BEYNƏLXALQ İCMAL DEMOKRATİYA, YOXSA…

yazarlar
24-12-2017, 21:42 1207
BEYNƏLXALQ İCMAL DEMOKRATİYA, YOXSA…

BEYNƏLXALQ İCMAL
DEMOKRATİYA, YOXSA…

2010-cu il dekabrın 15-də Tunisdə küçə satıcısı Məhəmməd Buəzizinin hökumət məmuruna etiraz olaraq özünü yandırması ilə başlamış etiraz dalğası 2 ay ərzində bütün ərəb dünyasına yayılıb bir neçə ölkədə silahlı üsyana çevrildi, 4 ölkədə hakimiyyət dəyişikliyinə səbəb oldu.
Qərb ölkələrinin Liviya, Suriya kimi ərəb dövlətlərində hakimiyyəti devirmək məqsədilə müxalif silahlı qruplar formalaşdırması, demokratiya və insan hüquqlarının qorunması pərdəsi altında başlamış dinc xalq etirazlarını xaricdən idarə olunan silahlı qarşıdurmaya çevirdi. Ərəb dünyasını inqilaba ruhlandıran siyasi qüvvələrin çevrilişdən sonra bu ölkələrin gələcəyi ilə bağlı ortaq mövqeyə gələ bilməməsi və inqilab dalğası ilə hakimiyyətə gələnlərin ciddi dəyişikliyə nail olmaması, gözləntiləri doğrulmayan əhalinin hakimiyyətə olan inamını sarsıtdı, siyasi sabitliyin pozulmasına səbəb oldu, məs.: ərəb dünyasının nəhəngi Misirdə islamçı “Müsəlman Qardaşları” na məxsus Ədalət və inkişaf partiyasının namizədləri parlamentdə yerlərin çoxuna sahiblənib partiyanın üzvü Məhəmməd Mursini prezident seçsələr da, o, ölkəni cəmi bir il idarə edə bildi. Bu müddət ərzində idarəçilik sahəsində ciddi addımların atılmaması, siyasi-iqtisadi islahatların baş verməməsi fonunda yenidən güclənmiş keçmiş hakimiyyət nümayəndələri ordunun köməyilə hərbi çevriliş edib hakimiyyətə gəldilər. Beləliklə, «ərəb baharı» rüzgarıyla hakimiyyətə gəlmiş Məhəmməd Mursi, elə xalq etirazları dalğasıyla da yüksək vəzifə kürsüsündən süpürülmüş oldu.
Yəməndə də oxşar olaylar yaşandı. Sabitlik, seçki yolu ilə hakimiyyətə gəlmiş qüvvələrin siyasi-iqtisadi islahatlar aparmaması ilə pozuldu. Yeni hökumət formalaşsa da, “əl-Qaidə” ilə Husi “Ənsarullah” Hərəkatı döyüşçüləri arasında davam edən qanlı savaşlar hələ də səngimək bilmir.
İnqilabı ağrılı yaşayan ölkələrdən biri də Liviya oldu. Vətəndaş müharibəsi və xaricdən hərbi müdaxilə rejim dəyişikliyi və Müəmmar Qəzzafinin devrilməsi ilə nəticələndi. 2011-ci ilin payızında yeni hökuməti formalaşdıran liberlallar 2012-ci ilin yayında keçirilən parlament seçkisində qalib gəlsələr də, islamçı qruplaşmalarla dünyəvi-milli qüvvələr arasında gedən döyüşlərin ardı-arası bu gün də kəsilmir. Qruplararası münaqişə, mərkəzi hakimiyyətə tabe olmamaq, separatizm və "əl-Qaidə” qruplaşmasının mövqeyinin güclənməsi kimi problemlər hələ ki,həllini tapmır. Neftlə zəngin Liviyada bu vəziyyətin nə qədər davam edəcəyi də, məlum deyil.
Bir sözlə, Tunisdə başlamış “ərəb baharı”, 2011-ci ilin yanvarında Zinə əl-Abidin ben Əlinin istefa verməsi ilə, elə Tunisdə də sona çatdı. Həmin ilin oktyabrında yeni konstitusiyanı hazırlayacaq şuranın tərkibinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş seçkidə ən çox səs toplayan üç siyasi partiya islamçı "ən-Nahda” partiyası başda olmaqla müvəqqəti hökumət formalaşdırdı. Bununla belə, iqtidara qarşı təzyiqlər nəinki azalmadı, əksinə, daha da artmış oldu, sosial-iqtisadi vəziyyətdən narazı qalmış əhali arasında etiraz aksiyaları səngimədi. Dekabrın 21-də keçirilmiş prezident seçkilərinin ikinci turunda “ən-Nahda” Hərəkatının təmsilçisi Munsif Mərzuki yalnız 44,32 faiz səs topladı. 2013-cü ilin yazında keçirilən seçkilərdə isə dünyəvi qüvvələr, yəni, vaxtilə Parisdə hüquq təhsili alıb daxili işlər, müdafiə və xarici işlər naziri, baş nazir postlarını tutub parlament sədri vəzifəsini icra etmiş Beci Qaid əs-Səbsi qalib gəldi.
Ümumilikdə, 2011-2015-ci illərdə baş vermiş qarşıdurmalarda həyatını itirənlərin sayını (təqribən 39 852 nəfər) və bu “bahar”dan Yaxın Şərq ölkələrinin iqtisadiyyatına dəymiş ziyanın həcmini (BMT-nin hesabatına görə 614 milyard dollar), eləcə də, bu rəqəmlərin hər gün daha da artmağa davam etdiyini nəzərə alsaq, başlanğıcda ərəb dünyasında böyük demokratik dəyişikliklərə aparıb çıxaracağı proqnozlaşdırılan bu planın, sonda uğursuzluqla nəticələndiyi aydın olar.
Ərəb ölkələrində baş verənlər, əslində sadə xalq arasında hər şeyin yaxşılığa doğru dəyişəcəyinə olan ümidləri azaltmış oldu. Ardı-arası kəsilməyən qanlı savaşlar, qəddar zorakı aktlar yekunda insanları “iki pisin içindən nisbətən yaxşını seçməyə” vadar etdi. Çünki, qeyri-demokratik və avtoritar rejimlərin qalıqları ölkəyə, inqilab nəticəsində dağılmış sistemləri formalaşdıra bilməyən siyasi qüvvələrin verə bilməyəcəyi nisbi sabitlik və müəyyən azadlıqlar vəd edir. Bu səbəbdən də inqilab baş verən ölkələrdə geriyə dönüş baş Verdi - dağılmış infrastrukturu formalaşdıra biləcək normal siyasi qüvvələr olmadığından meydana radikal islamçılar çıxdı. 2010-cu ilin sonunda Tunisdə başlanıb digər ərəb ölkələrinə yayılan, hakimiyyət və rejim dəyişikliyinə səbəb olan "ərəb baharı" başlanğıcda bir çox tədqiqatçılar tərəfindən demokratiyanın yeni dalğası kimi səciyyələndirilsə də, sonrakı mərhələdə baş verənlər gözləntilərin əksini, yəni, bu "bahar"ın ərəbləri demokratiyadan bir az da uzaqlaşdırdığını göstərdi. Bir-birinin ardınca devrilən diktatorlardan sonra hakimiyyətə gələn qüvvələrin əvvəlkilərdən prinsip etibarilə fərqlənməməsi, bu proseslərin yeni avtoritar rejimlərə yol açan planın tərkib hissəsi olduğunu iddia edənlərin dediyinə haqq qazandırdı. Bu ehtimalı gerçəkləşdirən Misir, Tunis və Liviya kimi hakimiyyət dəyişikliyi baş vermiş ölkələrdə, eləcə də, Suriyada yaranan vəziyyət oldu.
Siyasi keçidin hələ tam başa çatmadığı Suriyada xaricdən hərbi, siyasi, iqtisadi dəstək alan müxalifətlə hakimiyyət və onun tərəfdarları arasında gedən müharibənin hansı nəticələrə gətirib çıxaracağı bu gün də, məlum deyil. Mərkəzi hakimiyyətin güclənə bilmədiyi bu ölkədə siyasi və sosial qeyri-stabillik, iqtisadi durum gündən-günə pisləşməyə davam edir. Ən acınacaqlısı isə, inqilabsonrası siyasi proseslərin son nəticədə demokratiyanın qələbəsinə aparıb çıxaracağına olan inam sarsılmasıdır, bu da demokratikləşmə prosesinə maneə yaradıb onun baş verməsini əngəlləyən daxili və xarici amillərin mövcudluğu ilə izah olunur.
