GƏLƏCƏK NƏSLƏ DÖVR EDƏ BİLƏCƏYİMİZ KAPİTAL...

yazarlar
24-12-2017, 22:07 1331
GƏLƏCƏK NƏSLƏ DÖVR EDƏ BİLƏCƏYİMİZ KAPİTAL...

GƏLƏCƏK NƏSLƏ DÖVR EDƏ BİLƏCƏYİMİZ KAPİTAL...
"Təhsil millətin gələcəyidir! “
HEYDƏR ƏLIYEV
"Təhsilin keyfiyyəti ən prioritet məsələmizdir!"
İLHAM ƏLIYEV

Avropa ali təhsil məkanına inteqrasiyamız, bu gün təhsil sahəsində dövlət səviyyəsində aparılan siyasətin əsas prioritet istiqamətlərindən biridir. Bu siyasətdə qəbul etdiyimiz əsas strateji hədəf - intellektual sərvətimizin neft kapitalının insan kapitalına çevrilməsi yolu ilə qorunub zənginləşdirilməsidir. Bu niyyəti reallaşdırmaq üçün isə, təlim prosesində şagirdin ümumi inkişafını ləngidən «əzbərləmə məktəbi»ndən düşünməsini şərtləndirən «təfəkkür məktəbi»nə keçidi təmin edib təhsilin müasir modelini yaratmalı və tədrisin bu əsas üzərində qurulmasını təmin etməliyik. Çünki, keyfiyyət, məzmunun tələbata uyğunlaşdırılma dərəcəsi ilə ölçülür.
Təlim nəzəri materialın tərif, düstur, tarixi gün, bu, yaxud digər hadisənin əzbərlənməsi yolu ilə mənimsənilməsinə deyil, analitik təfəkkür tərzinin formalaşmasına istiqamətlənməli, şagirdə tədris materialını beynin süzgəcindən keçirib real həyatdan aldığı bilgilərlə tutuşdurmaq, faktları hərtərəfli təhlil edib ümumiləşdirmək yolu ilə gəldiyi qənaəti dərk etmək bacarığı aşılanmalı, onda təşəbbüskarlıq, tədqiqatçılıq, işə yaradıcı münasibət, baş verənlərlə bağlı yekun qərar qəbul edib nəticəsinə görə məsuliyyət daşımağa hazır olmaq kimi keyfiyyətlər inkişaf etdirilməlidir.
2005-ci ildə Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycan da “Avropa ali təhsil məkanına”- Boloniya prosesinə qoşulduğundan, Təhsil üzrə dövlət standartlarının hazırlanması istiqamətində görülən bütün işlər ikipilləli ali təhsil sisteminin inkişaf etdirilməsinə və islahatyönümlü tədbirlər planının işlənilib həyata keçirilməsinə, təhsilin məzmunca yeniləşdirilib dərinləşdirilməsinə və təkmilləşdirilib müasir dünya təcrübəsinə uyğunlaşdırılmasına istiqamətlənməlı idi.
İstənilən dövlətdə inkişafı təbii sərvətlər bolluğu deyil, bu sərvətlərin hesabına ölkə iqtisadiyyatını gücləndirə biləcək mexanizmin işə salınma səviyyəsi təmin edir. Güclü iqtisadiyyatın qurulması üçün isə, müasir texnologiyaları istehsala tətbiq edə biləcək yüksək intellektli insan kapitalının formalaşması tələb olunur. “Təhsil əsri” elan edilən XXI əsrdə təhsilin rolunun ön plana çəkilməsi, 2008-ci ildə Dövlət büdcəsinin tərkibində təhsilə ayrılan xərclərin 2003-cü illə müqayisədə 5 dəfədən də çox artıb 1,1 milyard manat, 2009-cu ildə isə 1,3 milyard manat təşkil etməsi və s. kimi addımlar, dövlət tərəfindən təhsilə verilən yüksək dəyərin göstəricisidir. İnkişafyönümlü dövlət proqramının işlənilib həyata keçirilməsi və təhsil infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyalarilə təmin edilməsi və təhsil sisteminin bütövlükdə informasiyalaşdırılması, təhsilalanların nailiyyətlərinin müasir tələblər səviyyəsində qiymətləndirilməsi mexanizminin tətbiqi, həmçinin, xüsusi qayğıya ehtiyacı olan uşaqların içindən fitri istedadı ilə seçilənlər üçün fərqli təhsil ritmtinin təşkili, əmək bazarının tələbatına uyğun pedaqoji kadrların hazırlanması, dərsliklərin məzmunca yeniləşib müasir tələblərə uyğunlaşdırılması və nəşrinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi kimi məsələlərin gündəmə gətirilib həllini tapması bu məramın reallaşmasına xidmət edir.
