Mixail Şoloxov: təbiətə və cəmiyyətə dərin bələd olan yazıçı

yazarlar
25-01-2016, 06:02 1431
Mixail Şoloxov: təbiətə və cəmiyyətə dərin bələd olan yazıçı Uşaqlıqda bəzən yazın tez gəldiyini görmüşəm. Böyüklər onun mahiyyətinə varıblar. Mən isə başa düşməmişəm. Ancaq gözümlə görmüşəm ki, yazın tez gəlişi ilə qarın altından güllər çıxıb: danaqıran , bənövşə... Sonra qar yağıb, soyuq düşüb həmin gülləri məhv edib. Bəzən isə yazın tez gəlişi dağda və düzdə olan qarı əridib, çaylar daşıb, sel-su hər yeri götürüb. Hətta onu da görmüşəm ki, yazın gəlişi ilə əriyən qarın suları o qədər çox olubdur ki, balaca, hətta yayda quruyan bir çaydan keçmək mümkün olmayıb. Qıjıltı ilə axan çayın səsindən adam qulağını tutmalı olub.
Mixail Şoloxovun “İnsanın taleyi” əsəri belə başlayır: “Müharibədən sonra gələn yaz Yuxarı Donda çox az-az görünən və tez düşən yazlardan idi. Martın sonunda Priazovyedən isti küləklər əsdi, iki gündən sonra Donun sol sahilindəki qumsallığın qarı tamam əridi, qar basmış dərələr və qobular su ilə doldu, buzu sınmış kiçik çaylar aşıb-daşdı, yollarda gediş-gəliş son dərəcə çətinləşdi”. (bax: Mixail Şoloxov. Seçilmiş əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.14).
Bunların hamısını mən uşaqlıqda gözlərimlə görmüşəm. Hətta yadımdadır ki, qardaşım Məzahiri çayın suyu alıb aparırdı. Anam köməyinə çatmasaydı, çayın suyu onun başına nə oyun gətirəcəkdi onu bir Allah bilir.
“İnsanın taleyi” əsərini oxuyanda uşaqlıqdakı xatirələrim yada düşür. Əsərdə təbiətin təsviri ilə bağlı yerlər uşaqlığımı xatırladır.
Mixail Şoloxovun “Yol-iz” povesti belə başlayır: “Getman yolu Don boyunca çöllə dənizin özünə qədər uzanır. Donun sol sahili maili qumlu yamaclar, solğuncasına ilğımlanan yaşıl subasar çəmənliklər, hərdənbir ağımtıl şəfəqlərlə işıldayan adsız göllər, sağ sahilində iri çıxıntılı geniş dağlar, dağların, Getman yolunun bozumtul haşiyəsinin, alçaq gözətçi təpələri silsiləsinin və kiçik çayların arxasında isə kazakların böyük və kiçik çöl xutorları, stanitsalar yerləşir, kəkilli ağotu sahələri dənizi xatırladır”. (bax: Mixail Şoloxov. Seçilmiş əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.54)
“Yol-iz” povestindən başqa bir məqam: “Sısqa şəfəq. Toxaclanıb bərkimiş yoldan təzəlikcə at ilxısı keçib. Çöl yovşanlarının başları toz içindədir. Təpəlikdə şum vururlar. Orada adamlar əlləşir, gavahın qoşulmuş öküzlər ağır-ağır irəliləyirlər. Külək çodarların qışqırığını, fit səslərini və qırmanc şaqqıltısını havada fırladır”. (bax: Mixail Şoloxov. Seçilmiş əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.54).
Bu hadisələr uşaqlığımdakı bir çox müşahidə etdiyim anları yada salır. Mixail Şoloxov təbiəti təsvir etməkdə mahirdir. Təbiəti belə təsvir etmək üçün təbiətlə çox bağlı olmaq, təbiətin içində olmaq lazımdır. Təbiətin içində olmadan belə təsvir etmək olmaz: “Xoş yay günlərində Don çöllərində sünbüllər xışıldayır, səslənə-səslənə dalğalanır. İndi, biçinqabağı sünbülün içində buğdanın qılçıqları on yeddi yaşlı oğlanın bığları kimi qaralır, taxıl isə yuxarı boylanaraq adamdan da uca durmağa can atır”. (bax: Mixail Şoloxov. Seçilmiş əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.111).
Mixail Şoloxovun “Don hekayələri” silsiləsindən “Naxırçı” hekayəsi təbiəti tərənnümlə, daha doğrusu, vəsf etməklə başlayır. Bu, yazıçının həm də üslubudur: özünəməxsus, bənzərsiz üslubu. “Naxırçı” hekayəsində oxuyuruq: “Gün yandırmış boz çöldən, çatlaq-çatlaq olmuş ağ şoranlıqdan, gündoğandan on altı gün idi isti külək əsirdi.
Torpaq kömürə dönmüşdü, otlar saralıb bürüşmüşdü, yol qırağındakı quyuların damarlarından su çəkilmişdi; hələ sünbülləşməmiş taxıl saralıb-solmuş, qocalar kimi belini bükərək başını yerə əymişdi.