İnqilab dalğasının sürətlə yayılmasını təmin edən əsas təkanverici qüvvə kütlənin yoxsulluq həddində yaşaması, ərzaq və xidmət sektorunda qiymətlərin yüksəlməsi, işsizlik və bürokratik əngəllərin artması, söz azadlığının məhdudluğu və əhalinin hakimiyyətə olan inamının sarsılması idi. "Ərəb baharı"nı yaşayan ölkələrin əksəriyyətində inqilabdan öncə adambaşına düşən illik ümumi daxili məhsulun həcmi yüksək olsa da, əhalinin böyük əksəriyyətinin real həyat şəraiti kifayət qədər aşağı olub (Liviya istisna olmaqla), iqtisadiyyatı isə aqrar sahənin üstünlüyü, sənayenin zəif inkişafı ilə səciyyələnib. Demokratiyanın bərqərar olması üçün isə, siyasi, iqtisadi və mədəni məsələlərin öz həllini tapması tələb olunur. Bu səbəbdən də, ərəb dünyasında inqilab dalğası diktatorların devrilməsinə, hakimiyyət dəyişikliyinə aparıb çıxarsa da, iqtisadiyyatın inkişafında və sosial problemlərin həlli istiqamətində əsaslı dəyişikliklər baş vermədi. Bu da, bu ölkələrin hələ demokratikləşməyə hazır olmadığını göstərdi.
Demokratik prinsiplərin bərqərar olması ilk növbədə normal həyat şəraitinin yaradılmasını və təhsilin səviyyəsinin yüksəldilməsini tələb edir: məhz iqtisadi problemlərini həll edib gələcəyə inamla baxan insan özünütəsdiqə, hüquqlarını müdafiəyə vaxt ayıra bilər. Bu səbəbdən də, inkişaf etmiş ölkələrdə demokratiya daha çox təşəkkül tapır. İqtisadi geriliyin demokratiyanın bərqərar olmasını əngəlləməsi, demokratiya ilə iqtisadi inkişaf arasında bağlılığın olduğunu iddia etməyə əsas verir. İstənilən halda, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə demokratiyanın qorunub saxlanılması daha asan başa gəlir, nəinki, korrupsiyaya bulaşmış diktator rejimlərin fəaliyyət göstərdiyi, iqtisadi problemlər girdabında boğulan ölkələrdə…
Anqlo-sakson, Avropa və Latın Amerikası ölkələrində iqtisadi inkişafın sərvət, sənayeləşmə, urbanizasiya və təhsil olmaqla dörd əsas sahə üzrə statistik göstəricilərini müqayisə etmiş ABŞ alimi Seymur Lipset də demokratik ölkələrdə bu sahələrdə uğurların daha yüksək olduğunu qeyd edib demokratiyanın iqtisadi inkişafın məhsulu olması qənaətinə gəlir. Bir qrup politoloq bu yanaşmanın əksinə olaraq demokratiyanın bərqərar olması üçün demokratların olmasının vacibliyini iddia etsə də, son illər baş verənlər deyilənin əksini göstərir: ərəb inqilabları hakimiyyət dəyişikliyinə səbəb olsa da, iqtisadi problemlərin çoxluğu və siyasi hərcmərclik demokratik proseslərin sürətlənməsini yox, yeni diktatorların meydana çıxmasını şərtləndirdi. Elə, tarixi təcrübə də, iqtisadi böhran baş verən ölkələrdə avtoritar, hətta totalitar rejimlərin meydana çıxması üçün əlverişli şərait yarandığını inkar etmir, məs.: 1920-30-cu illərdə Avropada faşist və nasional-sosialist rejimlərin hakimiyyətə gəlməsi kimi....
XX əsrdə baş vermiş hadisələrin tədqiqi, iqtisadi böhranların meydana gəlməsi ilə diktator rejimlərin yaranması arasında düz mütənasiblik olduğunu göstərir. Avropanı iqtisadi böhran bürüdüyü bir vaxtda region dövlətlərində demokratik dəyərləri təhlükə altına alan irqçilik və separatizm kimi radikal meyillərin güclənməsi təsadüfi deyil. Bu gün iqtisadi böhranın artıq ayrı-ayrı ölkələrdə demokratiyanı təhlükə altına alıb milli və irqi dözümlülük (tolerantlıq), çoxmədəniyyətlilik (multikulturalizm) kimi bəşəri dəyərlərə zərbə vurduğu sirr deyil.
