İNFORMAİYA YAYIMI VƏ JURNALİST MƏSULİYYƏTİ

yazarlar
24-12-2017, 21:30 988
İNFORMAİYA YAYIMI VƏ JURNALİST MƏSULİYYƏTİ

İNFORMAİYA YAYIMI VƏ JURNALİST MƏSULİYYƏTİ
"Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz".
İLHAM ƏLIYEV
Elm, texnika inkişaf etdikcə insanlar arasında ünsiyyətin mahiyyəti, forması da dəyişir. Cəmiyyətin hansı təbəqəsinə mənsub olmasından asılı olmayaraq istifadəçiyə dünyanın istənilən nöqtəsi ilə vaxta məhdudiyyət qoyulmadan (fərq etməz: gecə və ya gündüz) əlaqə yaratmaq imkanı verən internet və sosial şəbəkələr, ona fikrindəkiləri geniş auditoriyaya çatdırmaq imkanı yaradır. Nəticədə, istifadəçi aralarındakı yaş fərqini nəzərə almadan və sonrasını düşünmədən tanımadığı, təhsil səviyyəsinə bələd olmadığı həmcinsləri ilə bu, yaxud digər formada vizual ünsiyyət qurur, yeni tanışlarına, dediklərinin necə qarşılanacağından ehtiyat etmədən yaxınlarına belə etiraf edib deyə bilmədiyini deyib onların fikrini ala bilir. Virtual şəbəkələrin yaratdığı bu informasiya bolluğu geniş auditoriyaya ünvanlanan məlumatın sahibinə çatdırılmasını təmin etsə də, bizə əlavə başağrısı da yaradır. Çünki, bu bolluq əsas etibarilə dediyi sözün mənasını axıra kimi dərk edib, oxucuya göstərə biləcəyi təsiri əvvəlcədən hesablamağı bacarmayan, fikrini dəqiqliklə ifadə edib qarşısındakına çatdıra bilməyənlərin sayıqlamaları hesabına yaranır. Belə informasiya bolluğunda dəyər kəsb edən fakt və fikirləri tapıb bir-biri ilə əlaqələndirmək, müqayisəli təhlil aparıb cəmiyyəti bu, yaxud digər məsələnin həllinə yönləndirə biləcək nəticənin çıxarılmasına nail olmaq elə də asan başa gəlmir. Fikrindəkini dəqiqliklə ifadə edib çatdırmağı, dediyi sözün məsuliyyətini daşımağı, cümlələrini oxucuya ünvanladığı fikri inkişaf etdirməklə qurmağı bacarmayan şəxslərin jurnalistikaya axını isə, yalnız mövcud ideoloji durumu pisləşdirib gərginliyi daha da artırmağa xidmət edir.
Hər adamdan jurnalist olmaz! Jurnalist psixoloji cəhətdən dayanıqlı, geniş dünyagörüşlü şəxs olmalı, milli və dövləti maraq kəsb edən məsələlərdə vətəndaş mövqeyindən çıxış edərək zərurət yaranan hallarda cəmiyyəti bu, yaxud digər məsələnin qeyri-standart həllinə kökləməyi və bu həllin vacibliyinə inandırmağı bacarmalıdır: yerində deyilən söz insanı qarşıda onu gözləyən təhlükəyə doğru getməyə ruhlandırıb qələbəyə köklədiyi kimi, qol-qanadını sındırıb qəlbində həyat eşqini, mübarizə əzmini öldürə də bilər.
Jurnalistin peşəkarlığı, onun fikrini dilimizin qayda-qanunlarına uyğun, yəni yığcam - birmənalı tərzdə ifadə edib çatdırmaq bacarığı ilə ölçülür. Bunun üçün tək oxumaq kifayət deyil: bu peşəni seçən şəxsdən dünyada və ətrafında baş verənlərlə bağlı məlumatlı olmaq, faktları reallığa uyğun dəyərləndirib qeyri-standart vəziyyətlərdə düzgün qərar qəbul etmək və bu qərarın cəmiyyətdə də qəbul edilməsini təmin etmək tələb olunur. Jurnalist, istedadına, təcrübəsinə güvənməklə yanaşı, daim yeniliklərə açıq olmalı, intellektini inkişaf etdirib analitik təfəkkür imkanlarını genişləndirməlidir. Onun cəmiyyətdəki mövqeyini tək aldığı təhsil, topladığı biliyin səviyyəsi, ağlı, kamalı, faktları təhlil edib ümumiləşdirmək bacarığı deyil, həm də mənəvi-əxlaqi keyfiyyətləri, ünsiyyət mədəniyyəti, etik-estetik tərbiyyəsi müəyyənləşdirir.
