TƏRƏDDÜDLƏRƏ SON QOYAN ZƏRBƏ...

yazarlar
24-12-2017, 21:36 1015
TƏRƏDDÜDLƏRƏ SON QOYAN ZƏRBƏ...

TƏRƏDDÜDLƏRƏ SON QOYAN ZƏRBƏ...
Aprelin7-sinə keçən gecə ABŞ-ın Aralıq dənizində yerləşən bazasından atılan 59 qanadlı raketdən 23-ü (“Tomoqavk”) Siriyanın Xolms şəhəri yaxınlığındakı Əl-Şayrat hərbi aviabazasını yerlə yeksan etdi: 8 anqar dağıldı, təyyarələr yandı, 6 hərbi qulluqçu öldü, bir neçə yanacaqdoldurma məntəqəsi sıradan çıxdı. İğtişaşlar başlanandan ilk dəfə idi ki, Suriya hərbi obyektləri bu dərəcədə güclü zərbəyə məruz qalırdı.
Donald Tramp raket zərbələrini, ölkəsi tərəfindən aprelin 4-də İdlib əyalətində 100 nəfərə qədər mülki şəxsin (qadın, uşaq) məhvi ilə nəticələnən kimyəvi silahdan istifadəyə verilən “cavab” kimi dəyərləndirdi.
“France-Presse” Agentliyinə verdiyi müsahibədə rəsmi Dəməşqin bu qəbildən olan silah ehtiyatlarının məhvinə hələ 2013-cü ildə razılıq verdiyini xatırladan Suriya prezidenti Bəşər Əsəd, səsləndirilən ittihamları rədd etdi. Qərb mənbələrində, cəbhə xəttini şəhərdən bir xeyli uzaqlaşdırmağa müvəffəq olmuş “Əxrar əş-Şam” müxalif qüvvələrin hücumunun dəf edilməsində kimyəvi silahdan istifadə edildiyi ilə bağlı yazılanları, ABŞ-da “terrorçu tərəfdaşa” dəstək məqsədilə uydurulmuş bəhanə adlandırdı. Öz xalqına qarşı kütləvi qırğın silahından, o cümlədən də kimyəvi silahdan istifadə etmədiyini və gələcəkdə də etməyəcəyini bəyan etdi. Telekanallarda yayımlanan görüntülər isə, insanların kimyəvi maddələrdən zəhərləndiyini göstərir. Həm də, bir neçə il əvvəl də, elə Əsədin dövründə minlərlə insanın kimyəvi silahdan həyatını itirdiyi, hələ yaddaşlardan silinməyib.Politoloq Elxan Şahinoğlunun dediyi kimi, ola bilər ki, hansısa general Əsəddən xəbərsiz kimyəvi silahdan istifadə əmrini verib. Elə isə, bəs niyə kimyəvi silahın ləğvi prosesi axıra çatdırılmayıb və bu prosesə nəzarət etməli olan Rusiya öhdəliyini yerinə yetirməyib? Belə ki, Əsədin kimyəvi silahın tam həcmdə məhv edilmədiyindən xəbərsiz olması versiyası inandırıcı görünmür və onu, rəhbəri olduğu dövlətdə baş verənlərə görə daşımalı olduğu məsuliyyətdən azad etmir.
