Klintonun elektron yazışması yoxlanacaq

dunya
19-08-2015, 09:40 992
Klintonun elektron yazışması yoxlanacaq ABŞ-ın keçmiş dövlət katibi Hillary Klintonun 300-dən çox elektron məktubu məxfi məlumatların olub-olmadığına dair yoxlamadan keçmək üçün seçilib.
BBC-yə istinadən məlumatına görə, Hillary Klinton ABŞ dövlət katibi olduğu dövrdə işgüzar yazışmalar üçün şəxsi elektron poçtundan istifadə etmişdi.
Onun bu hərəkəti geniş tənqidi şərhlər dalğası doğurmuşdu.
Gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində Demokratlar partiyasının əsas namizədi olacaq Hillary Klinton həmin tənqidlərə cavab verərək, bildirmişdi ki, onun şəxsi elektron poçt yazışmalarında məxfi sayıla biləcək məlumatlar olmayıb.
Lakin tənqidçilər onun elektron poçt serverinin tələb olunan təhlükəsizlik standartlarına cavab vermədiyini və, ümumiyyətlə, belə hərəkətin dövlət işi praktikasına zidd olduğunu qeyd ediblər.
Keçmiş dövlət katibi Hillary Klinton ötən ilin dekabr ayından vəzifədə olduğu dövrə aid 30 000-dən çox elektron məktubunu yoxlama üçün açıq edib.
Məhkəmənin qərarı ilə keçmiş dövlət katibinin elektron məktubları növbəti beş ay ərzində dərc olunmalıdır.
Hazırda həmin məktublar xüsusi yaradılmış rəsmilərdən ibarət heyət tərəfindən yoxlamadan keçirilir.