Dilimizi kimlər korlayır? - Prezidentin iradı

medeniyyet
10-11-2015, 15:59 1111
Dilimizi kimlər korlayır? - Prezidentin iradı Ötən gün prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda bir sıra məsələlərə toxunub.
Ölkə başçısının toxunduğu mühüm məsələlərdən bir də Azərbaycan dili ilə bağlı idi. Prezident dilimizdə xarici sözlərin işlədilməsini qınayaraq buna görə hökumət nümayəndələrinə, eləcə də millət vəkillərinə irad tutub.
“Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur. Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır”-deyə prezidentin çıxışı zamanı vurğulayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, filologiya elmləri doktoru Nizami Cəfərov prezidentin iradlarına münasibət bildirib.
Komitə sədri bildirib ki, insanlar bəzən fərqlənmək üçün xarici sözlərdən istifadə edirlər.
Deputat hesab edir ki, ifadə edəcəyimiz söz Azərbaycan dilində varsa, bunun əvəzində başqa söz işlətmək dilimizə xələl gətirir.
“Doğurdan da bu gün dilimizə çoxlu sözlər daxil olur. Çox vaxt bu sözün qarşılığının olub-olmamasına da baxılmır. Belə olan halda həmin yad sözlər əsl Azərbaycan sözlərini leksikondan çıxarır. Həddindən artıq paralellik yaranır. Dilimizə daha çox Türkiyə türkcəsindən yeni sözlər daxil olur. Bu sözlərə mətbuatda, Milli Məclisdə, adi danışıq dilimizdə rast gəlinir. Uzun illər Türkiyə türkcəsindən dilimizə sözlər daxil olmamışdı. Birdən-birə münasibətlərin yaranması, inteqrasiya prosesi Türkiyə türkcəsindən sözlərin leksikona daxil olması ilə nəticələnir”.
Türk dünyası cəmiyyətində də belə inteqrasiyanın getdiyini deyən N.Cəfərov bildirib ki, gələcəkədə nəinki Türkiyə türkcəsindən, hətta özbək, qazax dilindən də dilimizə sözlər keçə bilər: “Həmin sözlərin böyük əksəriyyəti müştərək sözlərdir və vaxtilə bizim dilimizdə işlənib. Sonradan lüğətdə bu sözləri ərəb, fars ifadələri əvəzləyib. Odur ki, türk mənşəli və bu kimi sözlərin leksikonumuza gəlməyi məqbuldur. Amma bəzən elə sözlər, ifadələr lüğətimizdə yer alır ki, olduqca suni səslənir və məsələnin mahiyyətinə də yad olur. Bunun kökündə isə fikri Azərbaycan dilində ifadə etmək yox, bir növ fərqlənmək istəyi durur”.
Komitə sədrinin sözlərinə görə, ölkə başçısının bu məsələyə toxunması Ana dilinin qorunması ilə bağlıdır: “Prezident ictimai xadimlərə, akademiklərə, alimlərə tövsiyyə edir ki, dövlət dilə bu səviyyədən yanaşır və sizin də bu məsələyə həssas yanaşmağınız lazımdır”.
Deputat hesab edir ki, bu sahədə artıq müəyyən işlər başlayıb: “Televiziya, mətbuat orqanları arasında müəyyən monitorinqlər aparılır. Amma bunu daha da genişləndirmək lazımdır. Onu da nəzərə almalıyıq ki, dilə ən çox təzyiq edən, onun lüğət tərkibinin, qrammatik qruluşunu korlayan elə kütləvi informasiya vasitələridir. Məhz buna görə, KİV-lər xüsusi nəzarətdə olmalıdır”-deyə N. Cəfərov bildirib.