Rusiya Müdafiə Nazirliyi də kimyəvi silahdan istifadə edildiyini təsdiqləyəcək hər hansı dəlilin olmadığını, bu silahın ləğvi ilə bağlı üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirdiklərini və Suriyanın kimyəvi silah ehtiyatlarının ləğvi faktının, BMT-nin bu faktı araşdıran şöbəsi tərəfindən tərtib edilmiş sənəddə öz əksini tapdığını bəyan etdi. Mülki əhali arasında kimyəvi tozdan zəhərlənmə hallarının olması rus mənbələrində Xan-Şeyxun yaxınlığındakı silah başlıqları emal edən sexlərin partladılması nəticəsində ətrafa dağılan zəhərli tozun havadan nəfəs yollarına keçməsi ilə izah edilir. RF Müdafiə Nazirliyinin məlumatında da Əl-Şayrat aviabazasında istehsal edilib içi zəhərli maddə ilə doldurulan silah başlıqlarının Aleppoda istifadə üçün nəzərdə tutulduğu və İraka ixrac məqsədilə hazırlandığı deyilir. Rusiyanın prezidenti Vladimir Putin, üstəlik, rəsmi Vaşinqtonu da silahlı qruplaşmaların kimyəvi silahdan istifadəsinə göz yummaqda ittiham edib raket zərbələrinin endirilməsində məqsədin, dünya ictimaiyyətinin nəzərlərini İrakda çoxsaylı insan tələfatından yayındırmaq olduğunu dedi. Suriya və İranda kimyəvi silahdan istifadə edildiyi ilə bağlı səsləndirilən ittihama cavab olaraq, deyilənlərin Kimyəvi Silahlara qadağa qoyulması üzrə beynəlxalq təşkilat (OPCW) tərəfindən araşdırılıb həqiqətin üzə çıxarılması tələbi ilə çıxış etdi (REUTERS). Müstəqil Suriyanın suveren hüquqlarının və beynəlxalq normaların pozulmasına səbəb olan raket zərbələrinin, onsuzda acınacaqlı vəziyyətdə olan rusiya-amerika münasibətlərinə zərərsiz ötüşməyəcəyini deyib baş verəniləri “uydurma” bəhanələrlə atılmış addım kimi dəyərləndirdi. Onun mətbuat katibi Dimitri Peskovun dediyinə görə isə, ən başlıcası “bu addım” terrorizmlə mübarizəyə nəinki yardım etmir, əksinə, onunla mübarizə məqsədilə yaradılmış beynəlxalq koalisiyanın da işini əngəlləmiş olur. Bu açıqlamadan sonra Rusiya XİN aviauçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ABŞ-la aralarında imzalanmış Memorandumu birtərəfli şəkildə dayandırdıqlarını elan etmiş, kimyəvi silahla bağlı iddiaların araşdırılması, yekun qərarın qəbul olunması kimi məsələlərin təcili iclasa çıxarılıb müzakirə olunması, anlaşılmazlıqların aradan qaldırılması təklifi ilə BMT-nin Təhlükəsizlik Şurasına müraciət ünvanlamışdır.
Bütün bu ziddiyyətli bəyənatlara rəğmən fakt faktlığında qalır: Suriya bombalanıb. Özü də, beynəlxalq ekspertlərin müzakirə mərhələsində olan bu layihə ilə bağlı yekun qərarı və BMT-nin Təhlükəsizlik Şurasının rezolyusiyası olmadan. Üstəlik, Trampın ardınca ABŞ-ın Suriya koalisiyasına daxil olan digər dövlət başçıları da Əsədi kimyəvi silah işlətməkdə ittiham etməyə başlayıblar. Baxmayaraq ki, məntiqlə zəhərlənmənin səbəbləri axıra kimi dəqiqləşdirilmədən və BMT-nin rezolyusiyası olmadan müstəqil dövlətin ərazisinin bombalanması faktı etirazla qarşılanmalı, bu əmri verənlər qınağa tuş gəlməli idilər.
