İlham Əliyev: "Cənub qaz dəhlizinin icrası bizə Azərbaycan qazının dünya bazarlarına çıxarılmasına imkan verəcək"

siyaset
1-06-2016, 12:37 1043
İlham Əliyev: "Cənub qaz dəhlizinin icrası bizə Azərbaycan qazının dünya bazarlarına çıxarılmasına imkan verəcək"
"Enerji siyasəti və bu sahədə əməkdaşlıq, uzun müddətli əməkdaşlıq ancaq sağlam zəmində qurulmalıdır. Heç vaxt enerji faktoru başqa məqsədlər üçün istifadə olunmamalıdır. Hansısa başqa sahələrdə imtiyazlara nail olmaq üçün istifadə edilməməlidir. Hesab edirəm ki, Azərbaycanın mövqeyi burada artıq dünya miqyasında rəğbət qazanıb. Digər tərəfdən, bu mövqe öz haqqını artıq nümayiş etdirir. Və bu göstərir ki, ancaq bu yanaşma uğur gətirə bilər".
Trend-ə istinadən, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 sərgilərinin açılış mərasimində çıxışında deyib.

İlham Əliyev qeyd edib ki, biz istəyirik, Azərbaycanda inkişaf daha da sürətlə getsin, istəyirik ki, bölgədə sabitlik möhkəmlənsin: "Bu gün dünyada baş verən hadisələr, təbii ki, bizi də narahat edir. Dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaranır, müharibələr, qarşıdırmalar, ziddiyyətlər, toqquşmalar - əlbəttə ki, bu arzuolunan mənzərə deyil. Biz isə çalışırıq ki, bizim bölgəmizdə sabitlik olsun. Ancaq sabitlik şəraitində ölkədə inkişaf gedə bilər. Ancaq sabitlik şəraitində ölkələrə investisiya qoyula bilər".

Dövlət başçısı bildirib: "Bu gün Şahdəniz qaz yatağı dünya miqyasında ən böyük qaz yataqlarından biridir və artıq Şahdənizdən çıxarılan qaz regional bazarlara çıxarılır. Cənub qaz dəhlizinin icrası bizə imkan verəcək ki, həm Şahdəniz qazı, həm digər yataqlardan çıxarılacaq Azərbaycan qazı dünya bazarlarına çıxarılsın və beləliklə biz həm neft, həm qaz proqramlarımızı tam şəkildə icra edək".

İlham Əliyev qeyd edib: "Təbii ki, bu gün Cənub qaz dəhlizi haqqında danışarkən biz 90-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik. Çünki əgər o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, onda əlbəttə ki, bu dəhliz də yaranmazdı. Bakı-Tbilisi-Ceyhan Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi və enerji dəhlizini formalaşdırdı. Həmən dəhliz üzərindən indi Azərbaycan qazı dünya bazarlarına çıxarılacaq. Demək olar ki, o dəhlizlərin coğrafiyası böyük dərəcədə eynidir və bu dəhliz hal-hazırda nəqliyyat dəhlizinə çevrilir. Çünki biz neftdən əldə edilən gəlirləri nəqliyyat infrastrukturuna yönəldərək çox ciddi nəqliyyat bağlantıları əldə etmişik və Şərq-Qərb nəqliyyat dəhlizi bu gün reallaşır və əminəm ki, bu ilin sonuna qədər tam istifadəyə veriləcək və beləliklə neft, qaz, nəqliyat dəhlizləri Azərbaycan üzərindən keçəcək".