“Ərəb baharı”, fərqli həyat tərzlərinin toqquşması səbəbindən baş vermiş proses kimi də dəyərləndirilə bilər. Bu da, demokratik ölkələrdə təhsil alıb öyrəndiklərini öz ölkələrinə tətbiq etmək həvəsiylə geriyə qayıdan gənclərin yenilənmək istəməyən konservativ cəmiyyətdə yaşamağa çətinlik çəkməsi, mövcud sistemi dəyişməyə cəhd etməsilə izah olunur. «Ərəb baharı» bu cəhdin nə qədər təhlükəli ola biləcəyini göstərdi. Çünki, özlərindən sonra konstruktiv müxalifət adlana biləcək bir qurum qoymayan avtoritar rejimdən sonra hakimiyyətə inqilaba təkan verən qüvvələrin yox, dövləti idarə etməyə qadir olmayan və bu səbəbdən diktatora çevrilməyə məhkum naşı vəzifə hərislərinin gəlməsi ehtimalı böyükdür. İnqilaba təkan verənlər isə, əsas etibarilə ölkəni idarə etməyə yox, onu dəyişib yaşaya biləcəkləri cəmiyyətə çevirməyə can atanlar olur. Bu istək hakimiyyəti devirməyə yetsə də, idarəetməni təkmilləşdirib siyasi-iqtisadı islahatlar aparmağa, əhalinin həyat səviyyəsini yüksəldib maarifləndirmədə uğur qazanmağa yetmir.
Mədəniyyətlərarası fərqlər demokratiyaya yanaşmada da özünü göstərir. Demokratik dəyərlərin yayılıb təşəkkül tapmasına maneə yaradan mədəniyyət fərqinin başlıca səbəbi əksər Şərq cəmiyyətlərinə xas olan eyni dinin bir-birindən fərqli formalarda təzahürü, ənənələrə bağlılıq və mühafizəkarlıqdır. Müsəlman cəmiyyətlərində demokratiyanın Qərb demokratiyasından fərqli olması da, elə bununla izah olunur. Çünki, diktatorların devrildiyi ölkələrdə devrilmiş rejimlərin təsiri altında formalaşmış ictimai şüur və mədəniyyətdə inqilabdan sonra müəyyən dəyişikliklərin baş verməsinə ehtiyac var. Uzun müddət diktator mühitində yaşamış insanlar arasında qəfil rejim dəyişikliyindən sonra azadlıqlardan sui-istifadə, qanunlara tabeolmama meyilləri güclü olur. Qanunçuluğun və vətəndaş məsuliyyətinin şüurlarda kök salması, siyasi mədəniyyətin demokratik dəyərlərə hörmət ruhunda formalaşması müəyyən zaman tələb edir. Bir də, inqilab baş vermiş ölkələrdə demokratiya tələbi ilə çıxış edən müxalif qüvvələrin nə dərəcədə demokrat olması özü də, sual doğurur. Bu gün ərəb dünyasında gedən proseslər hakimiyyət dəyişikliyindən sonra həyata keçirilən islahatların demokratik dəyərlərə uyğun olduğunu deməyə əsas vermir, məs: "Müsəlman qardaşlığı" xarici dəstək hesabına çevriliş etsə də, qəbul edilən qərarlar yenə də liberalları razı salmır. Bu da, təəccüblü deyil.
“Ərəb baharı” haqsızlığa və məhrumiyyətlərə qatlanmaqdan bezib pozulmuş hüquqlarının bərpası üçün mübarizəyə qalxan, inqilaba köklənən insanları dayandırmağın olduqca çətin olduğunu göstərsə də, bu da unudulmamalıdır ki, müxalif qüvvələrin daxili və ya xarici dəstək hesabına qalib gəlib diktatoru devirərək hakimiyyəti ələ keçirməsi, hələ heç nə demək deyil. İdarəetmə strukturları, institutları olmadan bu mücadiləni qazanıb demokratiyanın qələbəsini təmin etmək, cəmiyyətin onu sıxan buxovlardan azad olunmasına nail olmaq mümkün deyil!