Günortaçağı mürgüləyən xutora zəngin mis səsi dalğa-dalğa yayıldı.
İsti. Sakitlik. Yalnız çəpərlər boyunca ayaqlar şappıldayır, toz qaldırır, qocaların əsaları kəsəklərə dəyib taqqıldayır, yolu yoxlayır”. (bax: Mixail Şoloxov. Seçilmiş əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.120).
Mixail Şoloxovun “Don hekayələri” silsiləsindən olan “Xal”, “Naxırçı”, “Ərzaq komissarı”, “Şibalkonun toxumu”, “Alyoşkanın qəlbi”, “Bostan qoruqçusu”, “Sırtıqcığaz”, “Qan düşməni”, “Dayça”, “Mavi göl”, “Muzdurlar”, “Özgə qan” və s. hekayələr olduqca həyatidir. Bundan başqa, onun “Burulğan”, “Əyri yol”, “Qaloşlar”, “İradəsiz adam”, “İkiərli qadın” hekayələri də həyatın real anlarını əks etdirir.
Mixail Şoloxov istedadlı yazıçı olub. İstedad qarşısında hər şey acizdir. Rus ədəbiyyatının görkəmli, dünya miqyaslı ədibləri içərisində Mixail Şoloxovun öz yeri var. O, Fyodor Dostoyevski və Lev Tolstoydan sonra rus ədəbiyyatının ən görkəmli yazıçılarındandır. Mixail Şoloxovun təsviretmə imkanları, yəni hadisələri təsviretmə imkanları olduqca təsirlidir. Bu da oxucuda maraq yaradır, hadisələri, personajları canlı edir.
Mixail Şoloxov “sovet ideologiyası”na xidmət etmişdir. O, sovet ideologiyasının və sovet ədəbiyyatının keşiyində dayanmış, geniş təbliğatçısı olmuşdur.
Mixail Aleksandroviç Şoloxov 1905-ci il may ayının 24-də Rostov vilayətinin Veşenskaya stanitsasının Krijilino adlı xutorunda anadan olub. Onun yeniyetməlik dövrü I Dünya müharibəsinə təsadüf etdiyindən yaxşı təhsil ala bilməyibdir. O, yalnız dörd sinfi tamamlayıb. Buna baxmayaraq, axşam məktəblərində dərs deyib və 1920-1922-ci illərdə Sovet Rusiyasında savadsızlığın ləğvi kampaniyasında fəal iştirak edibdir. Yaşlı adamlara yazıb-oxumağı öyrədibdir. Rostovda Vergi kursunu bitirdikdən sonra Bukanovskaya stanitsasında satış inspektoru kimi çalışmışdır. Onun barəsində mənimsəmə faktı ilə bağlı cinayət işi qaldırılmış və 1922-ci ildə ölüm hökmü çıxarılmışdır. Mixail Şoloxov bunu sonralar belə xatırlamışdır: “İki gün güllələnəcəyimi gözlədim... Amma sonra gəldilər və məni buraxdılar”. Onun təcrübəsizliyini və yaşının az olduğunu nəzərə alaraq məsuliyyətdən azad edirlər. Mixail Şoloxov 1922-ci ildə ali təhsil almaq üçün Moskvaya gəlir. Ancaq onun iş stajının azlığı və “komsomol təqdimatı”nın olmaması onun ali təhsil almasını ürəyində qoyur. Özü müstəqil surətdə oxuyur, mütaliə edir. Və ən ağır, çətin işlərdə çalışır.
Mixail Şoloxovun ilk felyetonu 1923-cü ildə, 1924-cü ildə isə “Xal” adlı ilk hekayəsi çap olunur. Bu hekayə onun ədəbiyyatdakı gələcək taleyini həll edir. “Xal” hekayəsinin çox sadə, lakin mənalı və məzmunlu süjeti vardır. Belə ki, komsomolçu Nikolay Koşevoy antisovet kazak dəstəsinə qarşı vuruşur. Kazak dəstəsinə isə rəhbərlik edən ataman onun atası olur.
Nikolay Koşevoyun atası I Dünya müharibəsində itkin düşdükdən sonra kazak dəstəsinə atamanlıq edir.
Mixail Şoloxov hekayədə Nikolay Koşevoyun yaşadığı daxmanı belə təsvir edir: “Nikolkanın yaşadığı daxma Donun sıldırım sahilində yerləşir. Pəncərədən ləpələnən mavi Donun zağlı poladı andıran suyu görünür. Gecələr fırtına zamanı dalğalar sıldırım sahili döyəcləyir, pəncərələrin qapıları bərk cırıldayır və Nikolkaya elə gəlir ki, su oğrunca döşəmənin deşiklərinə tərəf sürünür, getdikcə artaraq daxmanı silkələyir”. Nikolay Koşevoya atasından sol ayağında, topuğundan yuxarıda, atasının ayağındakı kimi, göyərçin yumurtası boyda xal miras qalır. On beş yaşına qədər muzdurluq edən Nikolay sonra yalvarıb-yaxarmaqla bir uzun şinel əldə edir və qırmızı əsgərlər alayına qoşulub Vrangelin üstünə hücuma keçir.
İtkin düşən ataman əsirlik, sonra əsirlik düşərgəsindəki həyatı ilə diqqəti cəlb edir. Əksinqilabçılar dəstəsindəki fəaliyyəti də qeyri-adi olur.
Kazaklarla ölüm-dirim savaşında ataman öz oğlunu öldürür. O, ölüm-dirim savaşında Nikolay Koşevoyun çəkməsini çıxaranda onun ayağındakı xalı görür. Bu xalla oğlunu tanıyır. O, sarsılır və sonra özünü öldürür. Bəli, oğlunun qatili ata sonra özünü öldürür. Atamanın oğlunu öldürməsi səhnəsini Mixail Şoloxov təsirli bir formada ifadə edir: “Xam, südəmər, qızmışdır, buna görə də buradaca ölüm yaxalayacaqdır”, - ataman qırıq-qırıq düşündü və Nikolkanı patrondaşı qurtaranadək gözlədi, sonra atın cilovunu buraxıb çalağan kimi şığıdı.
Yəhərdən sallanaraq qılıncı vurdu, zərbənin altında bədənin necə yumşaldığını və itaətlə yerə sürüşdüyünü dərhal hiss etdi. Ataman yerə sıçradı, durbini ölünün döşündən qopartdı, yavaş-yavaş titrəyən ayaqlarına baxdı, ətrafa nəzər saldı və oturdu ki, ölünün ayaqlarından xrom çəkmələri çıxartsın. Öz ayağını ölünün xırçıldayan dizinə dayayaraq çəkmənin bir tayını cəld və məharətlə çıxartdı. O biri tayı, görünür, coraba ilişmişdi, çıxmırdı. Ataman hirsli-hirsli söyərək dartdı, çəkməni corabla birlikdə çıxartdı və ölünün ayağında, topuqdan yuxarıda göyərçin yumurtası boyda xalı gördü. Soyumaqda olan başı oyatmaqdan qorxurmuş kimi yavaşca üzüüstə çevirdi, əllərini oğlanın ağzından gur axan qana buladı, diqqətlə baxdı və yalnız bu zaman onun yöndəmsiz çiyinlərini kobud bir tərzdə qucaqladı və alçaqdan dedi:
- Oğlum!.. Nikoluşka!.. Əzizim!.. Mənim canım-ciyərim...
Rəngi qarala-qarala qışqırdı:
- Barı bir kəlmə danış! Axı bu, necə oldu, hə?
Sönməkdə olan gözlərə baxaraq yıxıldı; qan sağılmış göz qapaqlarını qaldırıb, gücsüz, taqətsiz bədəni silkələdi... Amma Nikolka dilinin göyərmiş ucunu bərk dişləmişdi, sanki, nə isə son dərəcə böyük və mühüm bir şeyi ağzından qaçırmağa qorxurdu.
Ataman oğlunun soyuyan əllərini sinəsinə basaraq öpdü və dişlərini mauzerin tərləmiş poladına bərk-bərk basıb gülləni öz ağzına sıxdı”. (bax: Mixail Şoloxov. Seçilmiş əsərləri. “Şərq-Qərb Nəşriyyat Evi”, Bakı, 2013, s.118)
Yazıçı üçün təkcə mövzunun aktuallığı hər şeyi həll edə bilməz. Aktual olan mövzunu oxucuya təqdim etməyi bacarmaq lazımdır. Məhz bacarmaq lazımdır. Bunu Mixail Şoloxov bacarmışdır. Elə ilk “Xal” hekayəsi də onun bacarığı və isteadadı ilə ona uğur gətirmişdir.
Mixail Şoloxovun “Don hekayələr” kitabı çap olunanda 21 yaşı vardı. “Don hekayələri” 21 yaşlı müəllifə şöhrət gətirdi, məhz “yetkin yazıçı” şöhrəti.
Mixail Şoloxov sovet ölkəsinin, təbii ki, sovet sisteminin qatı tərəfdarı kimi müxtəlif mükafatlara, ordenlərə layiq görülmüşdür. O, 1932-ci ildə partiya sıralarına qəbul olunmuşdur. Ali Təhsili olmasa da, 1939-cu ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur. I dərəcəli Stalin (1940-cı ildə), Lenin mükafatı (1950-ci ildə) almışdır. O, iki dəfə “Sosialist Əməyi Qəhrəmanı” kimi yüksək adla (1960 və 1980-ci illərdə) təltif edilmişdir. Mixail Şoloxov müxtəlif çağırışlarda SSRİ Ali Sovetinin deputatı seçilmişdir. Onun aldığı ən böyük mükafat Nobel mükafatı olmuşdur. Mixail Şoloxov ədəbiyyat üzrə Nobel mükafatını 1965-ci ildə almışdır. Ona Nobel mükafatı “Sakit Don” əsərində “Rusiya tarixi üçün mühüm dövrdə Don kazakları haqqında eposun mükəmməlliyinə və bədii təsir gücünə görə” verildi.