Jurnalistika açıq, şəffaf fəaliyyət sahəsidir. Qabiliyyət və istedadına arxalanan istənilən şəxs qeydiyyatdan keçib qəzet çıxara bilər. Bir şərtlə ki, buraxdığı qəzet, jurnalistlik fəaliyyəti "KİV haqqında qanun"a uyğun olsun. Çünki, yazdıqları göz qabağında olacaq. Media qurumlarında təmsil olunub-olunmamasından asılı olmayaraq istənilən şəxs internetə girib saytlara baxmaqla, qəzetləri vərəqləməklə, bu, yaxud digər müxbirin qələmindən çıxan yazı ilə tanış olub ona münasibət bildirə, görülən işi dəyərləndirə bilər. Üstəlik, hər jurnalistin əməl etməli olduğu etik normalar (dəqiqlik, obyektivlik, informasiya qaynaqlarına sayğı, şəxsi həyatın, şərəf və ləyaqətin toxunulmazlığı və s. ) da var. Bu normaların pozulması cinayət məsuliyyəti yaratmasa da müəlliflə bağlı mənfi rəy yaradıb onu etibardan sala bilər.
Dediyinə və yazdıqlarına görə ilk növbədə mənəvi məsuliyyət daşıyan jurnalistin auditoriyası fərdin auditoriyasından böyük olduğundan, dediyi söz üçün daşıdığı məsuliyyətin həcmi də fərqli, yəni nisbətən böyük olur. Çünki, qələmindən çıxan söz ictimai rəyin formalaşmasına birbaşa təsir göstərir. Bu səbəbdən də, mənəvi- əxlaqi problemləri olan şəxsin jurnalistlik fəaliyyəti ilə məşğul olması arzuolunmazdır.
Jurnalistin dünyagörüşü, söz ehtiyatı, yazı mədəniyyəti, obyektivliyi, fakt toplamaq məqsədilə getdiyi obyektlərdə sərgilədiyi davranış və s. etik normalara uyğun olmalıdır: bu peşə sahibinin hazırladığı materiallara göz gəzdirməklə, onun fəaliyyəti və şəxsiyyəti, bəzən isə, hətta hansı ailədə tərbiyə alıb hansı mühitdə böyüdüyü ilə bağlı bilgilər əldə etmək olar. Vətəndaşa şər atıb onu böhtan obyektinə çevirən, istədiyinə nail ola bilməyəndə təhqirə keçib şantaj yolu ilə pul qoparmağa çalışan, təsis etdiyi qəzeti reket alətinə çevirən “jurnalistlər”lə bağlı Mətbuat Şurasına daxil olan faktlar, jurnalistikada bu peşənin mənəvi dəyərlərini maddiyyətə qurban verən təsadüfi şəxslərin sayının heç də az olmadığını göstərir. Bu da son nəticədə, bu şərəfli peşənin daşıyıcılarına qarşı cəmiyyətdə yüzilliklərlə formalaşmış münasibətə mənfi təsir göstərib mənəvi-əxlaqi dəyərləri uca tutan qələm sahiblərinin gördüyü işə də kölgə salmış olur.
