Azərbaycan şahmatçısı beynəlxalq turnirin qalibi olub

idman
1-09-2015, 09:54 1079
Azərbaycan şahmatçısı beynəlxalq turnirin qalibi olub Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 22–ci beynəlxalq şahmat festivalı başa çatıb.
Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, festivalda ölkəmizlə yanaşı, Rusiya, Ukrayna, ABŞ, İngiltərə, Polşa, Hindistan, Latviya, Macarıstan, Gürcüstan, Türkiyə, İran, Estoniya, Özbəkistan, Misir, Qətər, Almaniya və digər ölkələrdən ümumilikdə 450-dək zəka ustası iştirak edib. Yarış “Masters”, “Open” və “Juniors” turnirlərindən ibarət olaraq keçirilib.
Azərbaycanı müxtəlif qruplarda Vüqar Əsədli, Nərmin Xələfova, Kənan Heydərli, Nail Bəşirli, Məhəmməd Muradlı, Turan Əsgərova, Səid Rəfili, Nərmin Söyünlü, Fərid Mustafayev, Mətin Mürsəlli, Rəfail Manafov, Vüqar Manafov, Adnan Əliyev təmsil ediblər.
Festivalın “Masters” turnirində iştirak edən Nail Bəşirli, Nərmin Xələfova və Kənan Heydərli hərəyə 4 xal toplayıblar.
“Open” turnirində 8-ci turun oyunları yekunlaşıb. Həmyerlilərimizdən Turan Əsgərova 7 xalla İran təmsilçisi İbrahim Qadiri ilə 1-2-ci yerləri bölüşdürür. Nərmin Söyünlü isə aktivinə 6,5 xal yazaraq 3-7-ci yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə 7-ci pillədə qərarlaşıb. Vüqar Manafov və İsmayıl İsmayılzadə hərəyə 6 xalla 11-12-ci yerləri bölüşdürürlər.
Festivalın “Juniors” turniri başa çatıb. Yeddi turdan ibarət keçirilən yarışda həmyerlilərimiz Səid Rəfili və Vüqar Manafov hərəyə 6,5 xal toplayaraq 1-2-ci yerləri bölüşdürüblər. Səid Rəfili əlavə göstəricilərə görə, turnirin qalibi adını qazanıb. Qalibdən 1 xal az toplayan Adnan Əliyev, Fərid Mustafayev, Rəfail Manafov və Mətin Mürsəlli ilk onluqda yer alıblar.