Ehtiram Hüseynov Naxçıvanda bir ilkə imza atacaq

medeniyyet
2-10-2015, 12:05 1208
Ehtiram Hüseynov Naxçıvanda bir ilkə imza atacaq Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, tanınmış muğam ifaçısı Ehtiram Hüseynov oktyabrın 10-da Naxçıvan şəhərində solo-konsertlə çıxış edəcək.
Şəhərin Heydər Əliyev Sarayında baş tutacaq böyük konsert proqramına bir sıra muğam və təsniflər daxil edilib. Muğam ifaçısı hələlik proqramın detallarını açıqlamaq istəməsə də “Region Plus”a müsahibəsində bildirib ki, konsert bir çox yeniliklərlə yadda qalacaq.
“Proqram haqqında indidən heç nə demək istəmirəm. Lakin məxsusi olaraq Naxçıvan üçün hazırladığımız kompozisiyalar var. Bundan başqa, ilk dəfə olaraq bir tələbəm də mənimlə eyni səhnədə çıxış edəcək”,- deyə E. Hüseynov bildirib.
Konsertdə onu tarda və kamanda əməkdar artistlər Malik və Elşən Mansurov qardaşları, nağarada əməkdar artist Kamran Kərimov, bəm nağarada isə Üsaməddin Əzizov müşayiət edəcək.
“Mənim üçün böyük fəxrdir ki, Ulu Ondərin adını daşıyan bir sarayda solo konsert verirəm”,- deyən E. Hüseynov muğam sənətinin inkişafına və beynəlxalq aləmdə təbliğinə verdikləri dəstəyə görə Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirib. Onun sözlərinə görə, ötən il elə həmin sarayda digər tanınmış həmkarları ilə birlikdə konsert proqramıyla çıxış edib və Naxçıvanda muğama böyük marağın şahidi olub.
Xatırladaq ki, oktyabrın 10-da Naxçıvanda keçiriləcək konsert Ehtiram Hüseynovun ötən ilki Bakı konsertindən sonra ikinci böyük solo layihəsidir.