“Orta Şərqin ən güclü ordusu İrandadır, amma…”

dunya
2-09-2015, 09:43 961
“Orta Şərqin ən güclü ordusu İrandadır, amma…” İranla nüvə razılaşması ölkənin hərbi potensialına ciddi təsir edəcək. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Vladimir Sajin deyib. Onun sözlərinə görə, rəsmi Tehran götürdüyü öhdəliyin bütün şərtlərinə əməl edəcək: “İslam ölkəsi Vyanada imzalanmış müqaviləyə riayət edəcək. Ümid edirik ki, Tehran bu razılaşmanın bütün tələblərini yerinə yetirər, çünki əks halda İran üçün fəlakət ola bilər. Bu razılaşma İrana şərti silah və hərbi təchizat verilməsində müəyyən məhdudiyyətlər nəzərdə tutur. Razılaşmanın ana xəttində ağır hücum silahlarına qoyulan qadağa və bunun daha 5 il davam etməsi dayanır. Bunun xaricində önümüzdəki 8 il boyunca İrana ballistik raket texnologiyalarının satışı yalnız BMT Təhlükəsizlik Şurasının razılığı ilə mümkün olacaq. Digər tərəfdən, ABŞ bu cür təkliflərə veto qoymaq hüququna malik olacaq”. Ekspertin fikrincə, uzun illərdir davam edən sanksiyalara baxmayaraq, İran Silahlı Qüvvələrini gücləndirməyi bacarıb: “Tehran Yaxın Şərq və Orta Şərqin ən güclü ordusuna sahibdir. Ölkənin ümumi hərbi personalı fərqli məlumatlara görə, 540-900 min civarındadır. Məlumatlar arasındakı bu fərq ölkədə Silahlı Qüvvələr mövzusunun tamamilə gizli saxlanılmasından qaynaqlanır. İran xaricindəki müxtəlif qaynaqlar, ölkənin əsgər sayı, silahları və hərbi təchizatı ilə bağlı qeyri-dəqiq məlumat verir. Silah və hərbi təchizat sahəsində isə vəziyyət daha mürəkkəbdir. Silahların böyük hissəsi 1960-70-ci illərdə hazırlanıb. Hətta 1940-50-ci illərin silahları belə hələ də istifadə edilməkdədir. Bəzi gəmilər və top sistemləri buna nümunə ola bilər. Hərbi Hava qüvvələri hələ də ABŞ istehsalı olan köhnə F-4, F-5, Fransa istehsalı Mirage F-1, Çin istehsalı F-7 və Sovet istehsalı Su-24 və Su-25 kimi köhnə döyüş təyyarələrini istifadə edir. Yeni sayıla biləcək təyyarələr arasında MiQ-29 və ABŞ F-14-ləri var”.