Dövlət başçısı bildirib ki, bu arada biz elektrik enerjisinin ixracı ilə də bağlı lazımi addımlar atmışıq və bu gün Azərbaycan elektrik enerjisi də ixrac edir: "Yəni bizim coğrafi vəziyyətimiz, qoyulan sərmayə və düşünülmüş siyasət, tərəfdaşlarla apardığımız birgə fəaliyyət bax bu reallıqları yaradıb. Bu reallıqlar həm Azərbaycan dövlətinə, xalqına xidmət edir, həm qonşu dövlətlərin maraqlarını təmin edir və geniş coğrafiya baxımından beynəlxalq əməkdaşlığı gücləndirir. Beynəlxalq əməkdaşlıq olmadan, əlbəttə ki, biz heç bir layihəni icra edə bilmərik. Çünki Azərbaycanın açıq dənizlərə, dünya bazarlarına çıxışı yoxdur. Məhz buna görə böyük vəsait neft və qaz kəmərlərinin tikintisinə yönəldilir. Və beynəlxalq əməkdaşlığın da təşəbbüskarı biz olmuşuq. Bu da təbiidir. Çünki bu bizə lazımdır".

Prezident İlham Əliyev sonra qeyd edib: "Bizə lazım idi ki, neft-qaz kəmərləri tikilsin ki, bu resurslar dünya bazarlarına çıxsın. Tranzit ölkələr, istehlakçı ölkələr də böyük maraq göstərirlər. Onlar da əlbəttə ki, bu layihələrdən bəhrələnirlər. Tranzit ölkələr onilliklər bundan sonra böyük mənfəət götürəcəklər. İstehlaçkı ölkələr əlavə, alternativ qaz mənbələrinə çıxışı əldə edəcəklər. Yəni burada bütün tərəflər ancaq qazanır. Əlbəttə, bu beynəlxalq əməkdaşlığı formalaşdırmaq üçün ilk növbədə Azərbaycan öz səylərini göstərməliydi və göstərdi. Əgər 90-cı illərin ortalarında üçtərəfli format yaranırdısa - Azərbaycan, Gürcüstan, Türkiyə, bu gün bu format genişlənir və Cənub qaz dəhlizinin üzv ölkələri müxtəlif qurumları təmsil edirlər. Yenə də Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa İttifaqına üzv olan ölkələr - Bolqarıstan, Yunanıstan, İtaliya, Albaniya, 7 ölkə artıq Cənub qaz dəhlizinin üzvləridir. Balkan ölkələri də bu layihəyə maraq göstərirlər. Bəzi Balkan ölkələri ilə artıq memorandumlar da imzalanıb ki, gələcəkdə biz Cənub qaz dəhlizinin qollarını açaq".

Dövlət başçısı vurğulayıb ki, indi əsas xətt Bakıdan İtaliya sahillərinə qədər uzanan bir xətdir: "Ancaq bu xətdən kənara çıxan qollar da olmalıdır, bu məsələlər üzərində də biz işləyirik. Bizim kifayət qədər qaz resurslarımız var. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2.6 trilyon kubmetrə bərabərdir. Hazırda Abşeron, Ümid yataqlarının işlənməsi ilə bağlı hazırlıq işləri aparılır. Əminəm ki, bu layihələr də uğurla nəticələnəcək və beləliklə, Azərbaycanın qaz hasilatı daha da artacaq. Azəri-Çıraq-Günəşli yatağının dərin laylarında böyük qaz yataqları var. Biz onların da hasilatı ilə bağlı ciddi addımlar atırıq. Yəni onu demək istəyirəm ki, biz öz fəaliyyətimizi Cənub qaz dəhlizinin mövcud olan formatı ilə məhdudlaşdırmaq istəmirik. Biz istəyirik ki, daha da geniş çoğrafiyaya çıxaq. Buna nail olmaq üçün qaz resursları var və artıq beynəlxalq əməkdaşlıq formatı da yaranıb".

