Müsəlmanlara demokratiya olmaz?

dunya
4-09-2015, 11:34 742
Müsəlmanlara demokratiya olmaz? Bu il Avropaya Suriya da daxil olmaqla, bir çox ölkədən rekord sayda immiqrant gəlib. Ancaq Şərqi Avropa ölkələri son vaxtlar immiqrantlar arasında din əsasında ayrı-seçkilik qoyur, xüsusilə də xristian qaçqınlara üstünlük verməyə başlayırlar.
Quartz-da dərc olunmuş "These European countries are willing to accept some migrants-but only if they're Christian" yazısında insan haqları və demokratik dəyərləri təkrarlayan Avropa Birliyinin müsəlman miqrantlara qarşı tətbiq etdiyi ayrı-seçkiliklərdən bəhs olunur.
Ötən ayın əvvəli Slovakiyanın xarici işlər naziri 200 nəfəri ölkəyə qəbul etməyə hazır olduğunu bildirib, lakin qeyri-müsəlmanlara üstünlük verdiyini xüsusi vurğulayıb. Nazirliyin mətbuat katibi bu haqda bildirib: "Biz Slovakiyada, həqiqətən də, yeni bir həyata başlamaq istəyən insanları seçmək istəyirik. Slovakiya bir xristian ölkəsi kimi xristianlara burada yeni bir həyat qurmağa kömək edə bilər. Bizim ölkəmizdə müsəlmanlar üçün çox kiçik bir cəmiyyət var. Burada heç məscid də yoxdur".
Polşanın baş naziri Yeva Kopaç da Polşanı xristianlara kömək etmək üçün xüsusi məsuliyyət daşıyan bir xristian ölkəsi kimi təsvir edib. Ölkə qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənən yalnız xristianlardan ibarət bir neçə qrupu qəbul edib və ölkənin immiqrasiya agentliyi "The Financial Times" qəzetinə "qaçqın statusu almaq üçün müraciət edənlərin qəbulunda dinlərinin də təsiri olacağını" bildirib.