Jurnalisti yazdığı məqaləyə görə cinayət məsuliyyətinə cəlb edib azadlığını məhdudlaşdırmaq da düz olmaz. Ola bilər ki, təcrübəsizlikdən səmimiliyinə inandığı hansısa şəxsdən aldığı informasiya əsasında kiminsə imicinə xələl gətirən yazı yazıb. Kim səhv etmir ki? Dövlət başçımız da, hələ 2009-cu ildə demokratik prinsiplərin aliliyini nəzərə alıb ölkəmizdə plüralizm və söz azadlığının təmin olunması məqsədilə KİV əməkdaşlarının peşə fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməsinin məqsədəmüvafiq olmadığına bildirib. Bu siyasi iradənin nəticəsidir ki, 2009-cu ildən ötən dövr ərzində ölkəmizdə KİV əməkdaşları peşə fəaliyyətinə görə məhkum olunmur. Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam da bu, yaxud qeyri səbəbdən məsuliyyətə cəlb edilən KİV əməkdaşlarına alternativ cəza tədbirlərinin tətbiq olunmasına imkan verir: bu günlərdə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunması da, dövlət başçısının bu məsələdə mövqeyinin dəyişmədiyini isbat edir.
Amma, əyər hansısa qəzetdə insanların şərəf və ləyaqəti ilə oynanılır, onlara şər, böhtan atmaq, şantaj yolu ilə pul qoparmaq "xüsusi fəaliyyət növünə" çevirilirsə, belə hallar diqqətdən kənarda qala bilməz. Tənqidlə təhqirin, həqiqətlə yalanın, reallıqla böhtanın sərhədləri qəsdən, müntəzəm və məqsədyönlü şəkildə pozulursa, deməli söhbət "reket jurnalistikası"ndan gedir. Belələrinin özlərini sığortalamaq üçün üzv olduqları qondarma qurumlara müraciət edib onları öz müdafiələrinə qaldırması da, heç nəyi dəyişmir. Çünki, necə yozulmasından asılı olmayaraq həqiqət birdir: qəzet vasitəsilə insanı təqib edib ondan rüşvət ummağın mətbuat və söz azadlığına aidiyyəti yoxdur və ola da bilməz! Belələri ilə bağlı cinayət işini "söz, mətbuat azadlığının boğulması" kimi təqdim edən, sapı özümüzdən olan “balta”lar, yalnız ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq niyyətində olanların dəyirmanına su tökmüş olurlar. Çünki, "tənqid"lə "reket" məqsədiyə yazılmış materialı, yalnız qərəzli, təmənnalı olanlar səhv salıb qarışdıra bilər!
Jurnalist adını daşıyıb cəmiyyət qarşısında məsuliyyətini dərk edən hər bir kəs belə xoşagəlməz hallardan uzaq olmalıdır. Çünki, belələrinin bu sahəyə gəlişi mətbuata başucalığı gətirmir, üstəlik bu mühitin ab-havasını da korlamış olur. İnsanlar jurnalistdən dəqiq, qərəzsiz, obyektiv xəbər gözləyirlərsə, jurnalist də peşə fəaliyyətinə kölgə sala biləcək məqamlardan uzaq olub fəaliyyətini sağlam təməl üzərində qurmağa, vətəndaşı olduğu ölkənin və onun əhalisinin maraqlarından çıxış etməyə borcludur.
Jurnalist fərqli baxış bucaqları və təfəkkür tərzlərinin kəsişdiyi, maddi-mənəvi dəyərlərin maddiyyətlə qarşılaşdığı cəmiyyətdə sabitliyin təmin olunmasına töhfə verə biləcək sənət sahibidir. O, istənilən situasiyada neytrallığı qoruyub saxlamağı, topladığı informasiyaları araşdırıb təhlil etməklə aldığı nəticəni tutarlı, təkzibolunmaz dəlillərlə əsaslandırıb lazımi məcraya yönəltməyi bacaran peşəkar kimi hərəkət etməlidir. Yaradıcılıq insanın özünüifadə forması, jurnalistika – bu özünüifadəyə əsaslanan yaradıcılıq sahəsidir. Bu sahə, yalnız istedad, bilik və bacarığın reallıqla uzlaşdırılması yolu ilə inkişaf etdirilə bilər.