İlham Əliyev sonra bildirib: "Siz yaxşı bilirsiniz ki, artıq ikinci dəfədir ki, bu ilin fevralında Bakıda Cənub qaz dəhlizinin Məşvərət Şurası keçirilib, bütün üzv ölkələrin nümayəndələri yüksək səviyyədə təmsil olunub: "Avropa Komissiyasının iki vitse-prezidenti, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın yüksək vəzifəli nümayəndələri iştirak ediblər və yekun bəyannaməyə imza atıblar. Bu bəyannamədə Azərbaycanın Cənub qaz dəhlizi layihəsinin icrasında liderlik rolu qeyd edilib. Əlbəttə, bu bizim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Məşvərət Şurasının yaradılması da məhz bizim təşəbbüsümüz idi və mən şadam ki, Avropa Komissiyası da bu təşəbbüsə öz dəstəyini göstərdi. Beləliklə, biz artıq çox ciddi koordinasiya format çərçivəsində işləyirik və şadam ki, biz bütün hədəflərə çatırıq. Yadımdadır, keçən il bu sərginin açılışında iştirak edərkən qeyd etmişdim ki, 2015-ci ildə TANAP layihəsinin təməli qoyuldu, bu gün məmnunluq hissi ilə qeyd etməliyəm ki, keçən ay, iki həftə bundan əvvəl TAP layihəsinin təməli qoyuldu. Yəni biz ardıcıllıqla öz hədəflərimizə çatmaq üçün qabağa gedirik və bütün hədəflərə çatırıq".

Prezident qeyd edib ki, əgər gördüyümüz işlərin xronologiyasına baxsaq, görərik ki, biz çox böyük ardıcıllıqla, məqsədyönlü, planlı şəkildə öz hədəflərimizə çatmaq üçün irəliləyirik: "1994-cü ildə "Əsrin Kontraktı"nın imzalanması, 1996-cı ildə Şahdəniz layihəsinin kontraktının imzalanması, 1997-ci ildə Çıraq yatağından ilk neftin çıxarılması, 1999-cu ildə Bakı-Supsa neft kəmərinin tikilməsi bizi Qara dəniz limanları ilə birləşdirdi. 2003-cü il Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlqoyma mərasimi, 2006-2007-ci il Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi, 2012-ci il Türkiyə ilə Azərbaycan arasında TANAP lahiyəsinin imzalanması, ondan sonra 2014-cü ildə Cənub qaz dəhlizinin təməl daşının qoyulması, 2015-ci ildə TANAP-ın təməlinin qoyulması və nəhayət, 2016-cı ildə TAP layihəsinin təməlqoyma mərasimi. Bax bu da xronologiya. Yəni bugünkü vəziyyət öz-özünə yaranmır. Bugünkü əldə edilmiş uğurlar göydən düşmür, bu, gərgin, məqsədyönlü iş nəticəsində mümkün olub və bir də demək istəyirəm ki, ancaq beynəlxalq əməkdaşlıq çərçivəsində biz bu nailiyyətlərə çata bilərdik. Bu gün vəziyyət ondan ibarətdir ki, Cənub qaz dəhlizinin icrası qrafik üzrə gedir, hal-hazırda bizim qarşımızda enerji sahəsində duran əsas vəzifə Cənub qaz dəhlizinin icrasıdır. Əminəm ki, qrafik üzrə bu proses gedəcək. Cənub qaz dəhlizinin bütün dörd seqmentində də, Şah Dəniz, Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP layihələrində işlər gedir və əminəm ki, vaxtlı-vaxtında icra ediləcək. Cənub qaz dəhlizi iqtisadi layihədir, eyni zamanda təhlükəsizlik layihəsidir.

Bu gün dünyada enerji təhlükəsizliyi məsələsi ön plana çıxır. Hər kəs artıq başa düşür ki, enerji təhlükəsizliyi olmadan ölkələrin milli təhlükəsizliyi haqqında danışmaq mümkün deyil. O ölkələr ki, enerji resursları ilə zəngin deyillər, əlbəttə ki, onlar digər resurslardan asılıdır".

İlham Əliyev bildirib: "Bizim vəzifəmiz həmişə o olub ki, enerji faktorundan əməkdaşlığı dərinləşdirmək üçün istifadə edək: "Azərbaycan heç vaxt öz potensialından başqa məqsədlər üçün istifadə etməyib. Bizim istəyimiz və arzumuz ondan ibarət olub ki, əməkdaşlığı dərinləşdirək, bizim qonşuluğumuzda vəziyyət sabit olsun. Bu sabit vəziyyət imkan versin ki, biz transmilli layihələri icra edək ki, Azərbaycan xalqının rifah halını yaxşılaşdıraq. Ölkəmizin qüdrətini artıraq".

Dövlət başçısı deyib ki, buna görə də Cənub Qaz Dəhlizinin məşvərət şurasında müzakirə olunan məsələlərlə bağlı fikir ayrılığı yoxdur: "Ona görə ki, orada bütün maraqlar təmin edilir. İstehsalçı ölkənin, Azərbaycanın maraqları, tranzit ölkənin maraqları və istehlakçı ölkələrin maraqları. Biz ancaq bu maraqların uzlaşması şəraitində istəyimizə nail ola bilərik. Əgər 3 tərəfdən biri yalnız öz maraqlarını güdsəydi, biz bu uğura nail ola bilməzdik. Bu çox gözəl bir nümunədir.

Azərbaycan nümunəsi, hesab edirəm ki, bir çox ölkələr üçün də maraqlı ola bilər. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. 25 il ərzində Azərbaycan sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilər. Yaxşı yaşaya bilər. Öz taleyinin sahibi ola bilər, bütün ölkələrlə normal münasibətlər qura bilər və ən əsası ondan ibarətdir ki, gələcəyə də bizim çox dəqiq və aydın baxışlarımız var".

İlham Əliyev bildirib ki, biz hazırda Cənub qaz dəhlizinin icrası ilə ciddi məşğuluq: "Bununla bərabər, bəlkə də daha ciddi iqtisadiyyatın şaxələndirilməsi ilə məşğuluq ki, neft amilindən asılılığı tam aradan götürək və Azərbaycan iqtisadiyyatı uzunmüddətli, dayanıqlı iqtisadiyyat ola bilsin. Bu istiqamətdə görüləsi işlər çoxdur, 2016-cı il bizim üçün və bütün neftlə zəngin olan ölkələr üçün sınaq ilidir. Neftin qiyməti bu il bir neçə dəfə aşağı düşüb və təbii ki, bu bütün ölkələr üçün sınaqdır. Ancaq hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. 2016-cı il sabitləşmə ili olmalıdır".

Dövlət başçısı deyib ki, artıq biz bunu görürük: "Gələn ildən isə iqtisadi artım bərpa ediləcək. Biz son 10 il ərzində çox yüksək iqtisadi artım şəraitində yaşamışıq. Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Əlbəttə, bizim iqtisadiyyatımız, əhalimiz buna öyrəşib, indi yeni dövr başlayır. İstənilən şəraitdən biz üzüağ çıxa bilərik və çıxırıq. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, dünyada yaranmış bu böhrandan Azərbaycan xalqı əziyyət çəkməsin. Ona görə bütün sosial proqramlar icra edilir, maaş və pensiyalar 10 faiz qaldırılıb, bütün sosial infrastrukturun yaradılmasında işlər gedir və əlbəttə ki, gələcək illər üçün gözəl zəmin yaradılır".

İlham Əliyev sonra qeyd edib ki, neft qiymətinin aşağı düşməsi bir stress vəziyyəti yaratmışdı: "Mən hesab edirəm ki, bu bizim xeyirimizə oldu. Bir çox qurumlar, o cümlədən dövlət qurumları öyrəşmişdilər ki, müxtəlif layihələrin icrası üçün onlara böyük həcmdə vəsait ayrılır. İndi biz bu məsələlərə qənaətlə yanaşırıq, ancaq prioritet məsələlərə vəsait ayrılır. Əsas vəsait isə özəl sektordan gəlməlidir. Daxili və xarici investorlar vəsait qoyurlar və bizə inanırlar. Hesab edirəm ki, bu illər ərzində biz etibarlı tərəfdaş kimi gözəl reputasiya qazanmışıq. Neft sahəsində, bilirsiniz ki, bütün kontraktlar pay bölgüsü əsasında imzalanıb və bir nöqtəni, vergülü dəyişə bilmərik və dəyişmək fikrimiz də yoxdur. Bu, inamı artırır. Bütün başqa sahələrdə neft sahəsində olan şəffaflıq və proqnozlaşdırma meyilləri daha da güclənməlidir".

