ticarət Anonim Şirkəti”nin bir neçə il distant təhsil adı ilə onlardan xeyli miqdarda pul alması, sonda isə onlara verilən diplomların Azərbaycanın Təhsil Nazirliyində nostrifikasiya (diplomların tanınması) olunmadığından narazılıqlarını ifadə ediblər. (Bax: “Anadolu” məhkəmə qərarını saymadı – Universitetə yenə qanunsuz qəbul keçirilib)
Tələbələr kursda qalıb, ancaq illərlə təhsil haqqı ödəyib
Türkiyə Respublikasının “Anadolu Vizyonu Kurs Dəstək və Turizm Sənaye Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin müdiri Ömər Dönməz İbrahim saytımıza ünvanladığı məktubunda öncə məhkəməyə müraciət edən tələbələrlə bağlı bəzi məsələlərə aydınlıq gətirib: “Aparılan araşdırma zamanı müəyyən edilib ki, Ceyhun Qədimov 2009-2010-cu tədris ilində Anadolu Dövlət Universitetinə distant təhsil üzrə “İşlətmə” fakültəsinə daxil olub. 2013-2014-cü tədris ilinə qədər təhsil alsa da, 4 il ərzində 1-ci kursu başa vura bilməyib. 2014-cü ildən passiv tələbədir, yəni təhsilini oxuya bilməməsi səbəbindən 2014-cü ildə dondurub. C.Qədimov təhsil aldığı müddətdə təhsil haqqını “Avrasiya İnnovasiya İnstitutu” İctimai Birliyinin tərəfdaş qurumu vasitəsi ilə ödəyib. Onun “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə hüquqi müstəvidə heç bir əlaqəsi olmayıb”.
Digər tələbə Məhəmməd Əskərova gəlincə, Ömər Dönməz İbrahim bildirib ki, o, 2014-2015-ci tədris ilində Anadolu Dövlət Universitetinə distant təhsil üzrə “Konaklama işlətməciliği” fakültəsinə daxil olub və qeydiyyatdan keçərək təhsil haqqını şəxsən özü bank vasitəsi ilə Anadolu Dövlət Universitetinin müəyyən etdiyi xaricdəki hesabına ödəyib: “Onun da göstəriciləri qeyri-kafidən də aşağı olub. I kursu başa vura bilməyib. Bizə müraciət edən çoxsaylı tələbələr bildirirlər ki, belə 2-3 “tələbənin” Anadolu Dövlət Universitetində Azərbaycanda yaşayan Türkiyə, Azərbaycan və digər ölkə vətəndaşları olan biz tələbələrin adından danışmalarına heç kim səlahiyyət verməyib. Onlar buna görə C.Qədimovun və M.Əsgərovun bu əməllərinə hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət edəcəklərini bildiriblər”.

Ticarət və təhsil bir arada?
Ö.D.İbrahim Azərbaycandan distant formada təhsil alanlarların ancaq Azərbaycan vətəndaşları deyil, digər xarici ölkələrin vətəndaşlarının da olduğunu vurğulayıb. Şirkətin ölkəmizdəki fəaliyyətinə gəlincə, müdir bunları deyib:“Türkiyə Respublikasının “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, adından da göründüyü kimi, ticarətlə məşğul olan bir qurumdur. Şirkət bir ildir fəaliyyətə başlayıb. 30.09.2014-cü il tarixindən Vergilər Nazirliyində qeydiyyata alınıb, kommersiya təşkilatıdır, yəni təhsil müəssisəsi deyil. Təhsil müəssisəsinin fəaliyyəti ilə məşğul olmur, Türkiyə Respublikasının Anadolu Dövlət Universitetinə heç bir təşkilatı, struktur bağlılığı yoxdur və Azərbaycan Respublikası ərazisində Türkiyə Respublikasının Anadolu Dövlət Universitetinə tələbə qəbulu imtahanı keçirmir. İmtahanları Türkiyənin Anadolu Dövlət Universiteti özü həyata keçirir. Məlumat üçün onu da bildiririk ki, bilavasitə Anadolu Dövlət Universitetinin fəaliyyəti ilə bağlı heç bir iddia və məhkəmə qərarı olmayıb”.
Ö.D.İbrahim qeyd edib ki, 2009-cu ildən başlayaraq Türkiyə Cümhuriyyətinin Prezidenti yanında Ali Təhsil Şurasının (YÖK) müvafiq qərarı ilə Azərbaycanda yaşayan Türkiyə, Azərbaycan və digər ölkə vətəndaşlarına da Anadolu Dövlət Universitetində distant təhsil almaq imkanı yaradılıb. Şirkət müdiri rəhbərlik etdiyi qurumun yalnız bu imkandan yararlanan gənclərın təhsillərinə əlavə texniki dəstək vermək, videokonfrans bağlantısı qurulmasına və. s. kömək etmək məqsədilə müvafiq protokollara uyğun olaraq texniki xidmətlər göstərdiyini deyib.
Qeyd edək ki, anoloji iddia ilə 21 avqust 2015-ci il tarixdə Bakı şəhər Binəqədi Rayon Məhkəməsində baxılaraq qəbul edilən qərardad, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2015-ci il tarixli Qərarı ilə ləğv edilib.