“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası” (30.10.2006) sənədinin (Milli Kurrikulum) və bu sənədin tələblərinə uyğun hazırlanıb təsdiq edilmiş fənn kurrikulumlarının didaktik əsasını nəticə, tələb və şəxsiyyətyönümlülük prinsipləri təşkil edir, dərsliklərdə məzmun dəyişiklikləri təlim-tədris prosesinin sistemli planlaşdırılmasını özündə etiva edən kurrikulum islahatları adı altında aparılırdı. Nəticəyönümlülük təlimin təhsil pillələri, siniflər və fənlər üzrə əldə ediləcək nəticələrinin əvvəlcədən müəyyən edilməsini, tələbyönümlülük təlimin cəmiyyətin, dövlətin və fərdin tələbatına cavab verməsini, şəxsiyyətyönümlülük hər bir təhsilalana meyl, maraq və qabiliyyəti nəzərə alınmaqla zəruri bacarıq və vərdişlərin aşılanmasını özündə ehtiva edir. Bir sözlə, 2008-2009-cu dərs ilində tətbiqinə başlanılmış və bu gün də davam edən kurrikulum islahatları ilə ölkənin təhsil sistemində prinsipcə fərqli, yeni mərhələnin təməli qoyulmuş oldu.
Prezident İ.Əliyevin imzaladığı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” (31.01.2008) sərəncama əsaslanan “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın (22.05.2009) hazırlanıb həyata keçirilməsində başlıca məqsəd də, əslində elə təhsil sisteminin kökündən yenilənib müasir tələblərə daha dəqiq uyğunlaşdırılması idi.
Ancaq, təəssüf ki, bu islahatların nəticəsi təhsil sistemi üçün gözlənildiyi qədər ürəkaçan omadı. Səbəb islahatları həyata keçirənlərin təcrübəsizliyindən doğan səhv və çatışmazlıqlar, dərslik və metodiki vəsaitlərin məzmun və keyfiyyət göstəricilərinin qoyulmuş tələblərə cavab verməməsi idi. Aşağıdakı cədvəldə göstərilən tarixlərin bir-biri ilə müqayisəsi deyilənin əsaslandırılması üçün kifayətdir: nəşriyyatlara dərslik sifariş edə biləcəkləri müəllifi tapıb kurikulumun tələbləri ilə tanış etmək, tenderin “Əsas şərtlər toplusu”nun tələblərinə uyğun işlənilmiş dərslik və metodiki vəsaiti nəşrə hazırlayıb yüksək keyfiyyətlə çap etdirmək və məzmun qiymətləndirilməsi komissiyasına təqdim etmək üçün 2009-2010-cu dərs ilində cəmi 5, 2010-2011-ci dərs ilində 5,5, 2011-2012-ci dərs ilində 16 (I mərhələ) və 8 (II mərhələ), 2012-2013-cü dərs ilində isə, cəmi 2 ay vaxt verilir. Belə kiçik vaxt kəsiyində qoyulmuş tələblərə uyğun dərslik və metodiki vəsaiti yazıb ərsəyə gətirə bilən müəllifin müəyyən olunması və yüksək poliqrafik normalara uyğun tədris vəsaitinin yazılıb nəşrə hazırlanması, təbii ki, mümkünsüz idi. Elan dərc olunan gündən tenderdə keçid balını toplamış nəşriyyatlarla müqavilələrin imzalanması tarixlərinə qədər keçən vaxt (2009-2010-cu dərs ilində 9, 2010-2011-ci dərs ilində 12, 2011-2012-ci dərs ilində 12, 2012-2013-cü dərs ilində isə 11 ay) və bu vaxtın dərsliklərin nəşrə hazırlanması üçün ayrılandan da bir xeyli artıq olduğu nəzərə alınsa, belə dövlət əhəmiyyətli tədbirin onun mahiyyətinin fərqinə varmayan qeyri-peşəkarlar tərəfindən təşkil olunub həyata keçirildiyinə şübhə yeri qalmaz.

