INTİHAR – SONUN BAŞLANĞICI..

yazarlar
24-12-2017, 21:34 1189
INTİHAR – SONUN  BAŞLANĞICI..

INTİHAR – SONUN BAŞLANĞICI..

Artıq bir neçə ildir ki, sentyabrın 10-u Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə intiharlara qarşı mübarizə günü kimi qeyd edilir. Intihar insanın özünü cəzalandırma mexanizmi deyil, problemlərdən qaçış yoludur. Insanı intihara sürükləyən problemlər cəmiyyəti sosial partlayışa, məhvə doğru aparır. 2020-ci ildə intiharların sayının 5 milyona qədər artacağını proqnozlaşdıran Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb. Rəsmi statistikaya görə hər il təxminən 60 milyon insan intihara cəhd edir, 1.1 milyon insan həyatını itirir. Onların 63 %-i kişilər, 37 %-i qadınlardır. Ekspertlərə görə, “bədbəxt hadisələrdən baş verən ölüm” (dozadan artıq dərman istifadəsi, yollarda qəza, hündürlükdən düşmə) də suisid hesab olunur. Ölkələr intihar faktlarının baş vermə səbəblərinə görə üç qrupa ayırılır: -1-ci qrupa bir ildə əhalisinin hər 100 min nəfərindən 10-nun (Yunanıstan, İtaliya, Qvatemala, Filippin), 2-ci qrupa 10-20 nəfərinin (Avstraliya, ABŞ), 3-cü qrupa 20-dən çoxunun özünə qəsd etdiyi ölkələr (Latviya, Litva, Estoniya, Macarıstan, Rusiya) daxildir. İntiharların sayına görə İsveçrə və Macarıstan, keçmiş sovet respublikalarından isə Litva, Rusiya, Latviya, Ukrayna irəlidə gedir.
Əksər islam dövlətlərində 100 min adamdan təxminən 0,1 %-i, əhalisinin çoxu xristianlığa və ya induizmə tapınan ölkələrdə 11,2%-i intihar edir. Buddistlər arasında bu göstərici - 17,6 %, Çin kimi ateist dövlətlərdə isə daha yüksəkdir -25,6%. Xristian və buddistlər arasında özünü öldürən kişilərin sayı qadınlara nisbətən 3,5 dəfə çox, müsəlman və induslarda isə, əksinə 3 dəfə azdır. Katolik İrlandiyada intihar halı katolik İtaliyadan üç dəfə çox, protestantların sayının çox olduğu Böyük Britaniyada isə keçmiş müstəmləkəsi Avstraliyaya nisbətən iki dəfə yüksəkdir. Bu da, dini inancların heç də mütləq meyar sayıla bilməyəcəyini, intiharların həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə getdikcə artıb daha da geniş yayıla biləcəyini təsdiqləyir.
Azərbaycanda intihar edənlər əhalinin bir faizini təşkil edir. Bu göstərici digər ölkələrlə müqayisədə o qədər də çox olmasa da, son illər ölkədə baş verən intihar hallarının sayında da bir balaca artımın olması, problemin həlli üçün göstərilən səylərin birləşdirilməsini qaçılmaz edir.
Respublikamızda intiharların rəsmi statistikası aparılmadığından əvvəlki illərdə baş verən intihar faktları ilə bağlı mətbuatda gedən və DİN-in rəsmi internet saytında yer alan məlumatlara istinad etməli olduq. Bu məlumatlar da, son illərdə ölkədə intiharların sayında əvvəlki illərlə müqayisədə artımın müşahidə olunduğunu təsdiqləyir. Belə ki, 2013-cü ildə bu göstərici 415, 2015-ci ildə isə artıq 535 nəfər olub (www.report.az. Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin Təcili Psixoloji yardım şöbəsinin müdiri Kəmalə Talıbovanın mərkəzdə dəyirmi masadakı çıxışından). K.Talıbova, intihara cəhd edənlər arasında qadınların və uşaqların, yeniyetmələrin üstünlük təşkil etdiyini, 2013-cü ildə uşaqlar arasında belə halların 18, 2015-ci ildə 29 olduğunu deyir. Təbii ki, bu statistikadan kənar faktların ola biləcəyi nəzərə alınmasa.
KİV-də hər gün kiminsə özünə qəsd etməsi barədə oxuduğumuz xəbərlər yalnız ictimaiyyətə açıqlananlar olsalar da, intiharların, son vaxtlar adi hala çevrildiyini göstərir. Ekspertlərin fikrincə, intiharın gerçək statistikası daha yüksəkdir, bir ayda 30-40, bəzən 50-yə yaxın intihar baş verir. Az qala adi qarşıladığımız özünəqəsd hallarının sayının belə sürətlə artmasına səbəb nədir?
