Xilasedicilər İndoneziyanın şərqində təyyarənin qəzaya uğradığı əraziyə çatıblar

dunya
18-08-2015, 11:49 945
Xilasedicilər İndoneziyanın şərqində təyyarənin qəzaya uğradığı əraziyə çatıblar Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, xilasedicilər İndoneziyanın şərqində “Trigana Air Service” aviaşirkətinə məxsus ATR 42-300 təyyarəsinin qəzaya uğradığı əraziyə çatıblar.
İndoneziya Axtarış və Xilasetmə Agentliyinin (Basarnas) rəhbəri Bambanq Soelisto deyib: “Bizim xilasedicilər qəza yerinə çatıblar. Təyyarə qəzaya uğrayıb və tamamilə dağılıb”.
Xilasedicilərin qəzanın baş verdiyi əraziyə doğru hərəkətinin yerli şəraitin ağır olması səbəbindən çətinləşdiyi barədə əvvəl məlumat vermişdik. Papua əyaləti yolların olmadığı, sıx meşəyə malik dağlıq ərazidir.
İndoneziyanın “Trigana Air Service” aviaşirkətinə məxsus göyərtəsində 54 sərnişin olan təyyarə avqustun 16-da Yeni Qvineya adasının İndoneziyaya məxsus hissəsində radarların ekranından itib. Yerli polis laynerin Oksibil şəhərinə eniş etməyə 10 dəqiqə qalmış düşdüyünü bildirib. İndoneziya Nəqliyyat Nazirliyinin nümayəndəsi isə yerli əhalinin təyyarənin qəzaya uğraması barədə məlumat verdiyini bildirib. Sonradan xilasedicilər ərazidə təyyarənin tüstülənən qırıntılarını aşkar ediblər. Basarnas-ın məlumatına görə, təyyarədəki sərnişinlərin hamısı İndoneziya vətəndaşıdır.