2009-2012-ci illərdə çapdan çıxmış 522 adda dərslik və metodiki vəsaitdən yalnız 225-inin tenderə çıxarılması, onlardan da cəmi 30-unun (15 dərslik və 15 m/vəsait) keçid balı toplaması, kütləviliyin təmin edilmədiyi bu tenderlərdə dərsliklərin hazırlanması işinə zəngin pedaqoji təcrübə məktəbi keçmiş müəlliflərin, yüksək ixtisaslı peşəkarların cəlb edilməsi üçün gorülmüş maarifləndirici tədbirlərin yetərli olmadığını təsdiqləmiş oldu. Bu da, bizə müəlliflər üçün keçirilən təlimlərin keyfiyyətindən, məzmun qiymətləndirilməsini həyata keçirən mütəxəssis-ekspertlər üçün real seçim imkanı yaradılmasından və bu dövləti əhəmiyyət kəsb edən işə peşəkarların cəlb edilməsindən, dəyərləndirmənin obyektivliyindən, ən başlıcası isə, dərslik və metodiki vəsaitlərin keyfiyyət göstəricilərinin qoyulmuş tələblərə cavab verməsindən danışmağa əsas vermir.

2009-2010-cu dərs ili üçün keçirilən tenderdə iddiaçı statusu almış 12 nəşriyyatdan 7-sinin (“Bakı", "XXI"YNE, “Letterpress", "Xəzər-Etiket", "Çaşıoğlu"EİF, “Təhsil NP” MMC, Aspoliqraf LTD”MMC), 2010-2011-ci dərs ili üçün keçirilən tenderdə iddiaçı statusu almış 10 nəşriyyatdan 3-ünün ("Kövsər NP”MMC,"XXI"YNE,“Letterpress") iştirak haqqını ödədiyi lotların sayından az təklif verməsi, 1-inin (“Naksuana" MMC) isə, ümumiyyətlə təklif verməməsi naşirlərin təcrübəsizliyini, maliyyə imkanlarını ölçüb-biçib işi lazımi səviyyədə planlaşdıra bilmədiyini göstərirsə, lotların əksəriyyəti üzrə 3-dən az təklifin daxil olması, o dövrdə bu işin hələ lazımi səviyyədə təşkil edilmədiyini təsdiqləmiş olur. Bütün bu çatışmazlıqlar isə, işin müasir tələblər səviyyəsində təşkil edilməsi üçün ayrılan vaxtın azlığından, o dövrdə Təhsil Nazirliyində hələ tender keçirilməsi sahəsində zəruri təcrübənin olmamasından, bu işin kitab nəşri sahəsində təcrübə qazanmış peşəkar mütəxəssislərə tapşırılmamasından qaynaqlanır. Bu sahədə qəbul edilən qərarların qeyri-obyektivliyi, dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsi sahəsində şəffaflığın təmin olunmaması ilə bağlı o dövrdə mətbuatda baş alıb gedən yazıların əsas səbəbi də bu idi. Müəlliflər apasında gələcək nəslin maariflənməsi üçün mühüm strateji əhəmiyyət kəsb edən bu dövlət səviyyəli tədbirin obyektiv keçiriləcəyinə inamın zəifləməsini də, elə bu deyilənlər şərtləndirirdi.

4 il ərzində məzmun qiymətləndirilməsi mərhələsində tələb olunan keçid balını yalnız 15 dərslik və metodiki vəsaitin toplaması və onların hazırlanmasına büdcədən ayrılmış vəsaitin ümumi həcminin (30852562,55 azn) çox kiçik bir hissəsinin, yəni cəmi 12,73 %-inin (3928223,50 azn) sərf olunması, 2009-2013-cü illərdə dərslik çapı üçün elan olunmuş tenderlərin formal xarakter daşıdığını təsdiqləməklə yanaşı, həm də məzmun qiymətləndirməsinə təqdim edilən dərslik və metodiki vəsaitlərin keyfiyyət göstəriciləri və səviyyəsi ilə bağlı tam təsəvvür yaradır.
Tədrisin keyfiyyəti materialın mənimsənilmə səviyyəsi ilə ölçüldüyündən, dərsliklərin forma və məzmununun bir-birini tamamlayıb təhsilalanların bilik, bacarıq və vərdişlərə tam həcmdə yiyələnməsini təmin etməsi, fənnin dərkedilmə səviyyəsinin yüksəldilməsi nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir. Dərslik standartlarında olan boşluqlar təkrarlanmasın, gələcəkdə hazırlananlar da 2009-2012-ci illərdə nəşr edilən dərslik və metodiki vəsaitlər kimi mübahisə və qınaq obyektinə çevrilməsin deyə, 19 aprel 2012-ci ildə dövlət başçı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsasnaməsində dəyişikliklər edilməsi barədə fərman imzalayıb ümumtəhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vəsaitlərinin elmi-metodiki monitorinqinin aparılmasını TQDK-ya həvalə etdi. Bu məqsədlə, TQDK-nın tərkibində xüsusi şöbə (ş/rəisi A.H.Batıyeva) yaradıldı və dərsliklər “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nda da qeyd edildiyi kimi geniş ictimaiyyətin müzakirəsinə çıxarıldı.
