POEZİYA ÇƏLƏNGİ-HİKMƏT MƏLİKZADƏ

edebiyyat
15-06-2024, 00:23 569
POEZİYA ÇƏLƏNGİ-HİKMƏT MƏLİKZADƏ Yubiley yaşın mübarək, ustad! Allah sənə can sağlığı versin! Sən mənim Şamaxım, bütövlükdə, Azərbaycanımsan... Allah səni qorusun! Səsin həmişə gur şəlalələr kimi çağlasın!!! Aşağıdakı şeiri ad gününə məndən bir ərməğan kimi qəbul et!
Allah vergili Aşıq, Şamaxının şəlalə qüdrətli, vulkan təlatümlü və zəlzələ vahiməli söz-sənət aşiqi Ağamurada həsr edirəm.


USTAD AĞAMURAD

Ruhun sözə aşiq, qəlbin sənətə,
Yox sənə bu işdə tay, Ağamurad.
Saz, sinən üstündə elə durur ki,
Elə bil gərilir yay, Ağamurad.

Min ildi yanırsan, közün bir aləm,
Cana eşq gətirən sözün bir aləm,
Səsin bir aləmdi, özün bir aləm,
Bunu Tanrı verib pay, Ağamurad.


Bulud, bilə-bilə yazı coşdurur,
Barmaq simə baxır, nazı coşdurur.
Qəfil sinən üstə sazı coşdurur,
Sanki nişanlındı Ay, Ağamurad.

Saz, kökə düşüncə beçə yol ötüb.
Mizrab nəm olanda heçə yol ötüb...
Səndən Şakirəcən neçə yol ötüb, -
Onu pərdə-pərdə say, Ağamurad.

Verməz sənətini bada İsrafil,
Anbaan yetişir dada İsrafil,
Sən ya Mikayılsan, ya da İsrafil, -
Dədəsən, Ozansan, ay Ağamurad.



***********************
Gəl, məni bu qızın əllərindən al,
Canıma yapışıb, zəlidi ki, bu.
Nazı ayrı cürdür şəhər qızının,
Heç belə eşq olar, dəlidi ki, bu.

Daha bu qovğaya tabım yox, dözüm,
Çox inad eləmə, budu bu həyat.
Bəlkə alnındakı ləkədi tale?
Eh, bəlkə batdığın sudu bu həyat?!

Can cəsəd deyil ki, qoxlayım tez-tez,
Bir səhvin üzündən hamı laxlayır…
Mismar axtarıram kölgəmə vurum,
Onun da nə vaxtdı damı laxlayır.

Qəlb gizli qapıdı, boşuna döymə,
Mənə nicat verib pir neçə dəfə...
Kölgəmin boynunda kəndir yeri var,
Sanki sürüyüblər bir neçə dəfə.

Hər ölən adama salavat düşməz,
Qəmi çörək kimi yemə hələ ki.
Mənim, ta yuxuma əzrayıl girir,
Bu sözü anama demə hələ ki...



****************

Dərd də bir eşq ağrısıdı əzəldən,
O da ola, bu da ola içində...
Məndən nə çox şey umursan bu yaşda,
Quyumuz var, su da ola içində?

Təzə qəbir daşlarına çat düşüb...
Gedən köçü – yeri, qaytar, - deyirsən.
Ürəyini mənə verdin pul kimi,
İndi onu geri qaytar deyirsən.

Eh, kim atdı aramıza bu daşı?
Adam kimi sevmədim ki, səni, eh.
Atıb getmə bir günahın üzündən,
Səndən başqa kim sevəcək məni, eh...



************

Tanrı sevgisi var içimdə, gen dur,
Ələm baş aldatmaq, pir günah... bəsdi.
Tez-tez ağ paltarda qarşıma çıxma,
Səni unutmağa bir günah bəsdi...

Mən hardan bilim ki, ruhun can verir?
Gəlmədiyim yola əl uzatma heç.
Peyğəmbər deyiləm dua eləyim,
Sən də bu qovğanı gəl, uzatma heç.

Buxağın gül açıb yazın qız çağı,
Səni sevən gündən ney xəstəsiyəm.
Mən heç mey içmədim bu əlli ildə,
Arada sanıram mey xəstəsiyəm…

POEZİYA ÇƏLƏNGİ-HİKMƏT MƏLİKZADƏ







Hikmət MƏLİKZADƏ
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı