Yunanıstan hava limanlarını satdı

dunya
19-08-2015, 12:52 791
Yunanıstan hava limanlarını satdı Yunanıstanda iqtisadi böhran davam edir. Hökumət indi də böhrandan çıxmaq üçün özəlləşdirmə proqramı həyata keçirir.
Anspress-in məlumatına görə, proqram çərçivəsində Yunanıstan 14 hava limanını Almaniya şirkəti Fraporta satıb.
Müqaviləyə əsasən, Fraport şirkəti yunan hökumətinə bir dəfəyə 1 milyarda 234 min avro, hər il isə 22.9 milyon avro ödəyəcək.
Razılaşmaya əsasən, Selanik, Korfu, Rodos, Hania, Kos, Midilli, Santorini ve Mikonos hava limanları Almaniya şirkətinə 40 il müddətinə verilir. Satış haqqında ölkənin baş naziri Aleksis Tsipras açıqlama verib. Bu yeni kredit müqaviləsi islahatlar paketi qəbul olunduqdan sonra ölkənin ilk özəlləşdirmə proqramıdır.
Özəlləşdirmə Avrozona ölkələri ilə əldə olunan razılaşmada da öz əksini tapıb. 3-cü yardım paketinə əsasən, Avrozona ölkələri Yunanıstana 86 milyard avro kredit ayırırlar. Bu razılaşma qarşılığında isə Yunanıstan həm sosial, həm də iqtisadi islahatlarla yanaşı, özəlləşdirmə proqramları həyata keçirəcəyi barədə üzərinə öhdəlik götürüb.
Hökumətin bu qərarı Yunanıstanın daxilində birmənalı qarşılanmayıb. Bəzi qəzetlər Tsipras hökumətinin ölkənin ən dəyərli sərvətlərindən birini satışa çıxardığını açıqlayıb. Baş naziri islahatlar paketinə tez boyun əyməkdə günahlandırırlar.
Qeyd edək ki, Yunanıstan müxtəlif dövrlərdə Avrozona ölkələrindən aldığı borcu qaytara bilmədiyi üçün tənəzzül dövrünü yaşayır. Almaniya başda olmaqla digər Avropa dövlətləri Yunanıstandan onlara olan borclarını qaytarmaq üçün islahatlər aparmasını tələb edirdilər.
Uzun müzakirələrdən sonra Avrozona liderləri Yunanıstana 7 milyard avro kredit verməyə razılaşıb. "Körpü krediti" adlanan bu vəsait bütün Avropanı əhatə edən maliyyə fondundan ayrılacaq.
Həmçinin, Avropa Mərkəzi Bankı Yunanıstana fövqəladə maliyyə yardımı ayırmağa razılaşıb. İyun ayında bu yardım dondurulmuşdu. Yunanıstan parlamentində çərşənbə günü başlayan və cümə günü səhər saatlarına qədər davam edən gərgin səsvermədə avrozonanın islahatlar təklifi qəbul olunub