Nüvə təhlükəsizliyi sammiti: Azərbaycanın geosiyasi statusu yüksəlir

siyaset
11-04-2016, 15:36 975
Nüvə təhlükəsizliyi sammiti: Azərbaycanın geosiyasi statusu yüksəlir
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti maraqlı məqamlarla yadda qalıb. İki gün davam edən tədbirdə 50-dən çox ölkənin dövlət və hökumət başçıları iştirak ediblər.
Newtimes.az-a istinadən, toplantıda qlobal miqyasda təhdidlər törədən nüvə qaçaqmalçılığı ilə mübarizə məsələləri gündəmdə olub. Tədbirə dəvət edilən Azərbaycan prezidenti söylədiyi maraqlı və dolğun nitqi, siyasi liderlərlə keçirdiyi görüşlərlə diqqəti çəkib. ABŞ rəhbərliyi İlham Əliyevlə müzakirələrə böyük önəm verib. Onlar Azərbaycanın təhlükəsizliyin təmini və terrorla mübarizədə regional və qlobal miqyasda oynadığı rolun əhəmiyyətini vurğulayıb, enerji təhlükəsizliyi və iqtisadi-ticari əməkdaşlıq sahələrində Bakının həyata keçirdiyi layihələrin səmərəliliyini etiraf ediblər. Bütün bunlar yekunda Azərbaycanın geosiyasi statusunun faktiki olaraq yeni səviyyəyə yüksəldiyini təsdiq edir.

Cənubi Qafqazın lideri: ABŞ rəhbərliyinin xüsusi diqqəti

Son illər Azərbaycanın beynəlxalq tədbirlərdə fəal iştirakı hər kəs tərəfindən maraqla vurğulanan haldır. Xüsusilə dünyanın təhlükəsizliyi ilə bağlı qarşıda duran məsələlərin müzakirə olunduğu yüksək səviyyəli tədbirlərdə prezident İlham Əliyevin aktiv iştirakı, keçirdiyi əhəmiyyətli görüşlər və ifadə etdiyi fikirlər həqiqi mənada dünya siyasətçiləri və KİV nümayəndələrinin böyük marağına səbəb olur. Martın 31-dən aprelin 1-dək Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammiti də bu aspektdə istisna olmadı.

50-dən çox dövlətin ən yüksək səviyyəli təmsilçilərinin iştirak etdiyi toplantı Azərbaycan rəhbərinin fəallığı, öz mövqeyini açıq ifadə etməsi və ölkənin təhlükəsizliyi baxımından çox mühüm əhəmiyyət daşıyan görüşlər keçirməsi ilə yadda qaldı (bax: Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib / AZƏRTAC 2 aprel 2016).

İlk öncə bir müqayisə aparmaq yerinə düşərdi. Sammitdə Cənubi Qafqaz ölkələrinin hamısının dövlət başçıları iştirak edirdi. Onların tədbir planları əvvəlcədən məlum idi. Ermənistan və Gürcüstan prezidentləri həm toplantıda çıxış etməli, həm də sammit çərçivəsində müxtəlif tədbirlərin iştirakçısı olmalı idilər. Ancaq onların toplantıdakı fəaliyyətinə KİV-in elə də maraq göstərmədiyi sirr deyil. Bunun səbəbi, ABŞ rəhbərliyinin Azərbaycan prezidenti ilə regional və qlobal miqyasda olduqca böyük əhəmiyyətli problemləri geniş müzakirə etməsi idi.

Amerikanın ölkəmizdəki keçmiş səfiri Metyu Brayzə məsələnin bu tərəfi haqqında bildirib ki, "Prezident İlham Əliyevin Kerri və Baydenlə xüsusi görüşü Azərbaycan liderinə, nüvə sammitində Barak Obama ilə qısa görüşlər keçirən liderlərdən fərqli olaraq, bütün məsələləri daha təfərrüatlı müzakirə etmək imkanı yaratdı" (bax: Визит президента Ильхама Алиева в Вашингтон значителен и по форме, и по существу - Мэтью Брайза / "Trend", 1 aprel 2016).