ABŞ, Fransa və Böyük Britaniya BMT TŞ-yə kimyəvi silahdan istifadənin nəticələrinə görə cavabdehliyin Suriya hökumətinin üzərinə qoyulması ilə bağlı rezolyusiya təqdim etmiş, Əsəd OZXO-ya məktub ünvanlayıb kimyəvi silahla bağlı deyilənlərə aydınlıq gətirilməsini istəmiş (РИА Новости. Башар Джаафари), BMT-nin nümayəndəsi Kim Von Su zəhərlənmənin səbəblərinin dəqiqləşdirilməsinin vacibliyini vurğulamış, Rusiya tərəfini təmsil edən Fedor Strijijovski, sənəd bu şəkildə qəbul ediləcəyi təqdirdə veto hüququndan istifadə edəcəklərini deyib layihənin “faktlar təsdiqin tapmamış günahkarın axtarılması yerinə tədqiqata” yönələn formada tərtib olunmuş variantını təklif etmişdir. Ağ evin nümayəndəsi Şon Spayser Çinin rezolyusiya səsə qoyulanda bitərəf mövqe sərgiləməsini, Florida ştatında Trampla Si Tsinpin arasında baş tutmuş görüşdə ikitərəfli münasibətlərin bərpası ilə bağlı razılıq əldə edilməsi ilə izah edib Rusiyanın, faktiki bu məsələdə təkləndiyini vurğulamışdır. Hər iki tərəfi qane edən həll tapılmadığından müzakirələr dayandırılmış, gözlənilən açıqlama isə bir neçə gün sonra, hücuma məruz qalanların yerləşdirildiyi xəstəxanadan gəlmişdir: Türkiyənin Səhiyyə naziri Rəcəb Akdağ Axar.az-a açıqlamasında “İdlibdə hücuma məruz qalanlardan götürülən qanın analızində metil fosfonik asitin aşkar edildiyini” deyib.
Baş verənlər iki nəhəng dövləti: ABŞ-la bölgədə aparıcı söz sahibi olan Rusiyanı üz-üzə qoydu. ABŞ-ın dövlət katibi Reks Tillersonun aprelin 12-də Moskvada keçirilməsi planlaşdırılan səfərdən öncə etdiyi xəbərdarlıqda Rusiynın Suriyada kimyəvi silahın ləğvinə nəzarətlə bağlı öhdəliyini yerinə yetirməsinin vacibliyi vurğulanır, bu dövlətdə təkrar kimyəvi silaha əl atılacağı təqdirdə ABŞ-Rusiya münasibətlərinə zərər dəyəcəyi bildirilir. Rusiya XİN-nin başçısı S.Lavrov isə BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin tələblərini əsas gətirərək Suriyada beynəlxalq hüquq normalarının (ərazi bütövlüyü, suverenlik) pozulduğunu iddia edir. Bu arada ABŞ-ın BMT-dəki səfiri Niki Haleyin Trampın bununla kifayətlənməyib Suriyada əlavə hərbi əməliyyatlar apara biləcəyini elan etməsi ilə, gərginlik daha da artmış oldu.
Görünür, Tramp özü də Suriyada seçki yolu ilə hakimiyyətə gəlmiş Əsədin silah gücünə devrilməsinin beynəlxalq normalara zidd olduğunun fərqindədir. Əks halda Suriyaya raket zərbələri yağdırmazdan bir neçə gün əvvəl məqsədinin Əsədin devrilməsi yox, İŞİD və digər terrorçu qruplaşmaların məhv edilməsi olduğunu elan etməzdi. ABŞ-ın Suriya ərazisinə raket zərbələri yağdırmasına ehtirazını bildirən rəsmi Kremlin (Rusiyanın Suriyaya hərbi müdaxiləsi beynəlxalq hüquq normaları ilə tənzimlənir, belə ki hərbi bazaları bu ölkədə Əsədin dəvəti əsasında yerləşdirilib) Əfqanıstan bombalananda susması da, Suriyadan fərqli olaraq Əfqanıstanda hədəfin xalqın etimad göstərib seçdiyi şəxsin tərəfində vuruşan qüvvələr yox, terrorçu qruplaşmalar, dağıdılan ərazinin onların yuvası olması ilə izah edilir. Əslində isə, hər iki dövlət başçısı, yalnız özlərinə sərf edəndə beynəlxalq hüquq normalarını, BMT-nin rezolyusiyalarını yada salır, qalan hallarda (Dağlıq Qarabağ, Krım və s.) başında durduqları dövlətin maraqları çərçivəsində hərəkət etməyə çalışırlar. Bu mənada, Rusiyanın, raket zərbələri ilə bağlı verdiyi təpkinin rəsmi Moskvanın Əsədə görə təklənməyi qəbul edib ABŞ-la əlaqələri korlamaq niyyətində olduğunu düşünmək, düzgün olmazdı.