Jurnalist ictimaiyyətə açıq olmalı, özünə layiq bilmədiyini başqasına rəva bilməməlidir. Bilməlidir ki, söz azadlığı ona, hüquq normaları ilə ziddiyyət təşkil edən fəaliyyət düzənləyib kiminsə şəxsi həyatına müdaxilə etmək, şərəf və ləyaqətini alçatmaq haqqı vermir. Və bu, jurnalistin hüquq və vəzifələrinin təsbit edildiyi “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda və Jurnalistlərin Peşə Davranışı Qaydalarında (AJPDQ) da öz əksini tapıb. Amma, qanunvericiliklə də tənzimlənməlidir ki, cəmiyyəti mənəvi aşınmalara, ölkəni qarşıdurma və dağıntılara aparıb çıxara biləcək yazılar qəzet səhifələrinə, saytlara yol tapmasın. İnformasiya peşə etikasına və redaktə prinsiplərinə (dövlətçilik, xəlqilik, ideyalılıq, dəqiqlik, inandırıcılıq və s. ) uyğun - dəqiq və qərəzsiz təqdim edilsin. Başqa cür təqdim etməyin mənası da, yoxdur. Çünki, atalar sözündə deyildiyi kimi: “yalan ayaq tutar, yeriməz”. Bir sözlə, jurnalistlərdən yüksək əxlaqi normalara sadiqlik, peşəkarlıq tələb edilir və bu, beynəlxalq jurnalistikada da belədir. Peşəkarlığın, yetkinliyin yolları isə oxuyub öyrənib təcrübə toplamaqdan keçir.
Jurnalistikanın məqsədi informasiyanı insanlara operativ, obyektiv, qərəzsiz və tərəfsiz çatdırmaqdır. Amma, təəssüf ki, bu heç də həmişə belə olmur. Siyasi və fərdi maraqların önə keçdiyi hallarda obyektivlik və tərəfsizlik unudulur, qərəz önə keçir. Nəticədə, mətbu orqan siyasiləşir, ya da reket girdabına yuvarlanır. Bu da, demokratiyanın təməl prinsipi kimi qəbul edilən mətbuat və söz azadlığına ziddir. Jurnalist ilk növbədə obyektivliyə söykənməli: heç bir halda və heç nəyə görə dəqiqliyə xələl gətirib faktı təhrif etməməlidir. Obyektivlik, jurnalistikanın peşəkarlıq meyarıdır. Kim tərəfindənsə ona ötürülən "fakt və materialları" saf-çürük edib dəqiqləşdirmədən qəzet səhifəsinə çıxaranın yazının sonunda "gün ərzində yazıda yer almış faktları dəqiqləşdirmək üçün göstərdiyimiz cəhdlər puça çıxdı, telefona cavab verən olmadı" və "qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq" yazmaqla özünü sığortalaması, təbii ki, səmimiyyətdən irəli gəlmir və nə məqalə müəllifini, nə də redaktoru məsuliyyətdən azad etmir. Qeyri-dəqiq informasiya yaymaqla təqsirsiz insanları təkzib verməyə məcbur etmək plüralizm prinsipinə ziddir!
Elə, operativlik naminə əksər hallarda telefon vasitəsi ilə alınan açıqlama və müsahibələrin, onları verən şəxs mətni oxuyub imzalamadan çapa verilməsi də, düz deyil. Jurnalistin təcrübəsizlikdən və ya bilərəkdən fikri özü bildiyi kimi "redaktə" edib kəskinləşdirməsi, yaxud başqa səmtə yönəltməsi, yolverilməzdir. Belə hallarda müsahibə verən şəxs yenidən çıxış edib fikrini dəqiqləşdirməli olur ki, bu da, ona qarşı əsassız şübhələr yaradır (əvvəl belə deyib sonra arxasından qaçır?). Jurnalistin, başqasının fikrini ictimaiyyətə təhrif olunmuş formada təqdim etməsi, onun qeyri-peşəkarlığından xəbər verir, tək onu yox, həm də yazdığını çap edən dərgini hörmətdən salır. Yeni texnika və texnologiyaların tətbiqi informasiyanın oxucuya operativliklə çatdırılması ilə bağlı problemi aradan qaldırıb. İndi qalır, informasiya mənbəyi ilə əlaqə yaradıb məlumatı vaxtında və dəqiqliyi ilə almaq. Bu isə, jurnalistdən cəmiyyətdə nüfuz sahibi olub ictimaiyyətlə qarşılıqlı əlaqələri düzgün qurmağı tələb edir. Çünki, insanlar hadisə baş verəndə, təbii ki, inandıqları qəzetə, müxbirə müraciət edirlər. Bu inamı qazandıran amil isə, jurnalistin əxlaqi keyfiyyətləridir. Fərdi marağa görə söyləniləni təhrif edən qələm əhli ilə heç kəs əlaqə yaratmaq istəmir. Çünki, ona inanmır! Belə ki, etika tək jurnalistin yox, həm də, onun çalışdığı KİV-in uğur təminatçısıdır.
