Litvada "Xocalı"ya QADAĞA qoydular

siyaset
31-05-2016, 13:42 1053
Litvada "Xocalı"ya QADAĞA qoydular
Litvada Azərbaycan icmasının nümayəndələri ilə şəhər məmurları arasında qalmaqal yaşanıb.
Anspress-ə istinadən, Litva KİV-nə istinadən verdiyi məlumata görə, hadisə Litvanın liman şəhəri olan Klaypedada baş verib.
Şəhər məmurları və deputatlar azərbaycanlılara Xocalı faciəsinin qurbanlarının xatirəsinə abidə qoyulmasını qadağan ediblər.
Onların fikrincə, Xocalı faciəsinin Klaypeda şəhəri ilə heç bir əlaqəsi yoxdur. Klaypeda liman şəhəridir, odur ki, burada dənizlə, bu şəhərin əhalisi və burada baş verən hadisələrlə bağlı heykəl qoyula bilər.
"Litva şəhər hakimiyyəti ikili standartlar siyasəti aparır"
"Dünyada o qədər faciələr baş verib ki... İndi biz onların hamısına Klaypedada heykəl qoymalıyıq? Bir icmaya icazə versək, digər icmalar da müraciət edə bilər. Mən hesab edirəm ki, bu şəhərdə yalnız şəhərin özünə və sakinlərinə aid hər hansı bir heykəl qoyula bilər", - deyə şəhər şurasının deputatı Vyaçeslav Titov bildirib.
Maraqlıdır ki, bu şəhərdə ötən il erməni icmasının vəsaiti hesabına tikilmiş və "erməni soyqırımı"nın yüz illik yubileyi ilə bağlı Klaypedada "Xaçkar" adlı abidə qoyulmağına icazə verilib.
Azərbaycan ictimaiyyətinin nümayəndələri bu hadisədən sonra qəzəbləniblər və şəhər hakimiyyətini ikili standartlar siyasətində ittiham ediblər. Onların bu fikri ilə hətta şəhər meri Vitautas Qrublyauskas da həmrəy olub.
Şəhər rəhbəri qeyd edib ki, deputatların azərbaycanlılara faciələri ilə bağlı rəsmi abidə qoyulmasını qadağan etmələri düzgün deyil. Çünki onlar bir il öncə bu hüququ ermənilərə veriblər.
Azərbaycanın Litvadakı səfirliyindən isə məsələdən xəbərdar olmadıqlarını bildirdilər. Səfirin müşaviri Vüqar İbrahimov dedi ki, onlar tez-tez Klaypeda şəhərində yaşayan azərbaycanlı icma nümayəndələri ilə əlaqə saxlayırlar, lakin orada baş verən qalmaqal haqda heç nə eşitməyiblər.
"Biz adı çəkilən şəhərdə azərbaycanlıların abidə qoymaq istəkləri haqda eşitməmişik. Bu barədə ümumiyyətlə xəbərimiz yoxdur. Məsələni araşdırmağa çalışacağıq", - deyə müşavir əlavə etdi.
Xocalı soyqırımı - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdi.