Donorluğunun təbliğatında gözəl bir addım

sosial
6-09-2015, 20:18 875
Donorluğunun təbliğatında gözəl bir addım "LAYF” Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi ilə "Qan ver həyat xilas et” şüarı adı altında 2015-ci il sentyabrın 24-də saat 19.00 da "28 Cinema”da Xeyriyyə gecəsi keçiriləcək.
Tədbirin keçirilməsində məqsəd cəmiyyətdə könüllü qan donorluğunu təbliğ etmək və irsi qan xəstəliklərinə qarşı mübarizəyə diqqəti artırmaqdır. Son illər ölkəmizdə irsi qan xəstəliklərinin qarşısının alınması istiqamətində bir çox qanun layihələri həyata keçirilmişdir, xüsusilə də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti sayəsində irsi qan xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizin müalicəsi mümkün olmuşdur.
Xeyriyyə gecəsində "EVEREST” filminin premyerası olacaq. Premyeraya könüllü qan donorluğunun təbliğatında "LAYF” Xeyriyyə İctimai Birliyinə dəstək verən qurumlar və talassemiyalı uşaqlara qarşılıqsız qan verən "Qəhrəman Donorlar” dəvət olunmuşlar.
Xeyriyyə gecəsinin təşkilatçıları tərəfindən qan donorluğunun təbliğatı üçün "Everest” filminin seçilməsinə səbəb, "Everest” zirvə yürüşünün real həyatda çox çətin keçirilən yol olması və eyni zamanda, filmin də real hadisələrə əsaslanmasıdır. Qeyd etmək istərdik ki, irsi qan xəstələrinin yaşaması və normal həyata davam etməsi də "Everest” zirvəsinə gedən yol kimi çətindir. "Everest” zirvəsinə gedən yolda dağçılar öz komandalarına, irsi qan xəstələri isə onları həyatlarına davam etmək üçün zəruri qan ehtiyaclarını ödəyən "Qəhrəman Donorlara” güvənirlər. Ölkəmizdə hər 8 nəfərdən birinin irsi qan xəstəliyi daşıyıcısı olduğunu nəzərə alaraq, dövlətimizin xüsusi qayğısı nəticəsində artıq bu xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın normal həyata davam etməsi mümkündür.
Biz də onların öz həyatının zirvəsinə, yəni sağlam və uzun ömrə sahib olması üçün dəstəyimizi əsirgəməməliyik. Xeyriyyə gecəsinə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının və özəl şirkətlərin rəhbərləri, eyni zamanda, ictimai xadimlər iştirak edəcəklər.
Xeyriyyə gecəsinin baş sponsoru - "Toyota” Baku şirkəti, Sponsor - "Murov” Ekstremal İdman Klubu, Təşkilati dəstək - "LAYF” Xeyriyyə İctimai Birliyi və "Azərbaycan Kikboksinq Federasiyası”, İnformasiya dəstəyi - ATV telekanalı və 106 Fm-də yayımlanan "Çox yaşa” proqramıdır.