AZƏRBAYCAN “FREEDOM HOUSE”UN HESABATINDA

yazarlar
24-12-2017, 21:38 1126
AZƏRBAYCAN  “FREEDOM  HOUSE”UN  HESABATINDA

AZƏRBAYCAN “FREEDOM HOUSE”UN HESABATINDA


“Freedom House” beynəlxalq təşkilatının aprelin 4-də “Keçid ölkələri 2017" (Nations in Transit 2017) adı altında açıqladığı sayca 22-ci hesabatında Mərkəzi və Şərqi Avropa, Avrasiya ölkələrində, Balkanlarda demokratiyanın durumu 1-7 bal üzrə dəyərləndirilir. 1-in ən yüksək, 7-nin ən aşağı göstərici sayıldığı hesabatda Azərbaycana seçki prosesi, vətəndaş cəmiyyəti, insan haqları, müstəqil media, məhkəmə qanunvericiliyi və müstəqilliyi, korrupsiya ilə mübarizə kimi kateqoriyalar üzrə 7, demokratik idarəçilik üzrə isə, 6.50 bal verilib.
Hesabatda 12 region dövlətinin 5-də korrupsiyanın azaldığı, digərlərində isə durumun əksinə pisləşdiyi, yuxarıda qeyd edilən göstəricilər əsasında hesablanan demokratiya balının Azərbaycan, Türkmənistan və Özbəkistanda regionda ən aşağı həddə yuvarlandığı deyilir. Bu balın bizdə ötən ildə olduğundan (6.86) da aşağı, yəni 6.93 civarında olması, eləcə də, son bir ildə beynəlxalq təşkilatlar tərəfindən yayımlanan statistik hesabatlarda Azərbaycanın ötən illərlə müqayisədə bir xeyli geriləyib qonşu dövlətlərdən də geridə qalması (Gürcüstanın bu bal 4.61, Ermənistanda 5.39-dur) özü, hesabatların obyektivliyinin şübhə altına alınmasına əsas verir.
Necə deyərlər, qərəzli yanaşma göz önündədir, çünki, ölkədə idarəetmə sisteminin təkmilləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması sahəsində aparılan işlər göz qabağındadır. Demokratik durumla bağlı vəziyyətin ideal olmadığını, bu və ya digər çatışmazlıqların olduğunu qəbul etsək də, vəziyyətin, beynəlxalq təşkilatların hesabatlarında göstərildiyi qədər kritik olduğunu da iddia edə bilmərik. Bəli, özünü müxalif qüvvələrə aid edənlər arasında barələrində cinayət işi açılanlar, həbs olunanlar var. Ancaq, siyahıda yer alanlardan hər birinin törətdiyi cinayətə görə yox, siyasi baxışına görə məsuliyyətə cəlb olunduğunu da demək olmaz. Deməli, dövlətin beynəlxalq nüfuzuna xələl gətirən belə hesabatların reallığı əks etdirməsi üçün zəruri tədbirlərin görülməsinə, bu sahədə görülən işlərin effektivliyinin yüksəldilməsinə ehtiyac var.
Bu, həlli çətin olsa da, mümkün olmayan məsələ deyil. Çünki, beynəlxalq təşkilatların hesabatları birbaşa ölkəmizdə fəaliyyət göstərən QHT-lərin rəyləri, bu rəylər isə kütləvi informasiya vasitələrində yayımlanan materiallar əsasında formalaşır. Belə hesabatlar demokratik dəyərlərə sadiqliyimizi şübhə altına alıb ölkənin beynəlxalq nüfuzuna zərər verməsin deyə redaktor hazırlığı sahəsində tədrisin keyfiyyəti yüksəldilməli, ideoloji sahə qeyri-peşəkarlardan təmizlənməlidir. Senzuranın ləğv edilməsi redaktorlara çapa verilən və ya yayımlanan materiallarda redaktə prinsiplərinin (dövlətçilik, xəlqilik, ideyalılıq, məntiqlilik və s.) gözlənilməsinə, faktların dəqiqliyinə, mühakimələrin inandırıcılıq dərəcəsinə və ardıcıllığına, arqumentlərin tutarlılığına nəzarəti zəiflətməyə əsas vermir. Milli maraqlarımıza zidd materialların yayımlanmasının qarşısının alınması, dövlətçiliyimizin gələcəyi üçün xüsusi əhəmiyyət kəsb edən bu prinsip və meyarların gözlənilməsinə nəzarət iqtidar və ya müxalifət düşərgəsinə aid olub-olmamasından asılı olmayaraq hər bir redaktorun vəzifə borcudur. Bir də, azad mətbuat, istənilən şəxsə təhsil səviyyəsi və təcrübəsi nəzərə alınmadan qəzet açıb düşüncələrini geniş oxucu kütləsinə çatdırmaq, oxucunu lazım bildiyi səmtə yönəltmək şansının verilməsi demək deyil. Redaktor, yayımlanan hər bir materialın oxucu auditoriyasına göstərə biləcəyi təsiri əvvəlcədən hesablamağı bacaran mütəxəssis səviyyəsinə yiyələnən, ictimai rəyi tənzimləyib lazımi səmtə yönəltməyi bacaran şəxs olmalıdır. Bu gün də müharibə vəziyyətində olan bir dövlətdə nəyin düz, nəyin səhv olduğunun müəyyənləşdirilməsi aldığı informasiyanı incələyib təhlil etməyi, düzgün nəticə çıxarmağı bacarmayan hazırlıqsız oxucu auditoriyasının ixtiyarına buraxıla, ictimai rəyin tənzimlənməsi kimi ciddi məsələ şəxsi maraqlarını dövlətin nüfuzundan üstün tutan qeyri-peşəkarlara etibar edilə bilməz. Bu mənada, hesabatda yer almış hər bir faktın peşəkar hüquqşünas, jurnalist və QHT rəhbərlərinin iştirakı ilə müzakirə edilməsi, haqqında danışılan məqamlara aydınlıq gətirilməsi və yanlışlıqları doğuran səbəblərin göstərilməsi işin xeyrinə olar, həm beynəlxalq təşkilatların, həm də onlara dəqiqləşdirilməmiş, qərəzli informasiya ötürənlərin məsuliyyətini artırardı.
Düzdür, Azərbaycan müstəqil siyasət yürüdən, nəyi edib-etməyəcəyini özü müəyyənləşdirən ölkədir. Lakin, beynəlxalq qurumlarla da hesablaşmamaq düz olmaz. Bu hesabatların qeyri-dəqiq, yanaşmaların (dini mənsubiyyətimizlə bağlı və ya qeyri səbəbdən) qərəzli olduğunu deyib inciyə, onu tərtib edənlərdən üz döndərə bilərik. Amma, uduzarıq. Çünki, bu gün dünyada ictimai rəy, əsas etibarilə məhz beynəlxalq təşkilatların hesabatları əsasında formalaşır. Bu da, bizdən beynəlxalq normaları müəyyənləşdirən təşkilatlarla hesablaşmağı, milli maraqlarımızı bu normalarla uzlaşdırmağı, ölkələrarası qarşılıqlı münasibətləri beynəlxalq hüquqa hörmət müstəvisində qurmağı tələb edir. Bu səbəbdən də, belə hesabatların (xüsusilə də, qərəzli saydığımız) geniş müzakirə edilməsi, yazılanlardan nəyin düz, nəyin səhv olduğunun tutarlı arqumentlərlə, dəqiq faktlarla sübut edilib hesabatı hazırlayanların və dünya ictimaiyyətinin diqqətinə çatdırılması vacibdir. Bu iş görülməlidir ki, beynəlxalq nüfuzumuza zərər verib ölkəmizin adının ”qara siyahılara" salınmasına nail olmaq istəyənlərin arzusu gözündə qalsın.
Müzakirələrdə, “Freedom House” və s. kimi təşkilatların hesabatlarında yer alan çatışmazlıqların bir hissəsinin təsdiqlənməsi də, normal haldır. Çünki, belə və daha ciddi çatışmazlıqlar bizdən hələ çox-çox əvvəl demokratik prinsiplərlə yaşadıqları iddia edilən ölkələrdə də az deyil. Belə hesabatlarda bu, yaxud digər ölkəyə münasibətdə qərəzli mövqenin sərgiləndiyi, korrupsiya faktlarının mövcudluğu ilə bağlı faktların sadalanmasına da ehtiyac yoxdur, məs.: Ermənistandakı seçkilər və s. Əksinə, beynəlxalq təşkilatlarla işi düzgün qurub qarşılıqlı münasibətlərdə buraxılan səhvləri düzəltmək, demokratik dəyərlərə sadiqliyimizin şübhə altına alınmasına və “qara siyahılar”a salınmamıza yol verməmək, daha məntiqli olardı. Çünki, bu hesabatlar qlobal güclərə “azad olmayan ölkələrə demokratiya gətirmək” bəhanəsi ilə istənilən dövlətdə sosial-iqtisadi çətinlikləri və insan haqları ilə bağlı problemləri qabardıb əhali ilə hakimiyyəti qarşı-qarşıya qoymaq, sabitliyi pozub hakimiyyəti daha naşı hakimiyyətlə əvəzləmək şansı verir. Qlobal güclərin hakimiyyət çevrilişindən sonra neft-qaz yataqlarını özlərinə məxsus transmilli şirkətlər arasında bölüşdürüb (Liviyada olduğu kimi) dünyada gedən proseslərə öz maraqları çərçivəsindən yanaşmasına şərait yaradır. Qlobal güclərin dünya hegemonluğunun təmin edilməsinə hesablanan layihənin tərkib hissəsi olub demokratiyaya xarici dəstəyi ifadə etdiyi düşünülən bu hesabatların, əslində nə demokratiya, nə də insan haqları ilə heç bir əlaqəsi yoxdur.
İradə Ələsgərova,
Əməkdar mədəniyyət işçisi,
tarix üzrə fəlsəfə doktoru
( "Ədalət" qəz. ¹90 (5079), 23.05.2017, səh.3, və
"Yeni təfəkkür" qəz. ¹08 (497), 28.04.2017, səh.3)