Ermənilərlə görüşən siyasi ekspertimizdən ilginc açıqlamalar

siyaset
3-06-2016, 10:24 879
Ermənilərlə görüşən siyasi ekspertimizdən ilginc açıqlamalar
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən təhlükəsizlik məsələləri ilə bağlı beynəlxalq konfransda iştirak edən siyasi ekspert Elxan Mehdiyev ilginc müşahidələrini bölüşüb.
Musavat.com-a istinadən, ekspertin dediyinə görə, erməni tərəfi sözügedən tədbirə böyük nümayəndə heyəti ilə qatılıbmış.
Bir çox erməni ekspertlərlə xeyli müddətdir tanış olan E.Mehdiyev aprel döyüşlərindəki uğursuzluqlardan sonra ermənilərin hansı qənaətdə olduqlarını öyrənib. Onun dediyinə görə, görüşdüyü və çoxdan tanıdığı ermənilərlə açıq danışıb: "Çünki həm onlar məni tanıyırlar, həm də mən onları və burada təbliğat keçmir. Onlarla 1995-ci ildən bəri aramızda o qədər mübahisə, dava-dalaş olub ki, indi biz artıq bir-birimizi bir sözdən də anlayırıq. Digər tərəfdən, mən artıq son 6 il ərzində ermənilərlə bu mövzuda olan beynəlxalq tədbirlərə qatılmırdım. Çünki açığı, özümü məğlub sayırdım. Onların iştirak etdiyi tədbirlərə yazırdım ki, həmən erməniləri bu konfransdan çıxartsanız, gələrəm. Belə hallar Türkiyədə də olmuşdu. Çünki biz son 20 ildə bu məsələ ilə bağlı dünyanın hər yerində üzləşirdik və mənim fikirlərim yox, ilbəil onların fikirləri öz təsdiqini tapırdı".
Ekspertin sözlərinə görə, son 22 ildə ilk dəfə Azərbaycan ordusunun aprel qəhrəmanlığı vəziyyəti dəyişdiyindən budəfəki görüşdə onun ermənilərə deyəcəyi çox söz vardı: "Bu baxımdan budəfəki görüş Ermənistanla bağlı müşahidələrimin təsdiqi oldu. Söhbət əsnasında mənə tam aydın oldu ki, ermənilər Azərbaycan ordusunun gücünü görüblər və qorxu içindədirlər. Öz orduları haqqında cəmiyyətdə aparılan yalan təbliğat, miflər və Azərbaycan ordusunu aşağılayan stereotiplər öz başlarında partlayıb. Amma daxildəki psixoz təbliğat xalqa düzgün düşünməyə də imkan vermir. Ermənistanda daxili təbliğat hələ də XIX əsrin sonu və XX əsrin əvvəli erməni "fədai"lərinin Osmanlı İmperatorluğuna qarşı apardığı təbliğat hekayələri, filmlər, teatrlar və gündəlik TV verilişləri üzərində qurulub. Onun davamı kimi də 90-cı illərdə Azərbaycanda hakimiyyətsizlik dövründə apardıqları terror və etnik təmizləmə "qəhrəmanlarını" vəsf etməklə xalqı tamamilə psixoz vəziyyətində saxlayırlar. Cəmiyyətdəki bütün müzakirələr ancaq torpaq tutmaq üzərində qurulub. Gələcəyə baxış vizionu yox dərəcəsindədir".
E.Mehdiyev erməni ekspertlərlə görüşdən əldə etdiyi digər informasiyaları da bölüşdü: "Ermənistanda Serj Sərkisyan probleminin olduğu da vurğulandı. İşğal üzərində siyasət quranların əlindən kozırlar gedir. Onlar necə olursa-olsun, bunu əldə saxlamaq hayındadırlar. Müstəqil və yarı-müstəqil erməni ekspertlərinin fikri budur ki, Sərkisyanın işğal edilmiş torpaqlardan çıxmaq fikri yoxdur. O, vəziyyəti sakitləşdirməyə çalışır və Azərbaycan tərəfi ilə oynayaraq yenə də vaxt qazanmağa, işğalı uzatmağa cəhd göstərir. Məqsəd birdir: qarşıdakı 1 il 6 ay ərzində danışıqları uzatmaq, vəziyyəti soyutmaq, yeni silahlar əldə etmək və Azərbaycana yaranmış vəziyyətdən heç bir vəchlə yararlanmağa imkan verməmək. Bu baxımdan iyun görüşündə də Sərkisyan bizim ümid etdiyimiz kimi, razılaşma istiqamətində yox, indi də razılaşmaya doğru imitasiya yaratmaqla vaxtı uzatmağa çalışacaq. Onun məqsədi 2018-ci ildə yenidən baş nazir postunu ələ keçirməkdir. Çünki Ermənistan 2018-dən parlamentli respublikaya keçir".

