"Vallah ayıbdır, mən yana-yana danışıram"-

siyaset
1-09-2015, 13:28 978
"Vallah ayıbdır, mən yana-yana danışıram"- A A A
Fəzail İbrahimli: “Qafqaz İslam Ordusu Bakını və digər şəhərləri erməni-rus işğalından azad ediblər. Əksini iddia etmək isə həyasızlıq və vicdansızlıqdır”
Fazil Mustafa: “Əgər bu böhtançılarla bir teledebat imkanımız olsaydı, onların əzbərlədikləri erməni tezislərini darmadağın edərdik”
Dilavər Əzimli: "Həmin vaxtlarda anası Nuru Paşaya deyirdi ki, Bakını xilas etməsən, südüm sənə haram olsun!”
Sevil Nuriyeva: "Əslində mən "Meydan tv”-nin sponsorunu yaxşı bildiyim üçün belə yazıya təəccüblənmirəm”
Bir müddət əvvəl "Meydan.tv”də Ağalar Qut imzası ilə dərc olunan "Türklərin işğal, qətliam və talanlarına "xilas” adı qoymaq” yazısı cəmiyyətimizdə ciddi etiraza səbəb olub.
Yazıda göstərilən uydurma faktlara, ümumiyyətlə belə bir məqalənin dərc olunmasına narazılığını ifadə edənlər 1918-ci ilin sentyabr ayında təkcə paytaxt Bakını deyil, bütöv Azərbaycanı erməni-rus-ingilis işğalından azad etmiş qəhrəman türk əsgərlərinə, Qafqaz İslam Ordusuna qarşı bu cür əsassız ittihamların yolverilməz olduğunu deyiblər. Onların fikrincə, belə çirkin yazılar hansısa xarici dairələrin göstərişi ilə qərəzli şəkildə qələmə alınır.
Məsələ ilə bağlı "Şərq”ə danışan tarixçi-alim, millət vəkili Fəzail İbrahimli yazıya və onun müəllifinə çox sərt reaksiya verib: "Çox təəssüf edirəm ki, bəzi saytlar belə məqsədli yazılara yer verirlər. Belə yanaşma Azərbaycanın şərəf və ləyaqət tarixinin təhqir olunmasıdır, azadlığımız uğrunda canını vermiş türk əsgərlərinin ruhuna xəyanətdir, hər şeylərini bu millətə qurban verən Cümhuriyyət liderlərinə qarşı hörmətsizlikdir. Vallah, ayıbdır, mən yana-yana danışıram. Həmin yazı erməni xislətinə xidmət edir. Osmanlı əsgərləri, Qafqaz İslam Ordusu Bakını və digər şəhərləri erməni-rus işğalından azad ediblər. Bu, birmənalı tarixi faktdır. Əksini iddia etmək isə həyasızlıq və vicdansızlıqdır. Axı bu Qut kimdir, nəyin Qutudur? Araşdırmaq, ölçü götürmək lazımdır”.
Millət vəkili, BQP sədri Fazil Mustafa da boynumuzda ödəyə bilməyəcəyimiz haqqı olan türk əsgərlərini aşağılamaq istəyənləri və bu mövqeyi dəstəkləyənləri vicdansızlar adlandırıb: "Qafqaz İslam Ordusunun 30 mindən artıq türk-müsəlmanı qətlə yetirmiş erməniləri deyil, məhz azərbaycanlıları qırmasını iddia etməyin başqa elmi və siyasi cavabı yoxdur. Bir misal deyim. 1918-ci ilin 29 mart qırğınında Lalayanın başçılığı ilə erməni dəstələri ələ keçirdikləri azərbaycanlı qadınlara təcavüz etdikdən sonra onları lüt şəkildə İçərişəhərin qaya divarlarına əllərindən asılı vəziyyətdə bağlayıblar. Daha sonra isə onların cinsiyyət orqanlarına atəş açıblar. Nuri Paşa şəhərə girəndə ermənilərin əsas qüvvəsini məhv edib və Ermənikənddə gizlənmiş Lalayanı həmin qala divarlarından asdıraraq vücudunu gülləbaran etdirib. İndi millətimizin namusunu qorumuş bu fədakar insanlara böhtan atmanın adı nədir?” Deputat deyib ki, son vaxtlar yalançı "azərbaycançılar” peyda olublar. Onlar dilimizi, mədəniyyətimizi farsdan, rusdan, ermənidən deyil, məhz türklərdən necə qorumağı qarşısına məqsəd qoyublar: "Unutmayaq, Nuri Paşanın başçılığı ilə Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi, nəinki Bakı, heç Gəncə də əlimizdə qalmayacaqdı. Bəli, türk ordusunu bura xahiş-minnətlə çağırmışıq. Aylarla İstanbulda ozamankı böyüklərimiz danışıqlar aparıb. Mən Azərbaycanı sevirəm, ancaq bu o demək deyil ki, Vətənimi, namusumu xilas etmiş insanların haqqını unutmalıyam. Əgər bu böhtançılarla bir teledebat imkanımız olsaydı, onların əzbərlədikləri erməni tezislərini darmadağın edərdik”.
Tarixçi-alim Dilavər Əzimli də son zamanlar aparılan anti-türk təbliğatından ciddi narahat olduğunu bildirib: "Türkiyəni suçlayanlar utanmalıdırlar. Ən azı ona görə ki, bu dövlət 1918-ci ildə öz qardaşlarının namusunu qoruyub. Yoxsa, qız-gəlinlərimiz erməni dığaların əlində yesir qalacaqdı. Təbii ki, Rusiyanın dəstəyi ilə. Həmin vaxtlarda anası Nuru Paşaya deyirdi ki, Bakını xilas etməsən, südüm sənə haram olsun! Ayıbdır! Türkiyənin üzərinə gedəndə bunları unutmayın! Minlərlə türk əsgərinin məzarı Bakıda yerləşir”.