"Ərəb baharı"nın, azad olmayan ölkələrə demokratiya gətirmək məqsədilə hazırlanmış Böyük Yaxın (yaxud Orta) Şərq Layihəsinin tərkib hissəsi olduğu iddia edilir. ABŞ prezidenti Corc Buş (oğul) layihənin meydana gəlməsi səbəbinin Orta Şərq ölkələrində qadın haqlarının pozulması və yoxsulluq, prezidentin layihənin memarlarından olan köməkçisi Dik Çeyn layihənin ana xəttinin demokratiyanı bütün bölgəyə yayıb regionu inkişaf etdirmək, sülhü qarantlaşdırmaq olduğunu desə də, ABŞ-ın keçmiş dövlət katibi Kondoleza Raysın, layihənin Mərakeşdən Çin sərhəddinə qədər 22 ölkənin siyasi və iqtisadi coğrafiyasını dəyişdirəcəyini iddia etməsi, söylənənlərin həqiqəti ifadə etmədiyini, xarici dəstəyin əslində demokratiya ilə əlaqəsi olmadığını göstərir. Bütün bunlar diktator rejimlərin insan haqları ilə bağlı problemlər, sosial-iqtisadi çətinliklər və "ərəb baharı"nın baş verməsi üçün münbit şərait yaratdığını, inqilabların isə, xaricdən idarə edilən qloballaşma prosesi ilə bağlı planın nəticəsi olduğunu deməyə əsas verir. Etirazlar başlayan andan bir çox region dövlətlərinin və qlobal güclərin prosesə öz maraqları çərçivəsindən yanaşması, üsyançıara xaricdən siyasi, iqtisadi, hərbi və s. dəstək verən dövlətlərin hakimiyyət çevrilişindən sonra neft-qaz yataqlarını özlərinə məxsus şirkətlər arasında bölüşdürməsi (Liviyada olduğu kimi), inqilab baş vermiş ölkələrdə yaşanan ictimai-siyasi gərginlik, iqtisadi böhran, radikallıq, separatizm meyllərinin güclənməsi də, bu deyilənlərə haqq qazandırır. Üstəlik, silahlı müdaxilə də daxil olmaqla hər vasitə ilə diktatorları devirib hakimiyyəti dəyişməyə can atan xarici güclərin yardımından bəzən təhlükəli qüvvələrin də yararlanması və "Əl-Qaidə" üzvlərinin Liviyada xüsusi aktivlik nümayiş etdirmək səylərinə Qərb siyasi dairələrində ciddi reaksiya verilməməsi də çox şey deyir.
Bir sözlə, reallıq ondan ibarətdur ki, "ərəb baharı" ərəb ölkələrinə demokratiya yox, fəlakət gətirdi, əsrlərlə formalaşmış infrastruktur dağıldı, əhalinin yurd-yuvasından didərgin düşmüş böyük bir hissəsi xarici dövlətlərə pənah aparıb qaçqın həyatı sürməyə məhkum edildi, bir çox ərəb dövlətlərində dövlətçiliyin özünə belə təhlükə yarandı. Hələ ki, bu "bahar"dan yararlananlar bölgədə təsirini artırmağa çalışan Qərb və region dövlətləri, qazanc dalınca bu bölgəyə üz tutmuş transmilli şirkətlər, eləcə də, Əfqanıstan və Pakistanda keçirilmiş antiterror əməliyyatlarında darmadağın edilib indi yenidən toparlanmağa çalışan "əl-Qaidə"dir.
