Rusiya Azərbaycandan nə istəyir? - Açıqlama

siyaset
8-04-2016, 12:54 977
Rusiya Azərbaycandan nə istəyir? - Açıqlama
“Lavrov və digərləri Azərbaycanın maraqlarını bizdən yaxşı bilmir ki, əvəzinə danışıb, mövqe bildirsin”.
Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olacağına ümid etməsilə bağlı verdiyi açıqlamanı şərh edən zaman deyib. Sədr bildirib ki, Azərbaycanın hər iki təşkilatda yeri yoxdur: “Bu iqtisadi və hərbi sistemə daxil olmaq bizim müstəqilliyimiz üçün böyük təhlükədir. Çünki, Rusiya imperialist düşüncədədir və bizim üçün böyük təhlükədir.

Sadə bir müqayisə aparsaq görərik ki, Avropa Birliyinə daxil olmaq üçün dövlətlər qarşısında demokratiya, insan haqlarının qorunması, iqtisadi azadlıqlar, ifadə azadlığı kimi şərtlər qoyulur. Ancaq Rusiya təşəbbüskarı olduğu təşkilatlara dövlətləri zorla üzv etməyə çalışır. Müqayisədən açıq görmək olur ki, təşkilatlar Federasiyanın öz marağı üçün yaradılıb və nələrsə güdülür. Məqsədi, dövlətlərarası demokratik prinsipləri aşılamaq deyil. Bu səbəbdən də Azərbaycanın heç bir halda orada işi olmamalıdır”.

Sabiq millət vəkili hakimiyyətin bu məsələyə çox ciddi yanaşaraq cəbhədəki hadisələrdən panikaya düşməməli olduğunu vurğulayıb: “Baxıram ki, Rusiyanın regiondakı rolu həddən artıq şişirdilir. Azərbaycan - Ermənistan konfliktinin arxasında dayanan da Rusiyadır, vəziyyəti bu hala gətirən də, kəskinləşdirən də. Bütövlükdə Rusiyanın siyasi kursu maraqlarından başqa bir şey deyil. Sadəcə olaraq, baş verən hadisələrdən istifadə etməyə çalışır”.