Təhsil Nazirliyi suni maneə yaradır
Anadolu Dövlət Universitetində distant təhsil alan tələbələrinin diplomlarının tanınmamasına gəlincə, Ö.D.İbrahim bunu TN-nin onlardan əlavə sənədlər tələb etməsi ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilən “Ali təhsil pilləsinin bakalavr və magistir səviyyəsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nda təhsilalma formaları müəyyən olunmayıb. Bu sənədlərin təhsilalma formasından asılı olmayaraq tanınması Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifkasiyası) Qaydaları”na əsasən tənzimlənir.

Bu qaydalara görə, ali təhsil sahəsində ixtisasların tanınması barədə müraciətə üç sənəd - ali təhsil haqqında sənəd, dövlət rüsumunun ödənilməsi barədə qəbz, tədris olunmuş fənnlər, onların həcmi, alınmış yekun qiymətlər, təcrübə, kurs və buraxılış işlərinin nəticələri və tədris prosesini təşkil edən digər göstəricilər qeyd olunmaqla ali təhsil haqqında sənədə əlavələr qoşulmalıdır. TN-nin rəsmi saytında isə digər sənədlərin də təqdim olunması tələb olunur. “İnzibati icraat haqqında” qanunla isə qanunvericilikdə nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edilə bilməz.
Çoxsaylı suallara qısa cavab
Hüquqlarının tanınmasını istəyən tələbələrin haqlı narazılıqlarına aydınlıq gətirmək və gələcəkdə yaranacaq bu tipli problemlərin qarşısını almaq məqsədilə TN-ə aşağıdakı sualları ünvanladıq:
1. Həmin şirkətin ölkəmizdə fəaliyyəti qanunidirmi, yəni lisenziyası varmı?
2. Anadolu Dövlət Universiteti ilə Təhsil Nazirliyinin razılaşması və ya tələbə qəbulu ilə bağlı hər hansı müqaviləsi varmı? Onun diplomları Azərbaycanda tanınırmı?
3. Diplomların tanınması məsələsi necə və hansı qanunverici baza əsasında tənzimlənir?
4. Anadolu Dövlət Universitetində distant təhsil alan tələbələr Nazirliyə müraciət ediblər. Onlara nə cavab verilib?
5. Azərbaycan vətəndaşlarının xaricdə təhsili və distant təhsil almaları necə tənzimlənir? Onların diplomları tanınırmı?
6. Qeyri-qanuni və lisenziyasız fəaliyyət göstərən xarici təhsil müəssisələrinin işini dayandırmaları üçün hansı addımlar atılıb?
7. Əldə etdiyimiz məlumatlara görə, TN adıçəkilən şirkətə xəbərdarlıq edib, lakin ona məhəl qoyulmayıb. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilibmi?
8. Adıçəkilən şirkət və bu kimi müəssisələrlə bağlı hansı tədbirlər görüləcək?
Ancaq Nazirliyin bu suallara cavabı çox qısa olub. TN-nin QHT-lərlə və ictimaiyyətlə əlaqələr sektorundan bildiriblər ki, “Təhsil haqqında” qanunun 16.1-cı maddəsinə əsasən, Azərbaycan Respublikasında hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) almalıdır: “Həmin qanunun16.5-ci maddəsinə görə, Azərbaycan Respublikasında hüquqi şəхs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə хüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya оlunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Anadolu Universitetinin Azərbaycandakı nümayəndəliyinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməyib”.
Nazirlik məlumat verməklə kifayətlənir
TN qanunsuz fəaliyyət göstərən şirkətlərin və təhsil müəssisələrinin işi barədə ictimaiyyətin məlumatlandırılmasına da toxunub: “Türkiyənin Anadolu Universitetinin nümayəndəliyinin Bakı şəhərində qiyabi və distant təhsil formasında lisenziya almadan qanunsuz təhsil fəaliyyəti barədə ötən illərdə və hazırkı dövrdə vətəndaşlara dəfələrlə məlumat verilib. Bununla yanaşı ötən illərdə bu barədə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyi və Anadolu Universitetinin rəhbərliyi də məlumatlandırılıb”.
Belə bəlli olur ki, TN vətəndaşların aldadılması, qeyri-qanuni təhsil fəaliyyəti ilə məşğul olanlarla mübarizə aparılması kimi məsələlərə ciddi yanaşmır. Özlərinin də dediyi kimi, ticarət fəaliyyəti ilə məğul olan “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”nin hər hansı tələbənin bilik səviyyəsini müəyyən etməsi, təhsil haqqı toplaması, imtahanlar keçirməsinin hansı qaydalara əsaslanması, illərlə kursda qalan tələbənin təhsil müəssisəsindən xaric edilməməsi kimi məsələlər yenə də açıq qalır.
İllərdir davam edən məhkəmə prosesləri də aldadılan vətəndaşların sayının heç də az olmadığını göstərir. Bir çox suallar açıq qaldığından problem də yerində sayacaq. Vətəndaşlara isə ancaq diqqətli olmağı, ən azından Anadolu Dövlət Universitetinə qəbul aparan şirkətlərə müraciət etməməyi tövsiyə edirik.