Baş verənlər, Yaxın Şərqə hərbi müdaxilə ilə bağlı təşəbbüsün Rusiya ilə İranın əlinə keçməsinə imkan vermiş Barak Obamadan fərqli olaraq Trampın bölgədə liderliyi heç kəsə güzəştə getmək niyyətində olmadığını göstərir. Həm də, bu o deməkdir ki, bu gün ABŞ-ı yeri gələndə seçkiqabağı kompaniyasında dedikləri ilə daban-dabana zidd mövqe sərgiləyə biləcək, BMT də daxil olmaqla heç bir beynəlxalq qurumla hesablaşmayan, proqnozlaşdırılması mümkün olmayan addımlar ata biləcəyi gözlənilən qətiyyətli və sərt bir prezident idarə edir. ABŞ-ın dövlət siyasətini isə, ənənəvi olaraq prezident yox, seçki yolu ilə hakimiyyətə gələn prezidentin milli maraqlara uyğun davranmasını təmin edə biləcək peşəkarlardan ibarət komanda müəyyənləşdirir. Hərbi büdcənin 54 milyard dollar artırılması faktı və Donald Trampın Rusiyaya münasibətdə sərgilədiyi seçkiöncəsi proqramında edilən dəyişikliklər də, elə bununla izah olunur.
Bölgədəki müttəfiqləri: Türkiyə, İsrail və bölgənin sünni-sələfi ərəb dövlətləri də ABŞ-ın siyasətindəki bu dəyişiklikdən məmnun görünürlər: son vaxtlar Siriyada fəaliyyətini Rusiya və İranla uzlaşdıran Türkiyə də raket zərbələrindən sonra Vaşinqtonun yanında yer alıb yenidən Əsəd məsələsini ön plana çıxardı. Bu gün, əslində Suriyada, Rusiya və İran kimi nəhəng bölgə dövlətləri ilə ABŞ arasında nüfuz savaşı gedir. Bu savaşda məqsəd (mümkün qədər çox mənfəət əldə etmək) eyni olsa da, maraqlar üst-üstə düşmür.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haleyin dediyi:“Türkiyə Suriya məsələsində arxasında olduğumuzdan tam əmin olmalıdır” sözlərindən sonra Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun raket zərbələrini dəstəkləməklə yanaşı, ABŞ-la Rusiya arasında seçim etmək niyyətində olmadıqlarını da bəyan edib Moskvanı Əsədin iqtidarda qalmasını dəstəkləməkdən çəkindirmək cəhdi, bununla izah olunur. Rusiya ilə əlaqələri artıq normallaşdırmış rəsmi Ankara, təbii ki, bu münasibətləri yenidən korlamaq istəmir. ABŞ-ın Əsəd rejiminə dəstəyi dayandırmaq tələbini yerinə yetirməkdən imtina etmək isə, nə Rusiyanın, nə də İranın maragında deyil. Belə ki, qarşıdurmanın şiddətlənməsi, yeni sanksiyaların tətbiqini gündəmə gətirə bilər. 10-11 apreldə İtaliyanın Lukka şəhərində keçirilən, G7 ölkələrinin xarici işlər nazirləri və onların Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Qətərdən olan tərəfdaşlarının iştirak etdiyi toplantının keçirilməsində də məqsəd Suriyadakı durumla bağlı ortaq mövqenin formalaşdırılması və bu mövqenin ABŞ-ın dövlət katibi Tillersonun Moskva səfəri zamanı Rusiya tərəfinə çatdırması idi. Bu görüş, həm də may ayının sonunda keçirilməsi planlaşdırılan Siciliya sammitinə hazırlıq məqsədi daşıyır. Belə ki, qarşıda bizi gözləyən dinamik proseslərin anonsunu vermək olar.
Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov Suriya səmasının Rusiya zenit-raket komplekslərinin (S-300,S-400,“Triumf”,“Tor-1”,“Pantsir”) nəzarətində olduğu (“Tomoqavk” zərbələri endirilən əş-Şarayat aviabazası da daxil olmaqla) halda raketlərin niyə vurulmadığının şərhini verməsə də, bu məsələ mətbuatda, ekspert çevrələrində və sosial şəbəkələrdə əsas müzakirə mövzusu olaraq qalır (Virtualaz.org).
Rusiya hərbi elmlər Akademiyasının müxbir üzvü Sergey Sudakov “İzvestiya” qəzetinə müsahibəsində raketlərin vurulmamasını ABŞ-ın nüvə silahının olması və texniki imkanlarının aviabazaya buraxılan raketləri vurmağa yetməməsi ilə izah edir. Digər hərbi ekspert Vladislav Şurıqin Rusiyanın havadan müdafiə sistemlərinin vaxtaşırı Suriyada hədəfləri vuran İsrail və Türkiyə aviasiyasının da işinə müdaxilə etmədiyini xatırladaraq raketlərin vurulmasının ABŞ-la aralarında münaqişəyə aparıb çıxara biləcəyini əsas gətirib hava hücumundan müdafiə vasitələrinin ancaq Rusiyanın hərbi obyektlərini qoruduğunu bildirir.
Şərq hərbi dairəsinin ehtiyatda olan polkovniki Aleksandr Qordeev və RF-in Hərbi-Sənaye Komissiyasının eksperti Viktor Muraxovski də hava hücumundan müdafiə sistemlərinin (C-300, C-400) “Tomoqavk” qanadlı raketlərini vurmamasını, Siriya hökuməti ilə aralarında bağlanılmış müqavilənin şərtlərinə görə bu ölkəni yalnız terrorçulardan qorumalı olmaqları, digər ölkələrin hücumunu dəf etməklə bağlı öhdəlik götürməməkləri ilə izah edir. Ekspertlər, üstəlik, “Yer”in ovalvari formada və hava hücumundan müdafiə sistemlərinin texniki (radiohorizont) imkanlarının (amerikanın raketdən müdafiə sistemləri də daxil olmaqla) məhdud olması səbəbindən raketlərin dəqiqliklə vurulmasının mümkün olmadığını da etiraf ediblər. ABŞ-ın region dövlətləri: Rusiya, İran və Türkiyə ilə əvvəldən razılaşdırılmadan Suriyaya edəcəyi hərbi müdaxilənin, bu ölkələrin Suriyadakı hərbçilərinin həyatına real təhlükə yaradıb ölkələrarası qarşılıqlı münasibətləri gərginləşdirə biləcəyini də diqqətə çatdırıb, bu təhlükənin hər hansı bir təsadüf üzündən reallaşıb cavab zərbələri və dövlətlərarası münaqişələrlə nəticələnə biləcəyini dilə gətiriblər.
Bütün bunlar, siyasi-iqtisadi maraqları Suriyada toqquşan iki nəhəng güc arasında qarşıdurmanın şiddətlənib münaqişə ilə nəticələnməsinin bu tərəflərdən heç birinə yaxşı heç nə vəd etmədiyini göstərir. Təbii ki, dünyanın ən böyük və güclü nüvə potensialına malik olan ABŞ-la Rusiyanın dövlət başçıları da, bir-biri ilə hesablaşmalı olduqlarının fərqindədilər, əks halda vəziyyətdən çıxış yolu axtarmazdılar.