İntihara səbəb olan amilləri sosial, psixoloji, bioloji və genetik kimi 4 qrupa bölən psixoterapevt Fəxriyyə Məmmədova Lent. az-a açıqlamasında son illər intihar hadisələrinin sürətlə artmasında cəmiyyətin inkişafının da mühüm rol oynadığını, inkişaf prosesində istəyinə nail ola bilməyən insanların depressiya və stresslə üzləşməsi hallarının artdığını deyib:-“İntihar təkcə Azərbaycanın yox, bütün dünyanın problemdir. Hesablamalara görə, hazırda dünyada hər 40 saniyədə 1 intihar hadisəsi baş verir. Beyindəki serotonin maddəsinin (“xoşbəxtlik hormonu” -red.) azalması intihar ehtimalını artırdığından, xərçəng, ürək xəstəliyi, AİDS kimi xəstəliklərə tutulan insanların intihar etmə ehtimalı daha yüksək olur. Ancaq, intiharları tək bu amillə bağlamaq da düz olmaz, çünki insan müxtəlif səbəblərdən özünə qəsd edə bilər, məs:, ailədaxili münaqişə, psixi pozuntu, sosial vəziyyət, bioloji və genetik amillər, şiddətə meyllilik və s. intihara gətirib çıxara bilir. Təəssüf ki, bizdə intiharların səbəbi ilə bağlı məlumata çox az rast gəlinir. Əslində, belə məlumatları gizlətməyin elə bir mənası da yoxdur. Əksinə, bu statistika tam açıq olmalıdır ki, insanlar özləri ondan nəticə çıxarıb yaxınlarını neqativ hallardan, psixoloji sıxıntılardan yayındıra bilsinlər”.
F.Məmmədova problemin gizlədilməsinin deyil, öyrənilməsinin vacibliyini vurğulamaqda haqlıdır: intiharların artması insanların psixologiyasına mənfi təsir göstərir. Psixoloq Azad İsazadə də intiharlarla bağlı Azadlıq Radiosuna verdiyi müsahibədə Azərbaycanda intiharların 2011-ci ildən başlayaraq artdığını, iqtisadi böhranın, həll edilməyən sosial problemlərin intiharların sayına birbaşa təsir etdiyini, əvvəllər risk qrupunda yeniyetmə və 55-60 yaş arasındakı insanların, indi isə yeniyetmə və gənclərin - əsas yaş həddi 18-35 arasında olanların çoxluq təşkil etdiyini qeyd edir: -“Təəssüf ki, intiharlara qarşı tədbir görülmür. Bununla məşğul olan bir mərkəz və ya qurum belə yoxdur. Statistika aparılmır, regionlarda vəziyyət necədir, bilmirik. Real araşdırmalar yoxdur, ancaq mətbuat nələri qeydə ala bilirsə, ona uyğun fikir yürüdürük. Baş verən intiharların gerçək səbəbləri və xarakteristikası haqqında bilgiyə malik deyilik”(www.azadliq.org).
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) web-saytında uşaqlarla bağlı rəqəmlər yer alsa da, böyüklərə aid rəqəmlərin üstündən sükutla keçilməsinin səbəbi qaranlıqdır. Statistika Komitəsinin saytında intiharla bağlı məlumata, ümumiyyətlə rast gəlmədik, internet resurslarında isə 2008-ci ildə Azərbaycanda 138, 2009-cu ildə 165, 2010-cu ildə 289, 2011-ci ildə 414, 2012-ci ildə 482 nəfərin intihar etdiyi bildirilir. Komitənin məlumatına görə 2013-cü ildə 71 uşağın intihar etdiyi, Daxili İşlər Nazirliyinə istinadən yayılan məlumatda isə, bu rəqəmin 34 olduğu, təkcə 2014-cü ilin dörd ayı ərzində Azərbaycanda 122 nəfərin intihar etməklə dünyasını dəyişdiyi deyilir. Bütün bu rəqəmlər ziddiyyətli olsalar da, elə əldə edilən məlumatlar Azərbaycanda intihar hallarının, xüsusilə də uşaq və yeniyetmələr arasında ilbəil artdığından, problemin ciddiləşdiyindən xəbər verir. Araşdırmalar intihara ruhi xəstələrin yox, əsasən sağlam, sosial problem və mənəvi sarsıntılardan əziyyət çəkən, nə vaxtsa vəziyyətin dəyişəcəyinə inamı itən insanların əl atdığını göstərir. Bu səbəbdən də, yaxınlarımıza qarşı diqqətli olmalı, qaygılarına qalmalı, lazım gələrsə onlardan maddi və mənəvi köməyimizi əsirgəməməliyik.
Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin “APA”ya verdiyi müsahibəsində Rusiyada yetkinlik yaşına çatmamış uşaqlar arasında intiharların sayının digər ölkələrlə müqayisədə 3 dəfə çox (2015-ci ildə 450, bu ilin 6 ayı ərzində 350) olduğunu, intihar edən yeniyetmələrin atılmış uşaqlar yox, əsasən normal və sadə ailələrin övladları olduğunu qeyd edir. V.Markin sabah sağlam cəmiyyətin sıralarını genişləndirməli olan bu uşaqların intiharında kəskin artımın səbəbini, bu gün sosial şəbəkələrdə onları intihara səsləyən xüsusi qrupların mövcudluğu ilə izah etməklə yanaşı, həm də vəziyyətdən çıxış yolu kimi Rusiya Cinayət Məcəlləsinə yeniyetmələr arasında intiharın təşviqinə görə məsuliyyət daşınmasını etiva edən maddə əlavə olunmasını vacib sayır. İstintaq Komitəsi də yeniyetmələr arasında intiharı təbliğ, təşviq edən şəxslərə 7 ilə qədər həbs cəzasının tətbiq olunmasını təklif edir (“Respublika” qəz., 24 avqust).
Respublikamızda intihara təşviq hallarının olub-olmadığını dəqiqləşdirmək imkanımız olmasa da, son 3 ildə təkcə Kürdəxanıda yerləşən bir orta məktəbdə 5 müəmmalı intiharın baş verməsi faktı, bu intiharlardan hər birinin araşdırılmasının və uşaqları ömrün ən gözəl çağında həyatla vidalaşmağa sövq edib ölümə sürükləyən səbəblərin aradan qaldırılmasının vacibliyini göstərir.
Son illərin analoji hadisələri yaşamaqdan bezənlərin əksəriyyətinin özünü asmağa üstünlük verdiyini, sıralamada müxtəlif kəsici alətlərdən istifadə edənlərin 2-ci, özünü hündür binadan aşağı, gəmidən suya atanların 3-cü yerdə olduğunu göstərir. Sonrakı yerləri özünü avtomobil, metro, qatar və digər minik vasitələrinin altına atanlar, yandıranlar, gülləyənlər, yuxu dərmanlarını, antidepressant və ya ağrı kəsiciləri ifrat miqdarda qəbul edib zəhərləyənlər bölüşürlər.
Əldə olunan statistika Azərbaycanda intiharların 60 %-dən çoxunun məhz sosial problemlərdən qaynaqlandığını iddia etməyə əsas versə də, Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin apardığı araşdırmalarda 2008-ci ildə Azərbaycanda 170 intiharın baş verdiyi, ondan 138-inin ölümlə nəticələndiyi müəyyənləşdirilmişdir.Nə qədər qəribə də olsa, əksər hallarda intiharların baş vermə səbəbləri barədə məlumat verilmir, məs.: 2009-cu ildə Azərbaycanda 202 intihardan 154-ünün, 2010-cu ildə 312 özünəqəsddən 244-ünün səbəbləri bilinmir. (news.lent.az).
Əslində intiharların baş vermə səbəblərinin hüquq-mühafizə orqanları tərəfindən cəmiyyətə açıqlanması, digər qurumların növbəti qurbanların olmaması üçün öz səlahiyyətləri çərçivəsində tədbirlər planı hazırlayıb təxirə salınmadan insanları intihara sürükləyən problemlərin həlli yollarını axtarması daha məntiqli olardı. Hadisə barədə eşitdiyimiz “prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir” kimi şablon sözlər yaxınını itirib bir ömür boyu cəhənnəm əzabı ilə baş-başa qalan ailənin çevrəsindəkilərin uzaqbaşı bir müddət müzakirə mövzusuna çevrilir, yeniyetmənin nə üçün özünə əl qaldırıb canına qıymaq məcburiyyətində qaldığı isə cəmiyyətə açıqlanmır.
AQUPDK-nın web-saytında intiharla bağlı xarici mütəxəssislərə istinadən verilən araşdırma da əsasən ÜST-ün verdiyi statistika və dilimizə tərcümə edimiş araşdırma üzərində qurulduğundan, vəziyyəti bütün reallığı ilə əks etdirmir. Bu sahədə, ümumiyyətlə ciddi araşdırmalar, təhlillər yoxdur. Hər xalqın keçdiyi tarixi inkişaf yolu ilə şərtlənən fərqli mənəvi dəyərləri, idarəetmə sistemi, milli özəllikləri olduğundan intiharları doğuran səbəblər (məmur azğınlığı, bürokratiya, namus məsələsi, kredit borcu, işsizlik, ali məktəbə qəbul imtahanından kəsilmə, qarşılıqsız sevgi, bakirəliyin itirilməsi və s.) də müxtəlifdir. İnkişaf etmiş ölkələrin əksəriyyətində belə problemlər ya yoxdur, ya da bizdəki kimi intihara yol açmır. Bu səbəbdən də, məruzədə göstərilən səbəblər və təklif edilən çıxış yolları bizim üçün tam şəkildə keçərli deyil. Məs.: onlarda intihar hallarının azalması üçün əsasən maarifləndirmə işlərinin aparılması, KİV-də (televiziyalar nəzərdə tutulur) zorakılıq səhnələrini əks etdirən