Dərsliklərin mövcud beynəlxalq təcrübə əsasında müəyyənləşdirilmiş meyarlara uyğun şəkildə təkmilləşdirilməsini təmin etməli olan elmi-metodiki monitorinqin və açıq müzakirələrin aparılması üçün TQDK-da 25 istiqamət üzrə elmi-metodiki seminar fəaliyyət göstərir, müzakirələrdə Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrindən müəllimlər, metodistlər, AMEA-nın müvafiq sahələr üzrə mütəxəssisləri, Təhsil Nazirliyinin, Təhsil Problemləri İnstitutunun nümayəndələri, Dərslikləri Qiymətləndirmə Şurasının ekspertləri, dərslik müəllifləri iştirak edirdilər. Eyni zamanda, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Ağcabədi, Göyçay və Şirvan Regional Bölmələri ilə də videobağlantılar qurulur, həmin bölgələrin müəllim və metodistləri də müzakirələrə qatılıb qeyd və təkliflərini bildirmək imkanı əldə edirdilər. Dərsliklərin ekspertizası işinə 793 nəfəri orta məktəb, 316 nəfəri ( o cümlədən: 45 nəfər professor; 184 nəfər dosent) ali məktəb müəllimi, 135 nəfəri digər sahə mütəxəssisləri (psixoloq, müstəqil ekspert və s.) olan 1244 nəfər mütəxəssis-ekspert cəlb olunmuş, birbaşa və internet bağlantısı vasitəsilə 6089 nəfərin iştirak etdiyi seminarlarda aparılan müzakirələr internet (“Skype”) vasitəsilə yayımlanmışdı. Ekspertlər dərsliklərin məzmun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından ilkin ekspertizasını keçirmiş, ictimaiyyətdən daxil olan rəylər ekspert rəyləri ilə müqayisə edilmiş, təhlilin nəticələri açıq müzakirəyə çıxarılmış, səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunan sənəd dərslik müəlliflərinə təqdim edilmişdir. Alınan cavablar müstəqil ekspertlər tərəfindən təhlil edilmiş, nəhayət, tərtib olunan yekun rəy Təhsil Nazirliyinə göndərilmişdir. Şöbə, nazirliyin müraciəti əsasında 2014-2015-ci illərdə yeni təhsil proqramları əsasında hazırlanmış 20 adda 36 dərslik komplekti maketlərini də məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından təhlil edib rəy vermiş, yeni nəşrlər dərslik komplektlərinin maketləri ilə tutuşdurulmuş, yekun rəylərdə göstərilmiş irad və təkliflərin əksəriyyəti nəzərə alınsa da, bir hissəsinin qaldığı, düzəlişlər aparılarkən bəzi yeni səhvlərə yol verildiyi müəyyən edilmişdir. TQDK-nın nəşrlərinin (V-XI siniflər üzrə 110 test kitabçası, “Kimya”, “Riyaziyyat”, “Fizika”, “Coğrafiya”, “Tarix”, “Ədəbiyyat”, “Azərbaycan dili”, “Rus dili”, “Literatura”, “İngilis dili” dərs vəsaiti, “İngilis dili lüğəti”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”) də monitorinqi aparılmış, bu nəşrlər orta məktəb dərsliklərilə tutuşdurulub müqayisəli təhlil edilmişdir. Elmi-metodiki seminarlarda söylənilmiş qeyd və təkliflər, yenilik və dəyişikliklər təkmilləşdirilən nəşrlərdə öz əksini tapmış, V-VII siniflər üçün dərslik komplektləri əsasında orta təhsil müəssisələrində diaqnostik, formativ və summativ qiymətləndirmə aparmağa imkan verən “Yeni təhsil proqramı üzrə qiymətləndirmə tapşırıqları” işlənib hazırlanmışdır. Monitorinq, yekun rəylər və müəlliflərin bu rəylərə cavabları “Dərslik portalı”na yerləşdirilmiş, dərslik müəllifləri və ekspertlərə mütəmadi olaraq daxil olan rəy və sorğulara aydınlıq gətirmək, arzu edənlərə qeydiyyatdan keçib (2991 nəfər) mövzu ilə bağlı qeyd və təkliflərini bildirmək imkanı yaradılmışdır.