Yaxın keçmişdə müxtəlif sahə mütəxəssisləri də jurnalistikaya üz tutar, təcrübə toplayıb ümumi axında istedadları, deyim tərzləri, fərdi yanaşma üsulları ilə fərqlənər, öz üslublarına yiyələnməklə jurnalistikanı zənginləşdirib ona özləri ilə yeni səs, yeni nəfəs gətirərdilər. Bu gün, bu sahədə maliyyə çətinliklərinin olması və jurnalistlərin həyat səviyyəsinin aşağı düşməsi jurnalistikaya yüksək intellekti, əqli və analitik təfəkkür imkanları ilə seçilən istedadlı şəxslərin axınını dayandırıb. Bu gün bu sahəyə üz tutanlar, əsasən kitabxanaçı, iqtisadçı, müəllim, hətta çilingər, çoban kimi öz sahəsində uğur qazanıb mütəxəssis kimi özünü təsdiqləyə bilməyən təsadüfi şəxslərdir. Belələrinin qəzet təsis edib Baş redaktor vəzifəsinə yiyələnməsi, media məkanında mənəvi-əxlaqi normaların qorunub saxlanmasını da çətinləşdirir.
Tənqid yerinə təhqir, satira yerinə söyüş yazıb yüngül əxlaq və bayağı həyat tərzini təbliğ edənlər, bununla tarixi köklərimizdən uzaq düşüb milli özəlliyimizə balta vurduqlarının fərqinə varmırlar. Bizə, məqsədli şəkildə sırınan bu deqradasiyanın katalizatoru rolunda isə, gündəlik həyatımızda rolu günbəgün artıb güclənən media - mətbuat, televiziya, radio və internet çıxış edir. Aqressiya, zorakılıq, var-dövlət hərisliyi, harınlıq və s. eybəcərliklərin qabardılıb təbliğ edildiyi cəmiyyətdə inkişafdan, yüksək əxlaqi keyfiyyətlərdən, vətənpərvərlik, demokratiya və insan hüquqlarına hörmətdən danışmağa dəyərmi?
Elə, dəqiqliyinə əmin olmadıqları informasiyanı oxucu auditoriyasına təqdim edənlər də, bununla KİV-ə qarşı inamsızlıq yaradıb ictimai rəyə təsir imkanlarını məhdudlaşdırdıqlarının fərqinə varmırlar. Sensasiya məqsədilə verilmiş informasiya və televerilişlərin, təhrif olunmuş informasiyaların təsiri altında böyüyən gənc nəsil, təbii ki, ənənəvi mənəvi-əxlaqi oriyentirlərimizdən uzaq düşüb ətrafında baş verənləri anlamaqda çətinlik çəkəcək. Bir məqamı da nəzərə almaq lazımdır ki, övladlarımızı tək biz yox, həm də üzvü olduqları cəmiyyət tərbiyə edib böyüdür. Evdə deyilənlərlə və ya KİV-də yazılanlarla cəmiyyətdə qarşılaşdıqları üst-üstə düşməyəndə, onlar həqiqəti, sadəcə bu mənbələrdən kənarda axtarmalı olurlar. Deməli, onlara təsir rıçaqlarımız da, zəifləmiş olur. Bu səbəbdən də, KİV-in tək informasiya verməklə kifayətlənməyib, həm də verdiyi xəbərin dəqiqliyinin, şərhlərin inandırıcılığının qeydinə qalması və baş verənlərə obyektiv münasibət bildirilməsi, vacibdir. Əks halda, aldığı informasiyanı beyninin süzgəcindən keçirib düzgün dəyərləndirməyə biliyi, təcrübəsi çatmayan gənc, yanlış istiqamətlərə də sürüklənə bilər.
