İlham Əliyev: "Bütün sahələrdə olduğu kimi enerji-qaz sahəsində də Azərbaycan çox uğurlu və şərəfli yol keçib"

siyaset
1-06-2016, 12:29 915
İlham Əliyev: "Bütün sahələrdə olduğu kimi enerji-qaz sahəsində də Azərbaycan çox uğurlu və şərəfli yol keçib"
"94-cü ildən bu günə qədər bütün sahələrdə olduğu kimi enerji-qaz sahəsində də Azərbaycan çox uğurlu və şərəfli yol keçmişdir. Bütün qarşımıza qoyduğumuz vəzifələr icra edilmişdir. Bir dənə də olsun planlaşdırdığımız layihə yarımçıq qalmamışdır. Bütün layihələri biz icra etmişik. Və bu layihələri icra etmək üçün çox böyük səylər göstərildi. Eyni zamanda, böyük maliyyə resursları ayrıldı".

Trend-in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 sərgilərinin açılış mərasimində çıxışında deyib.

İlham Əliyev qeyd edib ki, bir çox ölkələrlə razılıq əsasında bu böyük layihələr icra edildi: "Çünki ilk növbədə nefti Xəzər dənizindən çıxarmaq, sahilə gətirmək, onu dünya bazarlarına nəql etmək məsələləri dayanmışdı və burada, əlbəttə ki, beynəlxalq əməkdalıq olmadan bu məsələləri həll etmək mümkün olmazdı. Eyni zamanda, regionda sabitlik olmalı idi. İnvestorların inamı artmalıydı ki, bu layihələr icra edilsin, əks təqdirdə nə beynəlxalq maliyyə qurumları, nə də şirkətlər öz vəsaitini qoymazdılar. Bu istiqamətdə ciddi iş aparılmışdır və 1990-cı illərin ortalarında Azərbaycanda sabitlik tam təmin edilmişdi. İnvestorlar bizə inandılar və Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoymağa başladılar. Biz də bu imkanlardan səmərəli şəkildə istifadə etdik. Neftdən əldə edilən gəlirləri qeyri-neft sektoruna yönəltdik. Ölkə iqtisadiyyatını şaxələndirmək üçün boyük səylər göstərildi və bu gün Azərbaycanın ümumdaxili məhsulunda neft faktoru haradasa 30 faizdən bir qədər çoxdur".