Bütün bunlara, dövlət büdcəsindən (ayrı-ayrı təşkilat və imkanlı şəxslər tərəfindən çəkilən xərclər nəzərə alınmasa) təhsilə və təhsil müəssisələrinin təmir edilib zəruri avadanlıqla təchiz edilməsinə ayrılan vəsaitin miqdarının (1.859.499.497,0 azn) ümumi büdcə xərclərinin 11,2%-ini təşkil etdiyini də əlavə etsək, dövlətin təhsilə verdiyi önəmin böyüklüyünə şübhə yeri qalmaz.
Dövlət başçısının bu diqqət və qayğısına, bu sahəyə qoyulan maddi vəsaitə rəğmən abiturientlərin ali məktəblərə qəbul zamanı zəif nəticə göstərməsi və keçid balının aşağı olması, eləcə də, Böyük Britaniyanın “Guardian” qəzetinin “Times Higher Education” və “QS Top Universities”-in apardığı araşdırma əsasında dərc etdiyi, Sinqapurdan da iki universitetin (30 və 73-cü) yer aldığı dünyanın ən yaxşı 100 universitetinin (Harvard, Oksford, Kembric və s.) siyahısında Azərbaycan universitetlərindən heç birinni adının çəkilməməsi, təəssüf doğurmaya bilməz.
Demək, problem təhsilə göstərilən qayğının, büdcədən ayrılan vəsaitin azlığında deyil. Bəs, onda niyə əhalinin intellektual səviyyəsinin yüksəlməsi üçün müstəsna əhəmiyyət kəsb edən bu məsələ öz həllini tapmır? Dərsliklərimiz nə bizi, nə şagirdləri, nə də müəllimləri qane etmir?
Dərslik yazılmasında inhisarçılığa əncam çəkilməsinin zəruriliyi Milli Məclisin Elm və təhsil komitəsinin iclasında da müzakirə olunmuş, deputatlar M.Qasımlı, K.Əliyeva və b. dərslik və metodiki vəsaitlərlə bağlı irad, təklif və tövsiyələrini bildirib tədbir görülməsinin vacibliyini vurğulamışlar. Bu da, çoxdan həllini gözləyən bu taleyüklü problemin ciddiliyindən xəbər verir.
Çıxış yolu birdir: dərslik və dərs vəsaitlərinin hazırlanması peşəkarlara həvalə olunmalı, 2008-ci ildən bu nəşrlərin məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından qiymətləndirilməsini həyata keçirən komissiyanın tərkibi yenilənməli, şəffaflıq təmin olunmalı, bu işə zəngin təcrübə məktəbi keçmiş ədəbi, bədii və texniki redaktorlar, psixoloqlar da daxil olmaqla sahə mütəxəssisləri və orta məktəb müəllimlərindən ibarət işçi qrup cəlb edilməlidir.
Əks halda, dərsliklərin və təlimin keyfiyyətindən, tədris materialının dərkedilmə səviyyəsinin yüksəldilməsindən, təhsilin müasir standartlara uyğunlaşdırılmasından danışmağa dəyməz!
Ölkənin gələcək inkişafı və neft kapitalının insan kapitalına çevrilməsi təhsil sahəsində problemlərin aradan qaldırılmasını və yüksək ixtisaslı kadrların hazırlanmasını tələb edir. İnanıram kı, bu sahədə irəliləyişlərə imza atıb dünyanın ən yaxşı 100 universitetinin siyahısında yer almaq bizim təhsil sisteminin də gücü xaricində olan bir iş deyil və buna nail olmaq olar. Bu bizə, tək respublikanın yüksək ixtisaslı kadrlara olan tələbatının ödənilməsi baxımından deyil, həm də təhsil sahəsində sözümüzü deyib nüfuzumuzu artırmaq, xaricdən ölkəmizə tələbələr cəlb edib müxtəlif xalqların nümayəndələri ilə qarşılıqlı münasibət qurmaq, dünya çapında tanınıb ölkəyə valyuta axınını təmin etmək baxımından lazımdır. Bu, həm də, gələcəkdə xaricdə təhsilə xərclənəcək vəsaitin respublikada qalması, deməli, ölkədə iqtisadi durumun yaxşılaşması demək olardı.
İradə Ələsgərova,
Əməkdar mədəniyyət işçisi,
tarix üzrə fəlsəfə doktoru