Bəli, bu gün həyatımızı, onun tərkib hissəsinə çevrilib müqayisəyəgəlməz dərəcədə böyük sosial-psixoloji təsir gücü əxz etmiş KİV-siz təsəvvür etmək qeyri-mümkündür. KİV-in tək bilavasitə şüurumuza təsir etməyib, həm də şəxsiyyət kimi formalaşmağımızda müəyyən rol oynaması da, günümüzün reallığıdır. Bu səbəbdən də, gənc nəslin təlim-tərbiyəsində müstəsna rol oynayan KİV-nin fəaliyyətində başlıca məqsəd gənclərin mənəvi yetkinliyi olmalı, elm, təhsil təbliğ edilməli, mənəvi-əxlaqi zəmində yazılmış məqalə və verilişlər üstünlük təşkil etməlidir. Mətbuatda cəmiyyətdə baş verənlər tərəfsiz və qərəzsiz təqdim edilməli, faktlar reallığa söykənməli, çatışmazlıqlar olduğu kimi, onları doğuran amillər nəzərə alınmaqla araşdırılmalı, baş verənlərə münasibət bildirilib problemlərin həlli yolları göstərilməlidir. Çünki, xəstəni xəstəliyin diaqnozunu gizlətməklə sağaltmaq mümkün olmadığı kimi, faktları, statistik göstəriciləri təhrif etməklə də, problemlərin həllinə nail olub xalqın rifah halını yaxşılaşdırmaq olmaz.
Yaradıcılıq üçün ən zəngin mənbə həyat, yaşayıb-yaradan insanlar, onların ağrı-acısıdır. Bu, yaxud digər səbəbdən oğul itirmiş anaların, tənha qocaların, həyat yoldaşlarını qazanc dalınca qürbətə yola salıb qaçqın şəhərciklərində əlləri qoynunda qalmış qadınların, bilik səviyyəsinə uyğun iş tapıb bacarığını reallaşdıra bilməyən, əlacsız qalıb intihar yolunu seçən gənclərin dərd-sərindən, həyatımızı cəhənnəmə döndərən köhnəlmiş stereotiplərdən yazıb diqqəti çatışmazlıqların aradan qaldırılması yollarına yönəltmək jurnalistin bir nömrəli vəzifəsi, işi olmalıdır. Çünki, cəmiyyəti narahat edən problemlər mütəxəssis səviyyəsində işıqlandırılıb müzakirə edilmədən öz həllini tapmayacaq. İdarəetmə, təkmilləşdirilməyə ehtiyacı olan dinamik elm sahəsidir. Onun effektivliyi isə, cəmiyyətdə baş verənlərin dəqiq statistikasının aparılmasını, faktların peşəkarlar tərəfindən və operativliklə araşdırılmasını, çatışmazlıqların, onları doğuran amillər də nəzərə alınmaqla incələnib təhlil edilməsini və problemlərin aradan qaldırılmasını tələb edir.
Bu gün reallıq ondan ibarətdir ki, KİV-də (xüsusilə də, saytlarda) bayağı xarakterli materiallar çoxluq təşkil edir, media cəmiyyətdə gedən mənəvi deqradasiya (əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə etinasız yanaşan, danışığı, geyim-kecimi ilə özünü avropalılara bənzətməyə çalışan gənclərlə, eləcə də, müstəqillik illərində kifayət qədər güclənmiş dini radikalizm meylləri və s.) ilə bağlı həyəcan təbili çalıb koordinasiya olunmuş məqsədyönlü fəaliyyət sərgiləyə bilmir. Televiziya ekranları, qəzet səhifələri və saytlarda gündəmi mövcud ictimai-siyasi, sosial-iqtisadi proseslərin təhlilindən ibarət araşdırmalar, konstruktiv təklif və tövsiyyələr yerinə milli psixologiyamızla uyuşmayan qeybət xarakterli sensasiya doğuran xəbərlər, yüz ildə bir dəfə baş vermiş utancverici nəsnələr, sənət adamlarının şəxsi həyatında baş verən qalmaqallarla bağlı mənasız təfərrüatlar, abırsız şəkil və kollajlar zəbt edir. Bəzi media orqanları hələ bütün bunlar yetmirmiş kimi, ölkə xaricində baş verən neqativ hallarla bağlı xəbərləri də şərh vermədən daxildə baş verənlərə qarışdırıb kütləvilik görüntüsü yaratmaqla oxucunun nəzərində rəngi daha da tutqunlaşdırır, bununla baş verənləri adiləşdirdiklərinin fərqinə varmırlar.
