"TUFANLI İLLƏR”- QURBAN MƏHƏRRƏMOĞLU

edebiyyat
13-06-2024, 20:33 2208
"TUFANLI İLLƏR”- QURBAN MƏHƏRRƏMOĞLU Azərbaycan ədəbi mühitində şair-nasir kimi tanınan Qurban Məhərrəmoğlu Hüseynovu uzun illərdi tanıyıram.
1938-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Diyadin kəndində anadan olub. Ata-anası sadə zəhmət adamları (kolxozçu) olduğu üçün övladlarını da halal zəhmətlə yaşamaq ruhunda tərbiyə etmişlər. Qurban Məhərrəmoğlu 1955-ci ildə Tumaslı kənd orta məktəbii əla qiymətlərlə bitirmiş, sonra Naxçıvan Kənd Təsərrüfatı Texnikumunda oxumuşdur. 1959-1961-ci illərdə Rusiyanın Perm şəhərində hərbi xidmətdə omuşdur. 1965-ci ildə Naxçıvana gəlmiş, uzun müddət Şərur rayonundaki Kirov adına kolxozda müxtəlif vəzifələrdə çalışmışdır.

O, gənclik dövrlərindən poeziyaya böyük həvəs göstərmişdir. Şeirləri “Şərurun səsi”, “Azərbaycan dünyası”, “Möhtəşəm Azərbaycan”, “İnkişaf və tərəqqi”, “Bütöv Azərbaycan”, “İnsan və cəmiyyət”, “Zaman press”, son illər “Kredo” qəzetlərində, “Yurd”, “Söz” jurnallarında və poeziya almanaxlarında çap olunmuşdur.



Qurban Məhərrəmoğlu ilə iş yerimizdə, “Azərbaycan” Nəşriyyatında görüşdük. Respublikanın Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü , Prezident mükafatçısı, “Gənclik” Nəşriyyatının direktoru Adil Abdullayevlə də həmsöhbət olduq. Adil müəllim deyir ki, söhbət edərkən, onun və Qurban müəllimin gənclik çağlarının dostu, mətbuat sahəsində, kitab nəşrində birgə addım atdıqları rəhmətlik şair-nasir Rəşad Bəydəmirlidən danışmasaq, olmaz. Bu gün də Qurban müəllim xeyli xatirələri çözələdi, hiss etdim ki, keçmişdən, Rəşad müəllimdən danışdıqca yamanca kövrəlir.
Növbəti - onuncu kitabının nəşri üçün Naxçıvandan Bakıya gəlib əziz dostumuz Qurban müəllim, xoş gəlib, səfa gətirib.
Biz adətən qanımız qaynayan insanlarla yaxınlaşıb dost oluruq. Bəzən dostluq etdiyimiz insanların uyğun insanlar olduğunu görür, bəzən də əsl dost ola bilməyəcəyimiz insanlar olduğunu anlayıb, uzaqlaşırıq. Dostluq fədakarlıqdır. Dostluq saflıqdı, paklıqdı, etibardı, güvəndi. Özünə belə etiraf edə bilmədiyin sirrini, yaşadığın hər anı bilən, sənə mənəvi dayaq olan, üzüntülü anında belə üzünü bir anlığa da olsa güldürə biləndir dost. Dostluq ülvidir, onda bəşəriyyətin igidlik gücü parlayır. Dost! Bu sözün necə yaranmasına fikir verək. Daş, od, su, torpaq. Dost sözü bu sözlərin baş hərflərindən yaranmışdır. Dost olan kəs daş kimi möhkəm, dözümlü, od kimi daimi və alovlu, su kimi saf və təmiz olmalı, torpaq kimi güclü və qüvvətli olmalıdır. Belə olan insanlarla dostluq etməyə dəyər. Sənin dərdini öz dərdi bilən,yaşadığın hər anı səninlə yaşayan etibarlı bir ürəkdir. Həyatda hamıya inam, etibar olmaz, dost elə bir nadir incidir ki, ona gözü bağlı güvənməlisən. Təbii ki, bunun üçün zaman da çox önəmlidir. Bax, biz Qurban müəllimlə belə dostlarıq, çox uzun illərin sadiq dostları!
Şairin “Tufanlı illər” adı ilə oxuculara təqdim olunan doqquzuncu kitabına son illərdə yazdığı şeirlər və bir pyesi daxil edilib. Şeirlər “Vətən sevgisi”, “Məhəbbət nəğmələri”, “Satiralar” bölmələrinə ayrılıb. Şeirlərinin əsas məğzi Vətən məhəbbəti, doğma el-obaya bağlılıq, insan qəlbinin kövrək duyğuarı təşkil edir.
2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Doqquz şeir və nəsr kitabının müəllifidir.
Qurban Məhərrəmoğludan bir poeziya çələngi oxuyaq:


