Yayda bir yerdəydik...
Daha payız gəlib.
O günlərdən geriyə
Şəkillərdə donmuş gülüşlərimiz qalıb,
Bir neçə xatirə,
Bitməyən darıxmaq qalıb.
Kənddə gecələr tamam başqadır.
Ay işığı yollara səpələnir.
Sakitlik o qədər dərindir ki...
Hələ ilbizlərin səsi,
Ağacların, çiçəklərin ətri...
Deyirsən ki, gəl, yayı birgə xatırlayaq...
Axı kənd həm payızda,
Həm qışda nağıllar aləmidi...
Deyirsən gəl,
Qonaq otağım sənsiz soyuqdur.
Ürəyim həsrətdən oyuq-oyuqdur
Bu abad həyət,
Geniş, rahat ev səssiz və sənsiz...
Gəlməliyəm,
Sənin nağıl kimi bağında oturub
O boş qalan stulda yerimi tutacam.
Ay işığı yenə üzümüzə düşəcək,
Samovar zümzüməsi,
Təzə dəm çayın xoş ətri...
Dərin baxışlarını sezəcəyəm...
O baxışlardan anlayacam,
Yaydan bəri içində saxladığın
Bütün həsrəti...
Mayisə ƏSƏDULLAQIZI
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
 

Paylaş