Bunlardan əlavə, İlham Əliyev ABŞ prezidenti ilə də görüşdü. Dünya KİV-i Azərbaycan rəhbərinin ən güclü fövqəldövlətin prezidenti, vitse-prezidenti və dövlət katibi ilə regional və qlobal təhlükəsizlik üçün əhəmiyyət daşıyan problemlərlə bağlı müzakirələr aparmasına xüsusi məna verir. Doğrudan da, İlham Əliyev daim müstəqil siyasət aparıb, bütün məqamlarda milli maraqlara uyğun fikirlər söyləyib və addımlar atıb. Bir sıra hallarda məhz bu müstəqil mövqeyinə görə Qərbin bəzi dairələri Azərbaycana qarşı əsassız iddialar irəli sürüblər.

Lakin Vaşinqtondakı sammit göstərdi ki, dünyanın ən qüdrətli dövlətinin rəhbərləri İlham Əliyevin siyasi kursuna inanır, onun həyata keçirdiyi layihələrin səmərəliliyini qəbul edir və Azərbaycanın geosiyasi rolunu yüksək qiymətləndirirlər. Özü də bu, siyasi, iqtisadi, energetika və təhlükəsizlik sahələrində Azərbaycan prezidentinin fəaliyyətinin bütün aspektləri ilə bağlıdır.

Belə ki, İlham Əliyev qitələri birləşdirən bir sıra enerji və logistik layihələrin təşəbbüskarıdır. Bu fəaliyyətin birbaşa nəticəsidir ki, artıq enerji sahəsində effektiv əməkdaşlığı təmin edəcək "tərəfdaş ölkələr komandası" formalaşıb.

Geosiyasi kontekstdə burada çox vacib bir məqam vardır. Azərbaycan ranqda olan ölkələrdən böyük dövlətlər, adətən, forpost və ya rəqabət platsdarmı kimi istifadə etməyə çalışırlar. İlham Əliyev Azərbaycanı heç zaman bu çərçivəyə salmadı. Atdığı addımlarla, həyata keçirdiyi siyasi kursla dünyaya anlatdı ki, Bakı ilə bərabərhüquqlu tərəfdaş olmaq gərəkdir. Azərbaycanla qarşılıqlı faydalı əlaqələr, sağlam iqtisadi-ticari əməkdaşlıq, qlobal təhlükəsizliyə müsbət təsir edə biləcək geosiyasi münasibətlər qurmaq lazımdır!

Vaşinqtonda İlham Əliyevlə Amerika rəhbərliyinin apardığı danışıqların məzmunu bu tezisin reallaşdığını təsdiq etdi. Bu, Azərbaycan prezidentinin tarixi xidmətinin əyani sübutlarından biridir. Bir daha xatırlatmaq istərdik ki, postsovet məkanının heç bir dövlət rəhbərinə məhz bu səviyyədə və kontekstdə münasibət göstərilmədi.

Prezidentin nitqi: kollektiv təhlükəsizlik modeli kontekstində

Yuxarıda ifadə edilən fikirlərin mənası IV Nüvə Təhlükəsizliyi Sammitində müzakirə edilən ümumi problemlərin işığında daha aydın başa düşülür. Ümumiyyətlə, bu toplantılar XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunur və hər dəfə problemin müxtəlif aspektləri müzakirə edilir. Bu sammitdə də dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi vacib məsələlər diqqət mərkəzinə gətirilib.

Tədbirin açılış sessiyasında əsas mövzu "Nüvə təhlükəsizliyini gücləndirmək üçün milli fəaliyyətlər" olub. Bu barədə prezident Barak Obama nitq söyləyib. O, altı il bundan əvvəl başlayan bu cür toplantıların dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox işlərin görülməsinə imkan yaratdığını vurğulayıb. Əsas məqam isə bundan ibarətdir ki, keçən müddət ərzində nüvə təhlükəsizliyi məsələsi ilə bağlı yeni düşüncə tərzi formalaşıb və ona uyğun fəaliyyət növləri həyata keçirilib. Bu, heç bir ölkənin təkbaşına təhlükəsizlik çağırışlarının öhdəsindən gələ bilməyəcəyi düşüncəsidir. Nüvə təhlükəsizliyinin təmin edilməsi də həmin mövqeyə əsaslanır və reallaşdırılan proqramların başlıca məzmununu əks etdirir.

Burada prinsipial məqam artıq dünyanın supergüclərinin ayrı-ayrılıqda qlobal təhlükəsizliyi təmin edə bilməyəcəklərini anlamasından ibarətdir. O cümlədən nüvə təhlükəsizliyi sahəsində daha sıx əməkdaşlığa və birgə tərtib edilmiş proqramların həyata keçirilməsinə ciddi ehtiyac yaranıb. Bu bağlılıqda kiçik və böyük dövlətlər arasında fərqlər yeni məzmun kəsb edir. Təhlükəsizlik aspektində isə bu cür bölgünün xeyli dərəcədə süni olduğu aydınlaşır. Belə ki, adətən, kiçik hesab edilən dövlətin nüvə qaçaqmalçılığına dəstək verməsi bütün dünyanı böyük təhlükə qarşısında qoya bilir. Və yaxud hər hansı bir dövlət nüvə qaçaqmalçılığı ilə ciddi və geniş mübarizə aparmaqla qlobal təhlükəsizliyə əhəmiyyətli töhfə verə bilər. Alimlər təhlükəsizlik məsələsində yaranmış bu maraqlı vəziyyəti bütövlükdə dünya siyasətinin qeyri-xətti məzmunu ilə əlaqələndirirlər. Obrazlı ifadə etsək, "dünyanın özü mahiyyətcə qeyri-xətti sistem" kimi qəbul edilməkdədir.

Həmin səbəbdəndir ki, məsələn, Ermənistan kimi kiçik dövlətin nüvə qaçaqmalçılığına yol verməsi nəinki Cənubi Qafqazı, bütövlükdə dünyanı böyük təhlükələrə atır. Yaxud regionun lideri olan Azərbaycanın nüvə təhlükəsizliyinə verdiyi töhfələrin çox ciddi müsbət qlobal effektləri olur.

Ümumilikdə, dünya dövlətləri nüvə təhlükəsizliyi ilə bağlı öz üzərlərinə 250 öhdəlik götürüb. B.Obamanın söylədiyinə görə, onların dörddə üçü yerinə yetirilib. Bundan başqa, nüvə materialları qaçaqmalçılığının qarşısının alınması üçün hazırda daha çox ölkə əməkdaşlıq qurub. 100-dən artıq dövlət isə "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyanı ratifikasiya edib.

Amerika rəhbərliyinin Azərbaycana verdiyi qiymət yuxarıda vurğuladığımız fikir kontekstində bütün dünya üçün əhəmiyyət kəsb edir. Eyni zamanda, ABŞ prezidentinin dövlətlərin dünyanın nüvə materiallarının qorunması istiqamətində konkret addımlar atılmasını üzərlərinə öhdəlik kimi götürdüklərini vurğulaması aspektində rəsmi Bakının atdığı addımların böyük təsiri vardır. Təcrübə göstərir ki, məhz Azərbaycan bu sahədə regionun ən fəal və ədalətli ölkəsidir. Azərbaycan, ərazisinin işğal edilməsinə baxmayaraq, nüvə materiallarının qorunması istiqamətində qlobal miqyasda müsbət rol oynayan proqramlar həyata keçirir.

Deməli, birincisi, sammitdə təsdiq olunub ki, XXI əsrdə bəşəriyyət heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilmədiyi təhlükəsizlik çağırışları ilə üz-üzədir, ikincisi, bu istiqamətdə dünya ölkələrinin birgə mübarizəsində Azərbaycanın öz yeri vardır. Biz aşağıda bu məsələnin konkret müddəaları üzərində dayanacağıq. Burada isə onu vurğulamaq istərdik ki, Amerika rəhbərliyi indi Bakının qlobal təhlükəsizlik sistemində oynadığı rolu daha geniş kontekstdə qiymətləndirməyə başlayıb. Konkret olaraq, Vaşinqton enerji təhlükəsizliyi sahəsi ilə yanaşı, nüvə təhlükəsizliyinin təmin edilməsində də Azərbaycanın Cənubi Qafqazda aparıcı rol oynadığını etiraf edib. ABŞ prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi Sammitinin yekunlarına həsr edilən mətbuat konfransında bildirib ki, Azərbaycan nüvə materiallarının yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər görüb.

Bu kontekstdə Amerikanın dövlət başçısı deyib: "Elə ölkələr...var ki, onlar nüvə materialları qaçaqmalçılığı üçün potensial tranzit məntəqələri ola bilər. Biz belə ölkələrlə sərhədyanı nəzarət və nüvə materiallarının aşkar edilməsi üzrə əməkdaşlıq çərçivəsində iş aparırıq. Azərbaycan yerləşdiyi əraziyə görə bu prosesdə son dərəcə əhəmiyyətli tərəfdaşdır" (bax: Barak Obama: Azərbaycan son dərəcə əhəmiyyətli tərəfdaşdır / AZƏRTAC 2 aprel 2016).