Pentaqonun nümayəndəsi Erik Pexon (Интерфакс) Əş-Şayrat aviabazasına raket zərbələrinin endirilməsini rus tərəfi ilə razılaşdırmasalar da, hərbçilərə zərər dəyməsini önləmək məqsədilə onların zərbədən əvvəl xəbərdar edildiyini bildirir. Bombardımana 58 dəqiqə qalmış aviabazadan hərbi texnikanın bir hissəsinin çıxarılması, şəxsi heyətin evakuasiya edilməsi Siriya tərəfinə də məlumat çatdırıldığını göstərir. Aviabazaya dəyən zərərin gözlənildiyi qədər çox olmaması da, bununla izah olunur. “РИА Новости” agentliyinin zərbədən dərhal sonra bazaya baş çəkmiş müxbiri uçuş zolağına və aviatexnikanın bir hissəsinə beş qırıcı da daxil olmaqla zərər dəymədiyini xəbər verib. Hərbi müxbir Yevgeni Poddubnı da facebook səhifəsində anqarda yanan maşınların sayının 9 olduğunu yazır. 59 zərbədən yalnız 23-ünün bazaya dəyməsi və zərbə endirilən an İŞİD qruplaşmasının da hökumət qüvvələrinə qarşı hücuma keçməsi (Mixail Voskresenski, РИА Новости), zərbə ilə bağlı informasiyanın tək Rusiya və Siriya tərəfinə ötürülmədiyini göstərir. Üstəlik, ABŞ prezidentinin məsləhətçisi Herbert Makmasterin zərbədən zarin qazı saxlanılan obyektlər alışmasın, mülki şəxslər zərər görməsin deyə zəruri tədbirləri gördüklərini bildirməsi və hərbi sahə üzrə senator qrupunun rəhbəri Gon Makkeynin aprelin 10-da CBS kanalına verdiyi müsahibədə zərbələrə görə məsuliyyətin bir hissəsinin Ağ evin üzərinə qoyula biləcəyini deməsi (ТАСС), zərbənin Əsədin kimyəvi silah ehtiyatlarının məhv edilməsinə nail olmaq məqsədilə endirildiyinə dair söylənənləri alt-üst edir.
Moskva görüşünün konstruktiv məcrada keçməsi, tərəflərin Əsədin hakimiyyətdən getməsi və beynəlxalq terrorizmlə mübarizə məsələlərində ortaq məxrəcə gəlməsi yuxarıda deyilənləri təsdiqləyir: Tilerson iki ölkə arasında qarşılıqlı inama əsaslanan əlaqələrin qurulmasının vacibliyini vurgulamış, Lavrov, Əsədin reallığı qəbul edib hakimiyyətdən getməsi üçün əllərindən gələni edəcəklərinə söz vermiş, Putin, ABŞ-la aralarında imzalanmış Memorandumun bərpasına hazır olduqlarını bildirmişdir. Tərəflər Minsk razılaşması və Koreya yarımadası ilə bağlı BMT TŞ-də qəbul edilmiş rezolyusiyaya dair mövqelərinin dəyişmədiyini, sənəddə əksini tapmış müddəaların yerinə yetirilməsində maraqlı olduqlarını bildirmişlər.
Bütün bunlar bir daha təsdiq etdi ki, Suriyada ərəblərə vəd edilən demokratiya ilə əlaqəsi olmayan, mövcud hökumətin daha naşı, başçının daha sözəbaxan başçı ilə əvəzlənməsinə hesablanan proses gedir. Bu prosesdə iştirak edən qlobal gücləri (bu, yaxud digər tərəfdə olmasından asılı olmayaraq) nə bir neçə yerə parçalanmış dövlətin gələcəyi, nə yurd-yuvası xarabazara çevrilib kütləvi şəkildə məhvə sürüklənən günahsız insanların taleyi narahat etmir. Məqsəd, zəngin karbohidrogen ehtiyatlarına nəzarəti ələ keçirib ölkəsinin təsir dairəsini genişləndirimək, prosesdən mümkün qədər çox mənfəətlə çıxmaqdır. Bu qarşıdurmada real imkanlarını və müttəfiqlərinin ona verə biləcəyi dəstəyin effektivlik dərəcəsini düzgün qiymətləndirə bilməyib ölkəsini xarici güclərin poliqonuna, ona səs