XİN: BMT-nin Ali komissarının Azərbaycanda insan hüquqları ilə bağlı fikirləri sifarişli və qeyri-obyektivdir

siyaset
9-09-2015, 14:00 917
XİN: BMT-nin Ali komissarının Azərbaycanda insan hüquqları ilə bağlı fikirləri sifarişli və qeyri-obyektivdir İnsan hüquqları üzrə BMT-nin Ali komissarı Zeyd Raad Əl-Hüseyn tərəfindən Azərbaycanda insan hüquqları ilə əlaqədar səsləndirilən fikirlər sifarşli və qeyri-obyektiv xarakter daşıyır. Trend xəbər verir ki, bunu Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev BMT-nin insan hüquqları üzrə Ali komissarı Zeyd Raad Əl-Hüseyn tərəfindən Azərbaycanda insan hüquqları ilə əlaqədar səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
H.Hacıyev bildirib ki, təəssüflər olsun ki, bəzi dairələr tərəfindən insan hüquqları məsələsi seçimli əsasda istismar olunur və məhdud siyasi məqsədlər üçün istifadə edilir: "Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan artıq insanın hüquqlarının müdafiəsi barəsində vəzifə mandatına uyğun olaraq İnsan hüquqları üzrə BMT-nin Ali komissarı tərəfindən mövqe nümayiş etdirilmədiyi halda, ölkəmizdə məhkəmə qərarı ilə təsbit olunmuş fərdi cinayət əməllərinə siyasi müdaxilə cəhdləri qərəzli münasibətdən başqa bir şey deyildir".
XİN sözçüsü sonra qeyd edib ki, eyni zamanda münaqişələr nəticəsində yüz minlərlə insanın öz daimi yaşayış yerlərini tərk etmələri və bu əsasda özünü göstərən kütləvi miqrant problemi II Dünya müharibəsindən sonra Avropanın üzləşdiyi ən böyük humanitar fəlakət olaraq, kollektiv məsuliyyət tələb etdiyi halda, bəzi insan hüquqları müdafiəçisi olan təsisatların susqunluğu və fəaliyyətsizliyi özünü göstərir: "Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq səviyyədə tərəfdar çıxdığı öhdəlikləri əsasında ölkəmizdə qanunun aliliyi, fundamental hüquq və azadlıqların, o cümlədən mətbuatın azadlığı tam şəkildə təmin olunub. Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin qorunması dövlətimizin ali məqsədidir".