İlham Əliyev vurğulayıb: "94-cü ildən bu günə qədər bütün sahələrdə olduğu kimi enerji-qaz sahəsində də Azərbaycan çox uğurlu və şərəfli yol keçmişdir. Bütün qarşımıza qoyduğumuz vəzifələr icra edilmişdir. Bir dənə də olsun planlaşdırdığımız layihə yarımçıq qalmamışdır. Bütün layihələri biz icra etmişik. Və bu layihələri icra etmək üçün çox böyük səylər göstərildi. Eyni zamanda, böyük maliyyə resursları ayrıldı".

O qeyd edib ki, bir çox ölkələrlə razılıq əsasında bu böyük layihələr icra edildi: "Çünki ilk növbədə nefti Xəzər dənizindən çıxarmaq, sahilə gətirmək, onu dünya bazarlarına nəql etmək məsələləri dayanmışdı və burada, əlbəttə ki, beynəlxalq əməkdalıq olmadan bu məsələləri həll etmək mümkün olmazdı. Eyni zamanda, regionda sabitlik olmalı idi. İnvestorların inamı artmalıydı ki, bu layihələr icra edilsin, əks təqdirdə nə beynəlxalq maliyyə qurumları, nə də şirkətlər öz vəsaitini qoymazdılar. Bu istiqamətdə ciddi iş aparılmışdır və 1990-cı illərin ortalarında Azərbaycanda sabitlik tam təmin edilmişdi. İnvestorlar bizə inandılar və Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoymağa başladılar. Biz də bu imkanlardan səmərəli şəkildə istifadə etdik. Neftdən əldə edilən gəlirləri qeyri-neft sektoruna yönəltdik. Ölkə iqtisadiyyatını şaxələndirmək üçün boyük səylər göstərildi və bu gün Azərbaycanın ümumdaxili məhsulunda neft faktoru haradasa 30 faizdən bir qədər çoxdur".

Dövlət başçısı qeyd edib ki, ümumi gəlirlərimizin böyük hissəsi qeyr-neft sektoru hesabına formalaşır: "Ona görə şəffaf vəsaitin saxlanması və idarə edilməsi üçün dövlət neft fondu yaradılmışdır ki, bu gün dunya miqyasında ən şəffaf suveren neft fondlarından biridir. Və bütün aparılan infrastruktur və yenidənqurma işləri bir məqsəd güdürdü ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli olsun, biznes imkanları genişlənsin, neftdən və qazdan asılılıq daha da aşağı düşsün. Bu istiqamətdə biz bu gün də işləyirik və bizim üçün bu gün ən önəmli vəzifə ondan ibarətdir ki, dayanıqlı uzunmüddətli iqtisadiyyat konsepsiyamızı icra edək ki, gələcəkdə neftin qiymətindən ümumiyətlə biz asılı olmayaq. 90-cı illərin ortalarında isə tam başqa vəzifələr qarşımzıda dururdu. Həm neft, həm qaz potensialımızı maksimum dərəcədə dünya bazarlarına çıxarmalı idik. Və təsadüfi deyil ki, 94-cü ildə "Əsrin kontraktı"nın imzalanmasından 2 il keçməmiş 1996-ci ilin iyununda Şahdəniz qaz yatağı üzrə hasilatın pay bölgüsü kontraktı imzalanmışdır".