“Ərəb baharı”, demokratiyanın bərqərar olması məqsədilə də olsa, xarici güclərə arxalanıb inqilab yolu ilə hakimiyyətə gəlməyin təhlükəli olduğunu, cəmiyyətdə müsbət dəyişikliyə nail olmağın yolunun isə, əslində olduqca sadə olduğunu göstərdi: müxalifət güclüdürsə insan tələfatına yol vermədən, ölkəni viran qoymadan da siyasi, iqtisadi islahatların keçirilməsinə, demokratik dəyərlərin qorunmasına nail olmaq olar. Axı, önəmli olan hakimiyyətdə kimin olması yox, hər fərdin cəmiyyətdə bilik və bacarığına uyğun yer tutmasının təmin edilməsidir. Bunun üçün isə, dövlət strukturlarına nəzarət mexanizmi işləməlidir. Yox, əgər bu mexanizm işləmirsə, mövcud hakimiyyəti daha naşı hakimiyyətlə dəyişib dövlətçiliyi sual altına qoymağın, ölkəni, onu öz maraqları çərçivəsində talan etmək üçün fürsət gözləyən xarici güclərin poliqonuna çevirməyin mənası yoxdur. Əsas o deyil ki, hakimiyyətə bu və ya digər partiyanın nümayəndəsi gəlsin, əsas odur ki, dövlət qurumlarını idarə etmək mükəmməl təhsil alıb, zəngin idarəçilik təcrübəsinə və məntiqi təfəkkür vərdişlərinə yiyələnmiş peşəkarlara həvalə edilsin. Xalqını sevib millətinə dəyər verən, ölkəni iqtidardan daha yaxşı idarə etməyə qadir olduğunu düşünən müxalif güc əslində dövlətin güclənməsində, genişləndirilən qeyri-hökumət təşkilatları şəbəkəsinin köməyilə cəmiyyətdə hakimiyyət strukturlarına və qəbul olunan qanunların icrasına nəzarət, ictimai qınaq mexanizmlərinin işlək vəziyyətə gətirilməsində maraqlı olmalıdır. Tarix göstərir ki, “azadlıq asanlıqla qazanılmır, azadlıq uğrunda bəzən itkilər, qurbanlar vermək lazım gəlir” deyib tərəfdarlarını inqilaba təhrik edənlər, özlərini, yaxınlarını bu qurbanlar arasında yox, inqilabdan sonra hakimiyyətə gələnlər arasında görənlərdir. Bir şey aydındır ki, bu gün də sayı artmaqda davam edən böyük insan tələfatı və maliyyə itkilərilə müşayiət olunan ərəb inqilablarından alınan nəticə bu itkilərə haqq qazandırmağa əsas vermir. Gələcəkdə də, inqilab yolu ilə hakimiyyətə gəlmək arzusunda olanlar və onların təsiri altına düşüb millətinin gələcəyini, ölkəsində dövlətçiliyi təhlükəyə atanlar üçün “ərəb baharı” ibrət dərsi olmalıdır. Axı, azadlığı qoruyub sosial-siyasi instituta çevirmək, onu qazanmaqdan qat-qat çətindir. İnqilab yolu ilə siyasi hakimiyyət dəyişikliyi baş verməsin deyə iqtidar da, müxalifət də cəmiyyətdə birgəyaşayış normalarını tənzimləyən qanunların işləməsində maraqlı olmalıdır. Bir sözlə, inqilab əvvəl insanların şüurunda baş verməli, dövlət yetkilisi hikkə və nəfsinə sahib çıxmağı, vətəndaş məqsədinə çatmaq üçün sivil yolla, qanun çərçivəsində mübarizə aparmağı öyrənməlidir. Unutmaq olmaz ki, idarəçilik, öyrənilməsi tələb olunan elm sahəsidir. Bu sahədə uğur qazanmaq üçün vəzifəyə iqtidar və ya müxalifət nümayəndəsi yox, idarəçilik təcrübəsinə, vərdişlərinə yiyələnmiş, siyasi, iqtisadi islahatları lazımi səviyyədə həyata keçirməyə qadir, əhalinin həyat səviyyəsinin daim yüksəlməsini təmin edə biləcək peşəkarlar gətirilməlidir. İdarəetmədə ixtisaslı mütəxəssislərə önəm verilməsi, korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin olunması bir çox problemlərin asanlıqla öz həllini tapıb gündəlikdən çıxarılmasını, cəmiyyətdə gərginliyin azalmasını və iqtisadi böhranın önlənməsini, ərəb ölkələrini inqilaba sürükləyən səbəblərin (bu ölkələrdə məmurların xalqdan çalıb Qərb banklarına yatırdıqları milyardların bəzi Qərb dairələrini qıcıqlandırması, Avropada güclənən iqtisadi böhran fonunda ərəb ölkələrində neftdən gələn gəlirlərə göz dikənlərin, onu mənimsəyənlərlə bu vəsaiti bölmək həvəsinə düşməsi və s. kimi) aradan qaldırılmasını təmin edərdi.



İradə Ələsgərova,
Əməkdar mədəniyyət işçisi,
tarix üzrə fəlsəfə doktoru
("Yeni təfəkkür" qəzeti ¹07 (496), 14.04.2017, səh.3;
"Ədalət" qəzeti ¹152 (5141), 24.08.2017, səh.3 və ¹153 (5142), 25.08.2017, səh.3)