"Rusiyanın dizel yanacağının ixracına tətbiq etdiyi məhdudiyyətin müddətini uzatması dünya enerji bazarında son dövrdə formalaşmış təklif gərginliyini daha da artırır".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov rəsmi Moskvanın qərarını şərh edərkən deyib.
O bildirib ki, hazırkı mərhələdə əsas məsələ yalnız xam neftin qiymət dinamikası ilə məhdudlaşmır:
"Qlobal bazarda emal güclərinin fəaliyyəti, hazır neft məhsullarının mövcudluğu, logistika imkanları və regional təchizat zəncirlərinin davamlılığı enerji təhlükəsizliyinin əsas komponentlərinə çevrilib. Rusiya kimi iri dizel ixracatçısının bazara çıxardığı həcmlərin azalması isə xüsusilə Avropa, Aralıq dənizi hövzəsi və yaxın coğrafiyalarda alternativ tədarük mənbələrinə tələbi artırır. Mövcud statistik dinamika da bu tendensiyanın kifayət qədər ciddi olduğunu göstərir. 2026-cı ilin ilk səkkiz ayında dünya üzrə dəniz yolu ilə dizel və qazoyl ixracı orta hesabla gündə təxminən 4.7 milyon barel təşkil edib - illik müqayisədə təxminən 10 faiz azalıb. Ayrı-ayrı dövrlərdə Rusiya və Yaxın Şərq istiqamətindən bazara çıxarılan dizel həcmlərində daha kəskin geriləmələr müşahidə olunub. Bunun fonunda emal marjalarının yüksəlməsi hazır məhsul bazarında təklif çatışmazlığının xam neft bazarından daha həssas mərhələyə keçdiyini göstərir. Bu prosesin qlobal iqtisadiyyat üçün təsiri yalnız yanacağın qiyməti ilə ölçülmür. Dizel yükdaşımada, kənd təsərrüfatında, tikintidə, sənayedə və bir sıra istehsal sahələrində əsas enerji resurslarından biridir. Buna görə də onun bahalaşması logistika xərclərinə, məhsulun maya dəyərinə və nəticə etibarilə istehlak qiymətlərinə ötürülə bilər. Bu baxımdan Rusiya ixracının məhdudlaşdırılması enerji bazarı ilə yanaşı, inflyasiya gözləntilərinə də təsir edən amil kimi qiymətləndirilməlidir".
R.Muradov əlavə edib ki, yaranmış vəziyyət Azərbaycan üçün həm kommersiya, həm də strateji baxımdan əlavə imkanlar formalaşdırır:
"2026-cı ilin ilk yarısında ölkəmizin emal olunmuş neft məhsulları ixracı 486 min tondan çox olub, ixracın dəyəri isə təxminən 386 milyon ABŞ dollarına çatıb. Həcmin və dəyərin əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artımı göstərir ki, hazır neft məhsulları Azərbaycanın ixrac strukturunda getdikcə daha mühüm mövqe qazanır. Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən modernləşdirmə və dizel yanacağının "Avro-5" standartına uyğun istehsalı ölkəmizin rəqabət imkanlarını daha da genişləndirir. Yüksək ekoloji və texniki standartlara cavab verən məhsul Azərbaycanın Gürcüstan, Türkiyə, Cənub-Şərqi Avropa və digər yaxın bazarlarda mövqelərinin möhkəmləndirilməsi üçün əlavə üstünlük yaradır. Burada əsas perspektiv qısamüddətli qiymət artımından gəlir əldə etməklə məhdudlaşmamalıdır. Daha mühüm istiqamət Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini hazır neft məhsulları bazarında da gücləndirmək, emal dərinliyini artırmaq, ixrac coğrafiyasını genişləndirmək və hər ton xammaldan yaradılan əlavə dəyəri yüksəltməkdir. Daxili bazarın sabit və fasiləsiz təminatı qorunmaqla ixrac imkanlarının böyüdülməsi ölkəmizin enerji siyasətində keyfiyyətcə daha yüksək mərhələyə keçid üçün mühüm iqtisadi baza yarada bilər".
Xatırladaq ki, Rusiya hökuməti dizel, gəmi yanacağı və kerosinin ixracına qoyulan qadağanın müddətini oktyabrın 31-nə qədər uzadıb.