seriallara, verlişlərə qadağa qoyulması təklif olunur. Bu həm bir az mübahisəlidir (həmin proqramlar keçən il də, ondan əvvəlki illərdə də vardı, intihar edənlərin sayı isə sürətlə artmağa davam edir), həm də, bizim üçün yetərli deyil, məs.: bizdə “məktəb psixoloqu”sosial təsisatının fəaliyyətinin gücləndirilməsi kifayət deyil. Həm də, bu sahədə mütəxəssis hazırlığına və bu işin məhz hazırlıqlı mütəxəssislərə həvalə edilməsinə də nəzarət edilməlidir ki, nəticə özünü gözlətməsin. Üstəlik bəzi ailələrdə olan ünsiyyət problemi - məişət qaygılarından başı açılmayan valideynlərin bir çoxu uşağı yedirdib geyindirməklə öz işlərini bitmiş sayır, onunla ünsiyyətə lazımı qədər vaxt ayırmır, özü ilə övladı arasında mənəvi bağlılığın zəif olmasının necə böyük fəsadlara yol aça biləcəyinin fərqinə varmır, onunla səmimi münasibət qura bilmirlər. Uşaqla valideyn arasında münasibət qarşılıqlı inam, sayğı yerinə, qorxu və qadağalar, hədələr üzərində qurulur, uşaqdan haqlı olsa da susmağı, böyüklərlə mübahisə etməyib dediklərini qeyd-şərtsiz yerinə yetirmək tələb olunur ki, bu da onun özünə qapanıb problemlərilə baş-başa qalmasına səbəb olur. Bu da, ömrünün bəlkə də ən həssas - keçid yaş dövrünü yaşayan uşaqlarda psixoloji gərginlik yaradır. Bunun qarşısını almaq üçün “məktəb psixoloqu”nun yeniyetmələrin valideynləri ilə də mütəmadi iş aparıb ailəni problemlərlə baş-başa buraxmaması, vacib şərtdir.
AQUPDK-nin təqdim etdiyi məruzədə Azərbaycanda yeniyetmə və gənclərin hansı səbəblərdən intihara əl atdıqları təhlil olunmur (bizimyol.info). Məs.: bu bir həqiqətdir ki, Azərbaycanda ali məktəbə girənlərin 99 faizi repetitor yanına gedənlərdir. Bu, çox həssas məqamdır. Təsəvvür edin, valideyn övladının ali məktəbə hazırlaşması üçün pulu ailə büdcəsindən, boğazından kəsib repetitora xərcləməli olur. Odur ki, ali məktəbə qəbul olunmayan uşaqla sərt davranılır, imtahandan kəsilən uşaq ailənin qınağına və çevrədəkilərin tənəsinə tuş gəlir. Bəzən, qəbul olunmadığını bilə-bilə hərənin bir dəfə “hansı fakültəyə daxil oldun?”, deyə eyhamla soruşması və yaşıdlarının qəbul olunduqları universitetlərin adının sadalanması özü belə yeniyetmə üçün çəkə bilməyəcəyi qədər ağır yükə çevrilir. Bu səbəbdən də, bərkə-boşa düşməmiş ağır mənəvi təzyiqə tuş gəlib qınaq obyektinə çevrilən yeniyetmə yaxınlarını necə bir əzaba düçar etdiyini belə düşünmədən bu “biabırçılığa” dözməkdənsə intihar yolunu seçib şirin canına qəsd etmək qərarını verir.
Bu gün ali məktəbə qəbul ola bilməyən gəncin özünə qəsd etməsi təkcə ölkədə təhsilin səviyyəsinin aşağı olması, ailədə maddi problemlərin yaranması səbəbindən yox, həm də valideynin övladı ilə səmimi münasibət qurub onu anlamağa çalışmaması səbəbindən baş verir. Bizim bir millət kimi bu məsələlərə baxış tərzimizi dəyişməyimiz, belə həssas məqamlarda övladımızın yanında olmağımız daha məntiqli olmazmı? Axı, “hər kəs universitetdə oxuyacaq”, deyə bir qanun yoxdur. Ali məktəbə qəbul olunmamaq hələ dünyanın sonu demək deyil, ilk addımda ayağı büdrəyən gənc yenidən hazırlaşıb arzuladığı ali məktəbə qəbul ola, ya da başqa bir sənət seçə bilər. Onun yanında universitetlərə qəbul olunanları öymək yerinə, ilk cəhddən ali məktəbə qəbul olmasa da, sonradan yenidən hazırlaşıb qəbulda uğur qazananların, məktəbdə düzəməlli oxumasa da yaxşı sənətkar olanların, hətta fiziki qüsuru olmasına belə baxmayaraq həyatda istədiyinə nail olanların (yaxşı işi, ailəsi, uşaqları, ona yetəcək qədər əmlakı), cibində universitetin hüquq fakültəsinin diplomunu gəzdirib restoranlarda xörəkpaylayan vəzifəsində çalışanların adlarını çəkmək daha düzgün olmazdımı? Axı, onsuz da, arzularını gözündə qoyduğu valideynlərinin üzünə baxmağa xəcalət çəkən“talesiz”gənci mənəvi cəhətdən bir az da sıxıb sındırmağa ehtiyac varmı? Bir də, axı önəmli olan övladımızin hansı sənəti seçməsi, harda və ya hansı vəzifədə işləməsi yox, gördüyü işin onun ürəyincə olub əlinə yatmasıdır. Axı, insan, yalnız ona istedad və bacarığını açıb göstərməyə imkan verən işdə uğur qazanıb peşəkar səviyyəsinə yüksələ bilər.
Düşünürəm ki, valideynin uşaqdan dediklərini qeyd-şərtsiz yerinə yetirməyi tələb etməsi də, yolverilməzdir. Hökm etmək yerinə uşağa, onunla razılaşa bilməyəcəyini tutarlı dəlillərlə izah edib onu səhv yoldan çəkindirmək daha məntiqli olmazmı? “Böyüyün üzünə qayıtma”, “atanın vurduğu yerdə gül bitər”, “sözü bir dəfə deyirəm, hünərin var eləmə” kimi ifadələrin arxasında gizlənənlər əslində öz acizliklərini, uşağa qoyduqları qadağanı əsaslandıra bilmədiklərini təsdiqləmiş olurlar. Bu səbəbdən də ondan tələb olunanı ağlı ilə qəbul edə bilməyən uşaq valideynin sözündən ya qorxusundan çıxmır, ya da üzdə razılaşdığını göstərsə də, öz fikrində qalıb deyilənə əməl etmir. Övladına düz olanı izah etmək üçün özünə əziyyət verməyən valideyn onu mənəvi sıxıntıya düçar etdiyinin, mənən əzib sındırdığının fərqindədirmi? Ümumiyyətlə, hər birimizin çevrənin təzyiqini daim üzərimizdə hiss etməyimiz, gücümüz çatan, ürəyimiz istəyən, düz hesab etdiyimiz kimi yox, çevrənin diqtə etdiyi kimi yaşamağa can atmağıımız nə qədər düzgündür? Həm də təkcə iş və ya təhsil sahəsində deyil. “Elə oturma, belə durma”, “nə deyərlər?” və s. Axı, ətrafımızdakılara bizim şəxşi işlərinizə qarışmaq, gərək oldu-olmadı məsləhət vermək, necə yaşamaq lazım gəldiyini öyrətmək haqqını kim verib? Olduğumuz kimi görünməyimizə mane olub bizi həyatdan küsdürən, riyakarlığa sövq edən “milli özəlliklərimizin” biri də bu deyilmi? Çoxdan köhnəlib aktuallığını itirmiş bu stereotipləri dağıdıb onlardan qurtulmağın vaxtı çatmayıbmı?
Bu da bir faktdır ki, yeniyetmənin psixoloji müdafiəsi onun yaşadığı mühitdə, aldığı tərbiyə əsasında formalaşır. Bizdə isə bir çox hallarda uşaqları əzizləyir, ərköyünləşdirir, problemlərdən uzaq tutmağa çalışırlar. Nəticədə, daim istədiyini alan uşağın psixoloji müdafiəsi zəifləyir. Dünyanı çəhrayı rəngdə görən, istəkləri dərhal yerinə yetirilən 18 yaşlı gənc bəzən hərbi hissədə qarşılaşdığı çətinliklərə dözmür, qayda-qanuna alışa bilmir. Nəticədə psixoloji müdafiəsi pozulur və o düşdüyü vəziyyətdən yeganə çıxış yolunu intihar edib həyatla birdəfəlik vidalaşmaqda görür.
Fikrimcə, orta məktəb dərsliklərində də gənclərin psixoloji müdafiəsi diqqətdə saxlanılmalı, torpağının 20%-i düşmən tapdağı altında qalmış bir dövlətdə gənclər qələbəyə köklənməli, mübariz ruhda tərbiyə olunmalıdır. Yeniyetməyə aşılanmalıdır kı, ona çıxılmaz kimi görünən hər bir vəziyyətdən ən azı 2 çıxış yolu var. İnsan yalnız səbr edib çətinliklərə dözməklə, zəhmətə qatlaşıb bilik və bacarığını artırmaqla qarşısına çıxan problemləri həll edib yüksələ, qələbə sevincini yaşaya bilər. Ermənistanla müharibə şəraitində yaşayan bir dövlətdə millətin gələcəyi, dövlətin qarantı olan gəncin problemləri həll etmək yerinə intihar yolunu seçməsi yolverilməzdir.
Məruzədə yeniyetmə və uşaqların asudə vaxtının təşkil edilməsinin, yeniyetmələrin, onları maraqlandıran, özlərini ifadə edə biləcək məşğuliyyətlərə cəlb olunmasının, internetə, kompüterə ayrılan vaxtın məhdudlaşdırılmasının vacibliyi də qeyd olunur. Təəssüf ki, bizdə bu sahədə məqsədyönlü iş aparılmır, məs.: yay tətili boyunca məktəblilərin dincəlib yaşıdları ilə münasibət qura biləcəkləri düşərgələrin sayı həm azdır, həm də bu düşərgələrdə dincəlmək həvəsində olanların bir çoxunun ailə büdcələrinə uyğun deyil. Nisbətən imkanlı ailələrin uşaqları isə böyüklərilə xaricdə dincəlməyə üstünlük verirlər. Ümumiyyətlə, belə təsəvvür yaranır ki, uşaq və yeniyetmələrin boş vaxtlarının və istirahətinin təşkili son vaxtlar diqqətdən kənarda qalıb, əlaqədar qurumlar gənclərin vətənə layiqli övlad kimi yetişdirilməsinin necə böyük önəm daşıdığının fərqinə varmırlar. Binalar, bir-birinə o qədər yaxın tikilir ki, uşaqlara futbol, voleybol oynamağa, velosiped sürməyə yer qalmır. Üzgüçülük hovuzlarının sayı artsa da, qiyməti üzmək arzusunda olanların arzusunu gözündə qoyur. Düşünürəm ki, valideynlər, dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da bu məsələni diqqətdə saxlamasına, uşaqların boş vaxtlarında nəzarətsiz qalıb zərərli təsirlər altına düşməməsi üçün bu sahədə məqsədyönlü işin aparılmasına ehtiyac var.
İntiharın səbəbləri kimi daha çox psixi, cinsi, sosial-iqtisadi pozuntular, ailə münaqişələri, təzyiqə meyillilik, fikirləşib qərar qəbuletmə qabiliyyətinin yetərsizliyi göstərilir. Tədqiqatlar uşaqların ölümün həqiqi mənasını qavraya bilməməsinin də intihar cəhdinə səbəb ola biləcəyini, depressiyanın yetkin insanlarda olduğu kimi, gənclərdə də vacib risk faktoru olduğunu göstərir. Əvvəllər kiminsə intihar xəbəri yayılanda bir müddət gündəmdən düşmürdü: intiharın səbəbləri müzakirə edilir, mümkün ehtimallar irəli sürülürdü. İndi “intihar” sözü o qədər adiləşib ki, media intiharların “sürət”inə çata bilmir. Ömrünün bahar çağını yaşayan gənclər arasında intihar edənlərin sayı yaşlılar arasında olanlardan da çoxdur. İndi cəmiyyət də nakam gedən gəncin taleyinə üzülmür, əksinə, onu acizlikdə qınayıb “cəhənnəmlik” olduğunu iddia edir. Ağır xəstəlikdən əziyyət çəkdiyi üçün özünü öldürən yaşlı adama təəssüflənənlər, sevgilisindən “yox” cavabı alan gənclərə acımır, onları yaxınlarına, valideynlərinə qarşı acımasızlıqda, qəddarlıqda suçlayırlar.
Gənclər arasında intihara cəhdin arxasında əslində savadsızlıq durur. Gənc özünü, dünyanı, cəmiyyətdə gedən prosesləri dərk edə, təhlil edib dəyərləndirə, düzgün qərar verə bilmir. Bu da, onu seçim bolluğundan məhrum edir, dünya onun gözündə sevib seçdiyi ilə məhdudlaşır, bitir. Sevdiyi ona qarşılıq vermədikdə başını “itirir”, yaşaya bilmir. Min bir əzab-əziyyətlə onu böyüdüb boya-başa çatdıran, dünyalarca sevən ata, anasını, yaxınlarını belə düşünmədən intihar yolunu seçir. Bu da, ondan irəli gəlir ki, gənclər Qulu Xəlilovun bütöv bir nəslin tərbiyəsində mühüm rol oynamış "Yaşamaq istəyirəm" adlı aftobioqrafiq povestini və s. kimi kitabları oxumur, onlardan qat-qat artıq məhrumiyyətlərlə rastlaşmış, ilk baxışdan çarəsiz kimi görünən insanların həyata necə böyük dəyər, yaşamaq üçün necə böyük mücadilə verdiklərindən xəbərsizdirlər.
Əslində isə, rastlaşdığı qarşılıqsız sevgidən əzab çəkən yeniyetmənin qarşı tərəfi intihar edəcəyi ilə təhdid etməsi onun intihara cəhd istəyindən yox, qarşı tərəfin diqqətini çəkmək istəyindən qaynaqlanır. Sevgi əzabından üzülüb vəziyyəti düzgün dəyərləndirmək qabiliyyətini itirən gənc axıra kimi intiharın ölümlə nəticələnəcəyinə ya inanmır, ya da son anda xilas olacağına ümid edir. Belə həssas dönəmdə valideynin ona anlaqlı yanaşması, intiharın qarşısını ala bilər.
İntihar edənlərin 90%-i depressiya xəstəsi sayılır. Problemləri həll etmə, imkanlarını ölçüb-biçib istəklərini reallıqla uzlaşdırma bacarığının kifayətsizliyi, stress, ümidsizlik, qarşısına gücü xaricində məqsədlər qoyub ona çatmamaq, haqsızlıqla üzləşdikdə tənqidə, tənəyə məruz qalmağa tab gətirə bilməmək kimi səbəblər də uşaq və gəncləri intihar cəhdlərinə yönəltməkdədir.
