Bu peyvənd uşağa vurulmasa, ölə bilər – Valideynlərin DİQQƏTİNƏ

sehiyye
8-07-2017, 08:40 1720
Bu peyvənd uşağa vurulmasa, ölə bilər – Valideynlərin DİQQƏTİNƏ
İlin bütün fəsillərində immunitetlə bağlı səhhətimizdə müəyyən problemlər yaranır. Uşaqlarda isə bu, özünü daha çox büruzə verir. Boğaz qıcıqlanması, təngnəfəslik, öskürmə kimi hallar yaranır. Öskürək uzun müddət davam etdikdə isə valideynlər uşağın göy öskürəyə yoluxmasından çox narahat olurlar. Bəs, görəsən, göy öskürəyin əsl əlamətləri nədir? Göy öskürəyə qarşı vurulan peyvəndlərin təsir gücü nə qədərdir?

Realfakt.Az-ın məlumatına görə, pediatr Vaqif Qarayev ailem.az-a bildirib ki, göy öskürək - davamlı tutmaşəkilli öskürəklə xarakterizə olunan infeksion xəstəlikdir. Xəstəliyin törədicisi - göy öskürək çöpüdür. Xəstəliyə daha çox uşaqlarda rast gəlinir. Bəzən böyüklər də bu xəstəliyə tutula bilər. Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün göy öskürək çox təhlükəlidir. Göy öskürəyin başlanğıcı adi soyuqdəymədə olduğu kimi, burunda axma, hərarətin qalxması və öskürəklə özünü büruzə verir: “Amma göy öskürəyin əsas əlaməti tutma şəkilli öskürəkdir. Bəzən uşağı boğa bilir və hətta nəfəsi dayanır. Bu, çox təhlükəli bir əlamətdir. Xəstəliyin ağırlığı tutmaların sayından və müddətindən məlum olur. Yəni ola bilər ki, bir uşaqda gün ərzində 5 dəfə boğulma tutması olsun, digərində 15 dəfə. Birində tutma yarım dəqiqə, digərində 1 dəqiqə çəksin. Göy öskürək fəsad, ağırlaşma vermirsə, təhlükəli hesab etmirik, çünki onun vaxtı var, yaşayır və keçir. Amma fəsad verəndə vəziyyət çox ciddiləşir”.

Həkimin sözlərinə görə, adıçəkilən xəstəliyin ən çox verdiyi fəsad pnevmaniyadır. Yəni ağciyərlərin sətəlcəmi. Həmçinin gözlərə və beyinə qan sızma baş verə bilər. Tutmanın fonunda uşaq nəfəs ala bilmədiyinə görə qıcolmalar yaranar. Bundan başqa kəskin laringit (qırtlağın iltihabı), göbək və qasıq yırtıqları, burun qanaxmaları, tənəffüsün dayanması, nevroloji pozulmalar da ola bilər. Bunlar çox təhlükəli fəsadlardır. Buna görə də belə uşaqlar mütləq stasionar şəraitdə həkim nəzarətində müalicə olunmalıdır.

Pediatr deyir ki, xəstəlik başladıqdan sonra diaqnoz nə qədər tez qoyularsa, xəstə uşağı müalicə etmək bir o qədər asan olur. Lakin əksər valideynlər xəstəliyin başlanğıc vəziyyətində həkimə müraciət etmir: “Hər kəs özü ev şəraitində uşağını müalicə edir. Vəziyyət ciddiləşdikdə isə həkimə gedirlər. Belə olmaz. Göy öskürəyin profilaktikası uşağa vaxtında bu təhlükəli xəstəliyə qarşı vurulmuş peyvənddir. Peyvənd haqqında mediada çox ciddi çəkişmələr gedir. İddia olunur ki, peyvənd uşağı əqli cəhətdən əlil edir. Autizmə, hətta ölümə yol açır. Hətta bir zaman Avropada da peyvəndin autizm yaratdığı deyilirdi. Amma sonra çox ciddi laboratoriyalarda təsdiq olundu ki, autizmin peyvəndlə heç bir əlaqəsi yoxdur. Ölüm faizinə gəldikdə isə, peyvəndlər yad zülaldır və orqanizm adi halda da buna reaksiya verə bilər və verməlidir. Tutaq ki, qızdırma qalxa bilər, bir az narahatçılıq ola bilər. Biz bunu təbii hesab edirik, çünki bunlar keçici hallardır. Amma peyvənddən sonrakı ölüm halları, göy öskürək epidemiyası zamanı yarana biləcək ölüm sayından dəfələrlə azdır. Yəni epidemiya zamanı daha çox uşaq itiririk, nəinki tək-tük hallarda peyvənddən sonra. Əgər uşağınızın göy öskürəklə xəstələnməsini istəmirsinizsə, mütləq peyvənd etdirin”.

Peyvəndlərin vurulmasına əhali arasında şübhə ilə yanaşılması məsələsinə aydınlıq gətirən V.Qarayev bildirdi ki, sovet dövründə peyvənddən imtina etmək olmazdı. Amma indi peyvənddən könüllü imtina edirlər: “Valideyn dilindən ərizə yazır ki, mən uşağımı peyvənd elətdirmək istəmirəm. Keçən il şahidi oldum ki, göy öskürək olan uşaqların hər biri peyvəndsiz uşaqlardır. Peyvənd vurulmuş uşaq da göy öskürək tuta bilər, amma çox yüngül keçirər. Bizdə əhali narazılıq edir ki, peyvəndlər Hindistan istehsalıdır və keyfiyyətsizdir. Amma heç bir peşəkar komissiyanın dəqiq gəldiyi nəticə yoxdur ki, Hindistan istehsalı olan peyvəndlər keyfiyyətsizdir, Belçikanın, Fransanın istehsalı isə keyfiyyətlidir. Dövlət poliklinikalarında istifadə olunan vaksinlər əsasən Hindistanın, Koreyanın istehsalıdır. Amma bu, bir faktdır ki, özəl klinikalarda olunan vaksinlər daha keyfiyyətlidir və peyvənddən sonrakı ümumi reaksiyalara az rast gəlinir, ya da heç rast gəlinmir. Amma bu, o demək deyil ki, Hindistan, yaxud Koreya istehsalı peyvəndlər ölümcüldür, Fransanın istehsalı isə yox. Bu, qəbuledilməz bir iddiadır. Özəl klinikalarda vurulan peyvəndlər çox bahalıdır və imkanı olanlar gedib orada vurdura bilər. Məsələ orasındadır ki, əgər sığorta olsaydı, insanlar belə seçim qarşısında qalmazdılar. Bu zaman hər kəs istədiyi yerdə uşaqlarını peyvənd etdirə bilərdi”.