ABŞ özü Azərbaycana silah satmamaqla Rusiyaya xeyir verir

siyaset
31-05-2016, 13:47 875
ABŞ özü Azərbaycana silah satmamaqla Rusiyaya xeyir verir
Vaşinqton Rusiyanı bütün perimetr boyunca sıxışdırır.
Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzi adından onun rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Ekspert qeyd edib ki, Vaşinqton əvvəlcə Rumıniya və Polşada raketlərdən müdafiə sistemləri yerləşdirməyə qərar verdi, ardından Baltik ölkələrində və Gürcüstanda hərbi təlimlər keçirtdi. Mayın 23-də isə ABŞ prezidenti Barak Obama Vyetnama səfər etdi. ABŞ 1963-1974-cü illər arasında Vyetnamda kommunistlərlə qanlı savaş aparıb, müharibədə on minlərlə amerikalı hərbçi və milyonlarla vyetnamlı həlak olub. ABŞ Vyetnamla diplomatik münasibətləri 1995-ci ildə bərpa edib. İndi isə üstündən az qala 40 il keçdikdən sonra Vaşinqton müharibə etdiyi kommunist rejimə silah satmağa qərar verib.
Onun fikrincə, Vaşinqtonun Vyetnamla əlaqələrini intensivləşdirməsinin iki praktik marağı var: "Birinci maraq odur ki, Vaşinqton Çinlə Vyentam arasında bəzi ərazilərlə bağlı mübahisədə ikinci dövlətin tərəfini tutur. Təsadüfi deyil ki, aparılan sorğuların nəticəsinə görə, amerikalı hərbçilərin vaxtilə günahsız vyetnamlıları qətlə yetirmələrinə rəğmən, vyetnamlıların indiki nəslinin təxminən 70 faizi Amerikaya simpatiya ilə yanaşır.
Vaşinqtonun Vyetnama silah satmasının ikinci marağı isə Rusiya-Vyetnam hərbi əməkdaşlığını zəiflətməkdir. Məsələ burasındadır ki, Rusiya Vyetnama milyardlarla dollara silah satır. Rusiya uzun illər ABŞ-ın Vyentama silah satmaq qadağasından öz məqsədləri üçün istifadə edib. İndi isə ABŞ bu bazarda da Rusiyanı sıxışdıracaq".
E.Şahinoğlunun fikrincə, əslində, Azərbaycan da Vyetnam kimi ABŞ-dan silah almaq istəyərdi, ancaq bunun üçün Konqresin qərarı lazımdır: "ABŞ-ın Azərbaycana silah satmaması Rusiyanın xeyrinədir. Çünki ABŞ Azərbaycana silah satmadığı halda, Rusiya Azərbaycana satdığı silahdan milyardlarla dollar gəlir əldə edir. Halbuki, bu gəliri ABŞ əldə edə bilərdi, üstəgəl də bu, Azərbaycan-ABŞ strateji əməkdaşlığına müsbət təsir edərdi".