Azərbaycanın dövlət başçısının sammitdəki nitqi ABŞ rəhbərliyinin yuxarıda vurğulanan fikirlərinin əsassız olmadığını təsdiqləyir. Dövlət başçısı vurğulayıb ki, bu tədbirə dəvəti "...dostluq, tərəfdaşlıq və Azərbaycanın regionda oynadığı rolun təzahürü kimi qəbul edirik" (bax: Azərbaycan prezidenti İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib / AZƏRTAC 2 aprel 2016).

Bu cür yanaşma onu göstərir ki, Bakı dünya miqyasında nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlara böyük önəm verir. Ölkənin xarici siyasətində əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və ədalətlilik prinsiplərinin üstünlük təşkil etməsi təsadüfi hal deyil. Bu kontekstdə ölkə başçısının vurğuladığı kimi, Azərbaycanın nüvə materiallarının yayılmamasına böyük əhəmiyyət verməsi məntiqə uyğundur (bax: əvvəlki mənbəyə).

Azərbaycan həm qanunvericilik səviyyəsində, həm də əməli olaraq öz ərazisindən nüvə materiallarının ixracına ciddi nəzarət sistemi yaradıb. Bu üsul Azərbaycandan qanunsuz nüvə materiallarının tranzitinin qarşısının alınmasına imkan yaradıb.

Lakin başqa bir maneə vardır. Prezident ayrıca qeyd edib ki, bu, Ermənistanın işğalı nəticəsində Azərbaycanın ərazisinin 20 faizinə nəzarət edə bilməməsindən qaynaqlanır (bax: əvvəlki mənbəyə). Belə ki, faktlar da sübut edir ki, Ermənistan həmin ərazilərdə qanunsuz olaraq nüvə tullantıları basdırır, erməni şirkətləri müxtəlif yollarla nüvə materiallarını qonşu ölkələrə satmağa cəhd edir, bu zaman Azərbaycanın işğal altında olan ərazisindən tranzit kimi istifadə etməyə çalışırlar.

Digər bir problem Ermənistanın hələ də köhnə atom elektrik stansiyasından istifadə etməsindən qaynaqlanır. Mütəxəssislərin dəflərlə vurğuladıqları kimi, həmin stansiya region üçün ciddi nüvə təhlükəsi yaradır. Ancaq rəsmi İrəvan heç kəsi eşitmək istəmir, üstəlik, 1976-cı ildə tikilən stansiyadan 2026-cı ilə qədər istifadə etmək niyyətində olduğunu bildirib. Azərbaycan prezidenti sammitdəki nitqində bu kontekstdə bəyan edib: "Diqqətinizi yönəltmək istədiyim digər bir məsələ isə Ermənistanın 1976-cı ildə inşa edilmiş, köhnəlmiş atom elektrik stansiyasının istismarı ilə bağlıdır. Bu stansiya köhnələn reaktorunu soyutmaq üçün su qıtlığı yaşanan çox seysmik bir zonada yerləşir və region üçün birbaşa təhlükə doğurur. Elektrik stansiyasını istismardan çıxarmaq əvəzinə Ermənistan onu 2026-cı ilə qədər istismar etməyi planlaşdırır. Bu isə o deməkdir ki, bütöv region, o cümlədən Ermənistanın özü də növbəti on il ərzində təhlükə içində yaşayacaqdır" (bax: əvvəlki mənbəyə).

Bunlar Azərbaycan prezidentinin nüvə qaçaqmalçılığına qarşı mübarizədə nə dərəcədə haqlı, ədalətli və prinsipial olduğunu nümayiş etdirir. İlham Əliyev beynəlxalq miqyasda həmin problemin aradan qaldırılması üçün fəallıq göstərir və eyni zamanda, dünyanın diqqətini region üçün təhlükə yaradan faktorlara yönəldir. Deməli, əgər həqiqi mənada nüvə qaçaqmalçılığının qarşısının alınmasını arzu edirlərsə, Ermənistanı başqa işlərlə yanaşı bu sahədəki destruktiv mövqeyindən də çəkindirmək lazımdır. Əhəmiyyətlidir ki, məsələnin bu tərəfinin ciddiliyini İlham Əliyev regional təhlükəsizlik problemi ilə sıx əlaqədə inandırıcı surətdə təqdim edə bilib. Yekun olaraq, bütün bunlar Azərbaycanın qlobal miqyasda oynadığı rolu böyük dövlətlərin etiraf etməsinin heç də təsadüfi olmadığını göstərir.

Milli.Az