Günbəgün addımları sürətlənən qloballaşma jurnalistkanın dinamik inkişafını şərtləndirdiyi kimi, media məkanına da təsirsiz ötüşmür. İnformasiya yayımı vasitələrinin istənilən vaxt dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq bilavasitə bu, yaxud digər şəxsin evinə girib beynində formalaşan rəyə təsir göstərmək imkanı əxz etməsi, informasiya axınını ictimai proseslərin idarə edilməsində əhəmiyyətli rıçaqlardan birinə çevirir. Və, görünən budur ki, artıq informasiyanın toplanması, saxlanması, işlənilib yayılması və istehsalı proseslərinə öz qayda və qanunlarını diktə etməklə dünya çapında söz sahibi olmağa can atan beynəlxalq media şirkətləri də, bunun fərqindədirlər. Senzura tarixə qovuşsa da, transmilli korporasiyalar (və şübhəsiz ki, onların arxasında duranlar) xəbərlərin manipulyasiyası yolu ilə supergücləri dünya hegemonluğuna aparan, ölkələrarası sərhədlərin, mədəniyyətlərarası fərqlərin silinməsinə yönələn məqsədyönlü təbliğat aparır, beynəlxalq rəyi nəzarətdə saxlamağa çalışırlar. Belə bir şəraitdə ölkəmizin də üzvü olduğu beynəlxalq təşkilatların yürütdüyü "ikili standartlar" siyasətinə, “mətbuat, söz azadlığı, insan haqları” ilə pərdələnmiş tələb, təpki və təzyiqlərinə dirəniş göstərib milli-mənəvi dəyərlərimizə zidd qanunların qəbulunun əngəllənməsi, media və dövlət qurumlarının birgə, sinxron fəaliyyətini qaçılmaz edir. Və, bu prosesdə ağırlığın əsas hissəsi də, elə peşəkar media kapitanlarının çiyninə düşür.
Bu gün, sivil dövlət quruculuğu yolunu seçmiş ölkəmizin də tərəfdar çıxdığı beynəlxalq hüquqi normaların tətbiqi sahəsində maarifləndirmənin gücləndirilməsinə ehtiyac var. Lakin, dünyəvi demokratik dəyərlərin və universal standartların təbliği milli dəyərlərdən imtina formasında həyata keçirilməməlidir. Çünki, cəmiyyətin özəyi olan ailə və ailədə qadının bərabərhüquqlu tərəfdaş, gender bərabərliyinin insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi təqdim edilməsi, məişət zorakılığı, erkən nikah və s. kimi mənfi halların aradan qaldırılıb köhnəlmiş stereotiplərin dağıdılması kimi məsələlərin yüksək mənəvi-əxlaqi dəyərlərimiz kontekstində işıqlandırılması, cəmiyyətdə ahəngdarlığın təmin olunması deməkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ həllini tapmadığı bir vaxtda bədxahlarımızın dünya çapında bizimlə bağlı formalaşdırdığı mənfi obrazı, rəyi dağıdıb xalqımızı müsbət imicdə təqdim etmək üçün görülən işlər hələ yetərli deyil. Mənəvi-əxlaqi dəyərlərimizin acımasız qanunlarla idarə olunan "mədəni dünya”nın daimi maraqlar, iddialar üzərində qurulmuş ziddiyyətlərlə zəngin girdabına yuvarlanıb deqradasiyaya uğraması, bir millət kimi formalaşmağımızı təmin edən özəlliyimizi itirilib tarix səhnəsindən silinməyimizlə nəticələnə bilər. Bu, baş verməsin deyə KİV-də gedən materiallarda bizi digərlərindən fərqləndirən, əcdadlarımızın yüzilliklər ərzində təcrübədən keçirib doğru olduğuna əmin olduqları ortaq əxlaqi norma və inancların formalaşdırdığı milli-mənəvi dəyər və əxlaq normalarımızın gözlənilməsi vacibdir. Ailə institutunu möhkəmləndirmək, qanunlara və dini inanclara hörmət edib ədalətli davranmaq, gəncləri tolerantlıq, çalışqanlıq, qonaqsevərlik, yardımsevərlik, vətənsevərlik ruhunda tərbiyə etmək kimi özəlliklərimizin qorunub gələcək nəsillərə çatdırılması, tək xalq kimi formalaşmağımızı təmin etmir, həm də, dövlətimizin zəifləməsini əngəlliyir. Dövlətçiliyimizin möhkəmlənməsinə cəhd etmək isə, dünyanın harasında yaşamağından asılı olmayaraq hər birimizin ümdə vəzifəsi olmalıdır. Azərbaycançılığın təbliği və milli dəyərlərin dəstəklənməsi soydaşlarımızın həmrəyliyi baxımından da xüsusi önəm daşıyır və iqtisadi uğurlarımızın əsasını təşkil edir. Bu işdə həlledici rol isə, mediaya məxsusdur.