MÜQƏDDƏSLƏR DİYARIDI BU DİYAR

Müqəddəsdir qarış-qarış torpağın,
Göylərində dalğalanır bayrağın.
Türk xalqıdır yenilməyən dayağın,
Müqəddəslər diyarıdı bu diyar.

Dünya görsün yeniləşən diyarı,
Qarşılayır burda torpaq baharı.
İnkişafda gedir onun yolları,
Müqəddəslər diyarıdı bu diyar.

Füsunkar ölkədir, qəlbi çox geniş,
Min illər keçsə də, yerdə bərkimiş.
Əzəmət vüqarı heç vaxt sönməmiş,
Müqəddəslər diyarıdı bu diyar.

Heydər nəfəsi var, inanın burda,
Naxçıvan heç zaman qalmayıb darda.
Onun amalların xatırlayanda,
Müqəddəslər diyarıdı bu diyar.


Yeni həyat verdi hər bir insana,
Dağılmış qəlbləri gətirdi cana.
Xoşbəxtlik bəxş etdi Azərbaycana,
Müqəddəslər diyarıdı bu diyar.

Tarix silə biməz qədir-qiyməti,
İnsanlıq yaşadır əbədiyyəti.
Dünyaya sığmayır onun xidməti,
Müqəddəslər diyarıdı bu diyar.

Qılıncdan itiydi gurlayan səsi,
Sülhün tərəfdarı, sülhün qibləsi.
Ona səs verirdi bu Yer Kürəsi,
Müqəddəslər diyarıdı bu diyar.

Xalqa ata oldu o Ulu Öndər,
Vətənə, millətə oldu bir sipər.
Sözündən dönməyən böyük hünərlər,
Müqəddəslər diyarıdı bu diyar.

Çətin sınaqlardan keçib gəlmişdi,
Ağlın zəkasına o güvənmişdi.
Polad ürəkliydi, polad geymişdi,
Müqəddəslər diyarıdı bu diyar.

Ərşə çəkilmişdi onun yuxusu,
Yaratdı nizamla Dövlət Ordusu.
Düşmənə bəlliidir onun qorxusu,
Müqəddəslər diyarıdı bu diyar.

Tanındı düyada məşhur şəxsiyyət,
Cahana sığmayan o bir həqiqət.
Odlu baxışından axır cəsarət,
Müqəddəslər diyarıdı bu diyar.

Elimiz, obamız ona bağlıdı,
Onsuz millətimiz qolu bağlıdı.
Bütöv Azərbaycan qəlbi dağlıdı,
Müqəddəslər diyarıdı bu diyar.

Redaksiyamız adından əziz dostumuza, ağsaqqqal şair-nasirimizə can sağlığı, uzun ömür, yaradıcılıq uğurları arzu edirik.


"TUFANLI İLLƏR”- QURBAN MƏHƏRRƏMOĞLU




















"TUFANLI İLLƏR”- QURBAN MƏHƏRRƏMOĞLU









Mayisə ƏSƏDULLAQIZI
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü