Ermənistanın tənəzzülü daha da sürətlənir

dunya
3-09-2015, 14:29 805
Ermənistanın tənəzzülü daha da sürətlənir Hakimiyyət üzləşdiyi problemlər fonunda repressiyaların miqyasını genişləndirir
Ermənistanda baş verən son hadisələr bir daha bu ölkənin idarə olunmasında repressiyalardan əsas üsullardan biri kimi istifadə olunduğunu təsdiqlədi. "Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatının keçirmək istədiyi aksiyanın zor gücünə qarşısının alınması, xeyli sayda fəalın həbsi bunun real göstəricisidir. Hakimiyyət fəalların etiraz aksiyasının böyüyəcəyindən ehtiyat edərək tədbirin baş tutmasına imkan verməyib.
Aksiya iştirakçıları baş verənlərə cavab olaraq fasiləsiz piket və mitinqlərə başlayacaqlarını istisna etməyiblər. Hökumətə qarşı yaradılan "Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatına dəstək verənlərin sayının artması isə davam edir. Xatırladaq ki, "Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatının fəalları 3 aydır ki, ölkə rəhbərliyinin yarıtmaz siyasətinin əleyhinə nümayişlər keçirirlər. Sosial problemlər fonunda təşkil edilən aksiyalarda siyasi tələblər irəli sürülür, hakimiyyət istefaya çağırılır. Amma iqtidar ona qarşı artan etirazı güc yolu ilə boğmağa çalışır. Proseslərin gedişini izləyən siyasi təhlilçilər isə hesab edirlər ki, Serj Sarkisyan iqtidarının ona qarşı çıxanlara müqaviməti uzun çəkməyəcək. Çünki hakimiyyətin bütün resursları getdikcə tükənir. Ölkə iqtisadiyyatında miqyası genişlənən problemlər isə iqtidar üçün daha böyük çətinliklərə yol açır.
Xüsusən Rusiyadan gələn sərmayələrin miqdarının azalması Ermənistanı daha sürətlə fəlakətə sürükləyir. "Aykakan jamanak" qəzeti yazır ki, cari ilin birinci yarımilliyində Ermənistan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə, yəni 180 milyon dollardan 65 milyon dollara qədər azalıb. Qəzet qeyd edir ki, iqtisadiyyatın bir çox sahələrinə qoyulan investisiyalar praktiki olaraq bütün ölkələr tərəfindən azaldılıb: "Bu, Ermənistanın yeni iqtisadi zonada - Avrasiya İqtisadi İttifaqında olduğu birinci yarımildə baş verib, halbuki, Avrasiya İqtisadi İttifaqına daxil olduqdan sonra Ermənistan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcminin artacağı bəyan edilirdi. Yəni hər şey əksinə oldu. Bizim Avrasiya İqtisadi İttifaqı çərçivəsində əsas tərəfdaşımız və ənənəvi olaraq Ermənistan iqtisadiyyatına daha çox sərmayə yatıran Rusiya birinci yarımildə sərmayələrin həcmini 12 dəfə azaldıb. Keçən ilin birinci yarımilində Rusiya tərəfindən birbaşa investisiyaların həcmi 88 milyon dollar idisə, bu il bu sərmayələr 7 milyon həddini çətinliklə aşır".
Ermənistanda investisiya mühitinin bərbad durumda olması da xarici ölkələrdən sərmayələrin həcmini sürətlə azaldır. Hətta erməni iş adamları belə öz ölkələrinə sərmayə yatırmaqdan boyun qaçırmağa başlayıblar. Aydındır ki, Ermənistan rəsmilərinin korrupsiyaya qurşanmaları, ölkə iqtisadiyyatında yaranmış böhranlı vəziyyət, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması, işsizliyin tüğyan etməsi iş adamlarını bu ölkədən qaçırır. Digər tərəfdən ailəsini dolandırmaq xatirinə ölkəni tərk edənlərin sayının artması, iş adamlarına açıq-aşkar təzyiqlər göstərilməsi və onlardan haqq tələb olunması, istər xarici, istərsə də yerli investorların Ermənistana sərmayə yatırmaqdan boyun qaçırmaları investisiya qoyuluşunun kəskin şəkildə azalmasına təsir edən başlıca amillər sırasında yer almaqdadır. Xarici investorlar iqtisadi inkişafı sual altında olan və məmurların öz səlahiyyətlərini aşaraq özbaşınalıq etdikləri bir ölkənin iqtisadiyyatına sərmayə yatırılmasının nə dərəcədə böyük risk olduğunu yaxşı bilirlər.
Aydındır ki, xarici və yerli sərmayədarların inamsızlığı nəticəsində investisiya qoyuluşunun kəskin azalması iqtisadiyyatı getdikcə tənəzzülə uğramaqda olan Ermənistanı daha ağır vəziyyətdə qoyacaq. Bu fonda Rusiya ilə ticarətin həcminin azalması isə erməni ekspertlər tərəfindən böyük fəlakət kimi qiymətləndirilir.
Bu ilin yanvar-iyul aylarında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 14,3 faiz azalaraq 653,5 milyon dollar təşkil edib. Məlumata görə, Ermənistanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 24,6 faiz olub. Bu ölkədən Rusiyaya ixracat bu ilin əvvəlindən 107,2 milyon dollar, ötən ilin uyğun dövründə isə 164,6 milyon dollar təşkil edib. Rusiyadan idxalat isə 546,2 milyon dollar olmaqla, 8,6 faiz azalıb. Erməni mediası isə vəziyyətin getdikcə pisləşəcəyini etiraf edir.
Bütün bunların nəticəsində Ermənistan iqtisadiyyatı sürətlə çökür. Maraqlıdır ki, Ermənistanın digər sənaye müəssisələri ilə müqayisədə daha yüksək ixrac qabiliyyəti olan dağ-mədən və metallurgiya sənayesində də problemlər mövcuddur. Dünya əlvan metal və metal bazarında qiymətlərin enməsi Ermənistanın qızıl və mis ixracından əldə etdiyi gömrük gəlirlərinin xeyli azalmasına səbəb olub. Bu sahədə fəaliyyət göstərən şirkətlərin çoxu bağlanıb.
Bu durumda ölkə daha çox xarici dövlətlərdən asılı vəziyyətə düşür. Belə vəziyyət isə bir dövlət kimi Ermənistanın məhvi deməkdir.