Davudoğlunun nazir olmağı təklif etdiyi deputatlar

dunya
27-08-2015, 09:57 879
Davudoğlunun nazir olmağı təklif etdiyi deputatlar "Müvəqqəti nazirlər kabinetinin üzvü olmaq üçün sizə nazirlik təklif edirəm."
Ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlu müvəqqəti hökumətdə nazir olmaq üçün 3 partiyadan 11 millət vəkilinə təklif məktubu yollayıb. ANS PRESS-in məlumatına görə, CHP-dən 5, MHP-dən və HDP-dən 3 millət vəkilinə yeni hökumətdə nazirlər kabinetinin üzvü olmaq təklif olunub.
Baş nazirlik mənbələrinin verdiyi məlumata görə, CHP-dən İstanbul millət vəkili Erdoğan Toprak, Ankara millət vəkili Ayşe Gülsün Bilgehan, İstanbul millət vəkili İlhan Kesici, Antalya millət vəkili Dəniz Baykal, Ankara millət vəkili Tekin Bingöl; MHP-dən İzmir millət vəkili Əhməd Kənan Tanrıkulu, Ankara millət vəkili Tuğrul Türkeş, İstanbul millət vəkili Meral Akşener; HDP-dən İstanbul millət vəkili Abdullah Levent Tüzel, İzmir millət vəkili Müslüm Doğan və Kocaeli millət vəkili Əli Haydar Koncaya nazirlər kabinetinin üzvü olmaq təklif olunub.
Əhməd Davudoğlu yazdığı məktubda həmin millət vəkillərindən bu gün axşam saat 18.00-ə qədər cavab istəyib:
“25.08.2015-ci il tarixdə cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan tərəfindən müvəqqəti nazirlər kabinetini qurmaq üçün baş nazir təyin olundum. Müvəqqəti nazirlər kabinetinin üzvü olmaq üçün sizə nazirlik təklif edirəm.
Konstitusiyanın tələbinə görə təklif olunan nazirlik vəzifəsini qəbul etməyəcəyiniz təqdirdə yerinizə müstəqil bir şəxs təyin olunacaq. Müvəqqəti nazirlər kabinetinin qurulması üçün irəli sürülən konstitusion tarixi nəzərə alaraq bu təklifə 27.08.2015-ci il saat 18.00-ə qədər cavab verməyinizi xahiş edirəm.”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvəqqəti hökuməti qurmaq vəzifəsi verməsindən sonra baş nazir Əhməd Davudoğlu parlamentdə təmsil olunan 3 partiyanın nümayəndələrinə nazirlər kabinetinin üzvü olmaları üçün təklif məktubu yollayıb.
Artıq MHP üzvlərinin bu məktuba şifahi şəkildəcavablarını açıqladıqları bildirilir. Onlardan Tuğrul Türkeş təklifi qəbul etsə də, Meral Akşener və Əhməd Kənan Tanrıkulu vəzifə təklifini qəbul etməyəcəklərini açıqlayıblar.
Əhməd Davudoğlu sədri olduğu AKP-dən də 11 millət vəkilinə təklif məktubu yollayacaq.