"Söhbət əsnasında mənə tam aydın oldu ki, ermənilər Azərbaycan ordusunun gücünü görüblər və qorxu içindədirlər"

E.Mehdiyev bildirdi ki, təmasda olduğu bir qisim erməni ekspertləri də Azərbaycanın gözləntilərinin əbəs olduğunu deyir və daha çox iyul və ya avqust ayları üçün hərbi əməliyyatların başlanacağını düşünürlər: "Yəni onlar da Azərbaycan hərbi-siyasi rəhbərliyinin iyun görüşünün nə nəticə verəcəyini gözlədiklərini deyirlər. Müzakirələrimiz zamanı mənim də onlara verdiyim mesajlar oldu və onlar bu mesajları qəbul etdiklərini söyləyirdilər. Mən onlara Azərbaycanın indiki dönəmdə məsələnin həlli üçün qətiyyətli olduğunu və hər şeyin Sərkisyanın iyun görüşündəki davranışından asılı olacağını bildirdim. Dedim ki, Sərkisyan əvvəlki ampluasında qalacaq, yoxsa dinc yolla torpaqlardan çıxmaq niyyəti var, bütün bunlar sonrakı gedişatın taleyini həll edəcək. Mənim onlara çatdırdığım əsas mesaj o idi ki, indi Azərbaycan zabiti savaşa öndə gedir, daha əsgərin arxasınca getmir və belə ordunun qarşısını almaq mümkün deyil. Üstəlik, xalq şəhid olmuş əsgər və zabitlərini alqışlarla qarşılayır. Xalq itkilərə baxmayaraq tam şəkildə səfərbər olub. Onların nəzərinə çatdırdım ki, sizin səngərlərə yığdığınız "qocalar" indi bizdə gülüş doğurur. Çünki indi Azərbaycan müasir müharibə aparır, səngər davası yox".
Ekspert dedi ki, ermənilər Azərbaycan ordusunun müasir silahlarla silahlandığı və yaxşı təlim keçdiyi qənaətindədirlər.
Müzakirələrdə Dağlıq Qarabağın gələcək statusu ətrafında da müzakirələr aparılıb: "Mənim fikrim bu idi ki, Qarabağ erməniləri Azərbaycanın ərazi bütövlüyünü tanısalar, statusları da yüksək olar. Çünki Azərbaycan tərəfi daha çox ərazi bütövlüyündə maraqlıdır, nəinki oradakı yerli hakimiyyət orqanlarının səlahiyyət dərəcəsində. Onsuz da yüksək dərəcəli özünüidarəetmə mərkəzi hakimiyyətin əlində az sayda məsələdə suverenliyi saxlayır. İkincisi, status və oradakı əhalinin təhlükəsizliyi haqqında danışanlar bilməlidirlər ki, Xocalı və Şuşa qayıtmadan orada heç vaxt təhlükəsizlik olmayacaq. Bunu erməni həmkarım da təsdiqlədi və bildirdi ki, özü də bu sözləri İrəvanda deyir. Onlara dedim ki, Xocalının geri qaytarılması, sağ qalan əhalinin yurdlarına dönməsi daha çox vacibdir və buna onların hamıdan daha çox mənəvi haqqı var, onların haqqını inkar etmək isə insanlığa qarşı getməkdir".
Ekspert hesab edir ki, Azərbaycan tərəfinin indiki dönəmdə, iyun görüşünə qədər atəşkəsə tam riayət etməsi ən alqışlanan haldır: "Çünki bu, həm ermənilərin, həm də vasitəçilərin bütün arqumentlərini ofsaydda qoyur və erməni tərəfindən real addımlar gözlənilir. Əgər qarşı tərəf bundan yenə də sui-istifadəyə getsə - bu, gözləniləndir - o zaman məncə, hamı üçün qərar aydın olacaq. Çünki aprel hadisələrindən sonra həm bizim baxışımız, həm də beynəlxalq baxış odur ki, heç bir təklif edilən mexanizm erməni işğalını uzada bilməyəcək".