727 dükan bağlanıb - Azərbaycanda

maraqli
15-08-2016, 14:20 1010
727 dükan bağlanıb - Azərbaycanda
Ötən il ərzaq və qeyri-ərzaq malları satan 727 dükan bağlanıb. Məlumatı Dövlət Statistika Komitəsi (DSK) «Azərbaycanda ticarət» statistik toplusunda açıqlayıb.
Azadliq.org-a istinadən, həmin hesabat səciyyəli məlumatda deyilir ki, 2014-cü ildə ölkədə 61 min 742 pərakəndə ticarət obyekti vardısa, ötən ilin sonuna bu göstərici 61 min 15-ə enib. Təkcə Mingəçevirdə - 265, Gəncədə - 186, Lənkəranda - 117 dükanın qapısına qıfıl asılıb. Ticarət yalnız paytaxt Bakıda öz axarıyla gedib. Açılan dükanların sayı bağlananları 180 ədəd üstələyib. Bu ilin əvvəlinə paytaxtdakı ticarət obyektlərinin sayı 21 min 69-a yüksəlib.
İstər ekspertlər, istərsə alış-verişlə məşğul sahibkarlar bütövlükdə ticarətdəki geriləmənin neft pullarının azalmasından və nəticədə manatın dəyərsizləşməsindən qaynaqlandığını düşünürlər. Əhalinin gəlirlərinin azalması, bir çoxlarının ailə büdcəsinə sərt qənaəti də ticarətə təsirsiz ötüşməyib. Alveri azalan, vergi ödəməkdə çətinlik çəkən dükan sahibləri bir müddət işlərinə ara verməyə məcbur qalıblar.
Son illər Bakıda və digər iri şəhərlərdə çoxsaylı super və hipermarketlər şəbəkəsinin yaranması da xırda dükanların sıradan çıxmasında az rol oynamır.
Ötən il ölkədəki ticarət obyektlərinin sahəsi 2 faiz daralaraq, 3,3 milyon kvadratmetrə enib. Bunun 57 faizi (1 milyon 878,5 min kvadratmetri) Bakıdadır. İlboyu paytaxtdakı mağazaların sahəsi 50 min kvadratmetr genişlənib.