Bəli, bu gün Azərbaycanda yüzlərlə qəzet, jurnal, televiziya, radio kanalları, informasiya agentlikləri fəaliyyət göstərir. Amma, çatışmazlıqlarla bağlı konstruktiv mövqenin sərgiləndiyi, reallığı əks etdirən dəyərli araşdırmalarla çox az rastlaşırıq. Populist yazılarla problemin həllinə yardım etmək yerinə ziyan vuran, yalaqlıq, yaltaqlıq, məddahlıqla məşğul olan zəif qələm sahibləri isə, az deyil. Deməli, önəmli olan kəmiyyət yox, keyfiyyətdir. Keyfiyyəti təmin etmək üçün isə, ilk növbədə təsadüfi şəxslərin media məkanına axınını dayandırmaq lazımdır. Bu məqsədlə qəzet, sayt təsis etməklə bağlı müraciət edənlərin qarşısında, bu sahədə ali təhsil aldıqdan sonra azı 10 il KİV-də çalışıb özlərini təsdiqləmək və s. kimi haqlı tələblər qoyula, “Kütləvi informasiya vasitələri haqqında” AR qanunu və Jurnalistlərin Peşə Davranışı Qaydalarını (AJPDQ) üç və daha çox dəfə pozmuş KİV-in adını qara siyahıya salınıb (bir vaxtlar olduğu kimi) çap olunmaları müəyyən müddətə (6 ay, 1 il və s.) əngəllənə, özünü KİV adlandırıb 500 nüsxədən az tirajla çap olunan, ya da fəaliyyət göstərdiyi 5 ildən artıq müddətdə 100 abunəçi belə toplaya bilməyən qəzetlərin fəaliyyəti məhdudlaşdırıla bilər. Bu şərtləri ödəməyən KİV-ə rəhbərlik edənlərin peşəkarlıqdan, yetkinlikdən danışmağa haqqı çatmır və media məkanında fəaliyyət sərgiləmələri də, düz olmaz.
Dövlətimizin müdafiə qüdrətinin yüksəlməsi, ölkə daxilində sosial-iqtisadi vəziyyətin daim yaxşılaşmasını və ideoloji sabitliyin dayanıqlılığının təmin edilməsini tələb edir. Biz də, bunu arzulayırıqsa, dövlət başçımızın jurnalistlər üçün tikilmiş binanın açılışında jurnalistlərə ünvanladığı mesajı unutmamalı, ədalətsizliklərə, qanunsuzluqlara dərhal reaksiya verib, dövlət orqanlarının diqqətini cəmiyyəti narahat edən məsələlərə cəlb etməklə bizi dostu, köməkçisi sayan prezidentimizin etimadını doğrultmalı, çatışmazlıqların dövlətçiliyimizin möhkəmlənməsinə əngəl olmasına yol verməməliyik.
İradə Ələsgərova,
Əməkdar mədəniyyət işçisi,
tarix üzrə fəlsəfə doktoru
("Ədalət" qəzeti ¹169 (5158), 20.09.2017, səh.6 və ¹170 (5159), 21.09.2017, səh.6 .