verənlərin həyatını cəhənnəmə döndərən Əsəd də bu gün qlobal güclərin əlinə oynayıb ölkənin bütövlüyünü, dövlətçiliyin gələcəyini şəxsi ambisiyalarına qurban verməkdədir. BMT-nin rezolyusiyası olmadan Əş-Şayrat aviabazasına raket zərbələrinin endirilməsi əmrini vermiş Tramp, əslində şəxsi problemlərini həll edib dünya hökmranlığına iddiasını ortaya qoymuş oldu: həm “Rusiyanın adamı” olması ilə bağlı barəsində səsləndirilən ittihamları alt-üst etdi, həm də reytinqini qaldırdı. Suriyanın qanuni prezidentini “heyvan” adlandırmaqla, faktiki bütün dünyaya mesaj ünvanlayıb sözündən çıxan dövlət başçısının şıltaqlığına dözmək niyyətində olmadığını nümayiş etdirdi. Tarixdə hakimiyyətdə qalmaq naminə xalqını qırğına vermiş prezident kimi qalacaq Əsədə, istefa verib hakimiyyəti dövlətçiliyin qorunub saxlanılmasını təmin edə biləcək birinə təhvil verib onu dəstəkləyən Rusiya və ya İrandan siyasi sığınacaq istəməkdən qeyri yol qoymadı. Bu yol Bəşər Əsədin, onu gözləyən təhlükəni atladıb Səddam Hüseynin aqibətini təkrarlamasının qarşısını alardı.
Əş-Şayrat aviabazasına endirilən raket zərbələri tək ABŞ-la Rusiya arasında münasibətləri gərginləşdirmədi, həm də bütün dünyanın BMT-nin çətiri altında vahid cəbhədə birləşib terrorizmə və onu dəstəkləyənlərə qarşı mübarizə aparmasının, beynəlxalq qurumların dövlətlərarası konfliktlərin nizamlanmasında rolunun artırılmasının gərəkliliyini göstərdi. Yaxın Şərqdə baş verənlərin əslində demokratiya, insan haqları ilə əlaqəsi olmadığını açıqlayıb məkrli məqsədlərinə çatmaq naminə terrorçu qruplaşmalar təşkil edib onları qidalandıranları nişan verdi. Yaxın Şərqdə gündən-günə alovlanan münaqişə ocaqlarının kökündə bu şəbəkəni yaradanların ideoloqlarının yürütdüyü ikibaşlı siyasətin durduğunu deməyə əsas verdi. İkili siyasət yürüdənlərin bir məqsədinin də islama tapınanlar haqqında geridə qalmış sivilizasiya kimi rəy formalaşdırıb islamı dünyaya təhlükə kimi qələmə vermək, terrorizmlə eyniləşdirmək olduğunu göstərdi. Demokratiya pərdəsi altında ərəb dünyasına sırınan “bahar”, ərəblərə xöşbəxtlik yox fəlakət gətirdi, əsrlərlə formalaşmış infrastruktur dağıldı, əhali yurd-yuvasından didərgin düşdü, dövlətçiliyin özünə belə təhlükə yarandı. Ondan yararlananlar isə, bölgədə təsirini artırmağa çalışan supergüclər, Qərb, region dövlətləri, qazanc dalınca bölgəyə gələn transmilli şirkətlər, silahlı terrorçu qruplaşmalardir.
Bu mənada, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilməsi və dinlər, sivilizasiyalararası dialoqların mərkəzinə çevrilmiş Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, müxtəlif təriqətlərə parçalanmış İslam aləminin birləşib onları ayıran məsələlərlə bağlı ortaq məxrəcə gəlməsi, gücümüzün, imkanımızın nümayiş etdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Senarisi ölkə xaricində yazılan məkrli planlara dəstək verənlər vaxtında aşkarlanmalı, milli maraqlarımıza zidd oyunlarda yer alanların planları güclü Azərbaycan qarşısında iflasa uğramalıdır!

İradə Ələsgərova,
Əməkdar mədəniyyət işçisi,
tarix üzrə fəlsəfə doktoru