Həyat, tanrının bizə bəxş etdiyi ən gözəl nemətdir. Bu dünyada insana zövq verəcək, ona özünü xoşbəxt hiss etdirə biləcək o qədər təkrarolunmaz məqamlar var ki, müvəqqəti “qara zolaq”lar belə gözəl günlərin gələcəyinə və ya geri dönəcəyinə ümidi zərrə qədər də olsa azaltmamalıdır. İntihar etmək fikrinə düşənlərə demək istəyirəm ki, uğrunda yaşayacağınız səbəblər uğrunda ölə biləcəyiniz səbəblərdən qat-qat çoxdur. Əgər tanrının lütf edib bəxş etdiyi həyat sizi qane etmirsə, onu dəyişmək öz əlinizdədir. Maneələrdən, uğursuzluqlardan qorxmayın, problemlərlə rastlaşanda geriyə yox, irəli gedin. Yadınızda saxlayın: tanrı sizi heç vaxt, çəkə bilməyəcəyiniz yüklə sınağa çəkmir. İnsan yoluna çıxan maneələri yalnız pillə-pillə keçməklə dəf edə, çətinliklərə sinə gərib, uğursuzları geridə qoymaqla ruhən güclənə, gözəl günlərə qovuşa bilər. Əslində, həyatın mənası, ləzzəti də, elə bizi hər addımda gözləyən bu maneələrdədir. Onlar keçildikcə özümüzün və ətrafdakıların gözündə mahiyyətcə daha da yüksəlir, fərqli dəyər kəsb edirik.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da əhalinin artımı və təbii ölümü ilə bağlı hesablamalar aparılsa da, baş verən intihar hallarının statistikası istisna təşkil edir. Belə ki, nə qədər qəribə də olsa, nə Dövlət Statistika Komitəsinin hesabatlarında, nə də Səhiyyə və Daxili İşlər nazirliklərinin saytlarında özünə qəsd edənlər barədə statistik məlumatları tam şəkildə əldə etmək mümkün deyil. Bu gün adı çəkilən hər üç dövlət qurumunda ölkədə intihar edənlər barədə tam statistika aparılmır. Aparılırsa da, ictimaiyyətə açıqlanan hesabatlarda öz əksini tapmır. İntiharların sayının sürətlə artması isə rəsmi statistikanın açıqlanmasını, hesabatda yer alan rəqəmlərın ətraflı təhlil ediləb araşdırılmasını, bu istiqamətdə zəruri tədbirlərin görülməsini qaçılmaz edir.
Bu da var ki, digər ölkələrin, məs.: Türkiyənin Statistika qurumunun web-saytında intiharlarla bağlı rəqəmlər yer alsa da, Azərbaycanda intiharların statistikasının KİV-də açıqlanması cəmiyyətdə birmənalı qarşılanmır. Əslində isə, bu statistikanın açıqlanması yox, intiharların bütün təfsilatı ilə təsvir olunması təbliğat sayılmalıdır. Çünki, KİV-in intiharla bağlı video görüntünü açıq formada yayması (Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması, Rəfayel Hümbətovun özünü Koroğlu metrostansiyası yaxınlığındakı körpüdən atması və s. kimi), bir çoxunun intihara meylini şüuraltı olaraq canlandıra, özü ilə yeni-yeni intiharlar dalğası gətirə bilər.
Əlbəttə ki, tək səbəb bu deyil. Psixoloq Dəyanəz Rzayevin qeyd etdiyi kimi, televiziya göstərməsə, qəzetlər yazmasa belə, bu video material internetdə yayılacaq. Amma o da inkarolunmaz reallıqdır ki, belə videogörüntüdən sonra intihar edənlərin sayı artır. Bəs mətbuat, televiziya intihar xəbərini necə təqdim etməlidir, özünü yandıranın videogörüntüsünü yaymaq düzgündürmü?
Psixoloqun sözlərinə görə, mətbuatda belə kadrların yayımlanması intihar faktının adiləşməsinə, insanların intiharı daha adi, asan qəbul etməsinə, intihar üsulunun yayılmasına səbəb olur: -
“Sovet dövründə adi cinayət hadisəsi insanları təəccübləndirə bilirdi, indi isə bu hadisələrə qarşı uyğunlaşma baş verir. Uzun qıcıq nəticəsində həssaslıq yox olur, insanlar hadisəni adi qəbul edir. Bu uyğunlaşmanın neqativ tərəfidir. Təəssüf ki, bizim cəmiyyətdə artıq bu cür hallar artır”.
Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev də belə məsələlərin işıqlandırılmasında jurnalistlərin özlərini məhdudlaşdırmalı olduğunu düşünür: -“İntihar hadisələri ilə bağlı təhlükəli statistika var və rəqəmlər artmaqdadır. Bu bir psixoloji məsələ olduğundan jurnalist etikası ilə nəzarətdə saxlanılmalıdır. Jurnalistlər şok yaradan, həddən artıq ağır psixoloji təsir göstərən səhnələrin açıq şəkildə nümayiş etdirilməsinə, intihar edən şəxsin üzünün, ağır yara və s. göstərilməsinə ehtiyatla yanaşmalıdırlar. Yalnız ictimai əhmiyyət kəsb edən hadisələrlə bağlı istisna edilə bilər, məs.: Qarabağ qazisinin başına gələn hadisə ictimai önəm daşıdığından orada məhdudiyyətə ehtiyac yox idi. Yeganə düz olmayan məqam, onun yerdə qalan nəşinin tükürpərdici şəkillərinin verilməsi idi, bir çox KİV bu məsələdə zəruri həddi keçdilər. Körpüdəki intihara gəldikdə isə, hadisə qurbanının şok yaradan şəkillərinin verilməsinə məhdudiyyət qoyula bilərdi”.
Düşünürəm ki, internetdə və ya KİV-də yayımlanmasından asılı olmayaraq intiharla bağlı informasıyanı yayanların tək onu yaymaqla kifayətlənməyib həm də hadisənin başvermə səbəblərini, gələcəkdə oxşar hadisələrin önlənməsi yollarını göstərməsi daha məqsədəuyğun olardı.
Psixoloji, sosioloji, genetik problemlər, iqtisadi böhranlar, ruh keçidləri və s. səbəblərdən baş verən intihar hallarının faizi regionlar üzrə də dəyişir, işsizliyin normal həddi keçdiyi bölgələrdə, məişət qayğıları ilə yüklənən nisbətən yoxsul, ailə bağları zəif sosial təbəqələrdə faiz daha yüksək olur. İntihar hallarının sayının artması, əslində bu gün qanunlarda olan boşluqların, idarəetmə, maarifləndirmə, təlim-tərbiyyə və s. sahələrdə öz həllini tapmamış çoxsaylı problemlərin olmasından, dövlət qurumlarında vətəndaşlarla işin təkmilləşdirilməsinin vacibliyindən xəbər verir. Bu bir həqiqətdir ki, heç kəs ölüm həddinə çatdırılmasa, ona bəxş edilən ən şirin nemət olan həyatdan özünü məhrum etməz. İntihar edənlərin bir hissəsi bu yola sırf blef (şou göstərmək, kimlərisə şantaj edib qorxutmaqla istəyinə nail olmaq) məqsədilə əl atsa da, əksəriyyəti problemlərini həll edə, mənəvi təzyiqə, tənəyə dözə bilmədiyi, həyatına qəsd etməkdən qeyri çıxış yolu görmədiyi üçün bu yolu seçir. İntiharların qarşısının alınması istənilən halda bu sahədə dəqiq statistikanın aparımasını, görüləcək işlərin gerçək miqyasının, problemləri doğuran amillərin öyrənilməsini, bu sahədə fəaliyyətin vahid mərkəzdən idarə olunmasını və bu işə cəlb olunacaq sosial institutlar, qeyri-hökumət təşkilatları arasındakı qarşılıqlı əlaqələrin tənzimlənməsini tələb edir.
Mövzu ilə bağlı rəyini öyrəndiyimiz psixoloqlar bu məsələdə Türkiyə təcrübəsindən istifadə etməyin vacibliyini önə çəkirlər. Mütəxəssislərin fikrincə, intiharı önləmək üçün yaradılan mərkəzlər telefon xidməti, ambulator yardımı və intensiv yardım göstərə biləcək stasionar bölmələrdən ibarət olmalı, hər 3 bölmənin işi bir-biri ilə əlaqələndirilməlidir. Bu gün Azərbaycanda belə mərkəzlər yoxdur, adıçəkilən bölmələr isə bu və ya digər səhiyyə strukturlarının tərkibində ayrı-ayrılıqda fəaliyyət göstərdiyindən intiharların sayı azalmır. İntiharla bağlı hüquqi prosedurların və qanunvericilik bazasının təkmilləşdirilməsinə, bu sahədə səhiyyə xidmətinə dövlət nəzarətinin gücləndirilməsinə ehtiyac var. İctimaiyyətin maariflənməsi, köhnəlmiş stereotiplərin dağıdılması, işsizliyin kökünün kəsilməsi istiqamətində iş aparılması, iqtisadi böhranın əhalinin aztəminatlı təbəqəsinə göstərə biləcəyi mənfi təsirin ertələnməsi, böhrandan əvvəl götürülmüş kreditlərlə bağlı aztəminatlı ailələrə zəruri güzəştlərin edilməsi, bu və ya digər səbəbdən intihar həddinə çatdırılanlara sosial-psixoloji dəstək verilməsi yolu ilə intihara cəhd hallarını doğuran amillərin aradan qaldırılmasına nail olmaq, intiharların sürətli artımının qarşısını almaq mümkündür.

İradə Ələsgərova,
tarix üzrə fəlsəfə doktoru
(“Respublika” qəzeti, 05.10.2016 və 09.10.2016 tarixli saylarında)