Əflatun Amaşovun deputat seçilməsi mətbuata nə verəcək

musahibe
19-10-2015, 12:06 1178
Əflatun Amaşovun deputat seçilməsi mətbuata nə verəcək Noyabrın 1-də keçiriləcək parlament seçkilərində mandat uğrunda mübarizəyə qoşulanlardan biri də 62 saylı Saatlı seçki dairəsindən namizədliyini irəli sürən Mətbuat Şurasının sədri Əflatun Amaşovdur.
Maraqlıdır, birbaşa mətbuatla sıx təmasda olan Əflatun Amaşov deputat seçilərsə, Azərbaycan mətbuatına daha hansı töhfələri verə bilər?
Məsələyə baş redaktorlardan münasibət öyrənməyə çalışıb.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin sözlərinə görə,Əflatun Amaşovun deputat seçilməsi mətbuatın problemlərinin həlli istiqamətində imkanlarını bir az da genişləndirəcək:
“Əflatun Amaşovun son 12 ildə Mətbuat Şurasının sədri kimi jurnalistikamıza verdiyi töhfələr göz önündədir. Bunu heç kim dana bilməz. Seçki prosesində də Əflatun Amaşovun deputatlığa namizədliyini verdiyi Saatlı rayonunun 10 kəndində insanlarla görüşlər keçirdik.
Görüş zamanı da hiss etdik ki, ictimaiyyət arasında Əflatun Amaşovun yüksək nüfuzu var. Bu mənada hökumətlə mətbuat arasında əlaqələrin, mətbuata göstərilən diqqətin qayğının artmasında Əflatun Amaşovun deputat kimi fəaliyyət göstərməsinin də müsbət rolu ola bilər.
Ona görə də biz redaktorlar onun seçki kampaniyasında iştirak edir, gördüyü işlər barədə danışırıq. Elə bilirəm ki, deputat seçiləndən sonra mətbuatın nüfuzunun bir az da artırılmasında, problemlərin həll olunmasında Əflatun Amaşovun imkanları daha da genişlənəcək”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da Mətbuat Şurası sədrinin parlamentdə təmsilçiliyini Azərbaycan jurnalistikası üçün daha da uğurlu hesab edir:
“Daha çox mandatla Azərbaycan jurnalistləri Azərbaycan parlamentində təmsil olunsa, bu müsbət hal olar. Bu həm də mətbuatın qanunvericilik bazasının mükəmməlləşməsi üçün vacibdir. Bildiyim qədər onun təbliğat-təşviqat kampaniyası uğurla keçirilir. Sosial şəbəkələrdə kifayət qədər təbliğ olunub. Saatlı rayonunda, kəndlərdə keçirdiyi görüşlərlə bağlı məlumatım var.
Təbii, Əflatun Amaşovun Milli Məclisdə təmsilçiliyi Azərbaycan mətbuatına müəyyən töhfələr verə bilər. Həm jurnalistikamızın mətbuatın ictimailəşməsi, həm də problemlərin həll olunması baxımından müsbət bir hal olardı. Əflatun Amaşova uğurlar diləyirəm. Hesab edirəm ki, onun deputat seçilmək şansı çox yüksəkdir. Parlamentə düşəcəyi təqdirdə Azərbaycan jurnalistlərinin də parlamentdə təmsilçiliyini çox ləyaqətlə həyata keçirəcək”
Parlament Jurnalistlər Birliyinin(PJB) sədri, Modern.az saytının baş direktoru Elşad Eyvazlı isə Əflatun Amaşovun deputat seçilməsini həm ictimaiyyət, həm də jurnalistlər üçün yararlı hesab edir.
“Hazırda Milli Məclisin jurnalist üzvləri var. Bunların sayı da kifayət qədərdir. Ancaq Əflatun Amaşovla hazırda Milli Məclisdə jurnalist olan deputatlarımız arasında fərq var. Bu da ondan ibarətdir ki, Əflatun Amaşov mətbuatın bütün problemlərini daha dərindən bilir.
Çünki uzun illərdir bu işlə məşğuldur. Ona görə hesab edirəm ki, Əflatun Amaşovun deputat seçiləcəyi təqdirdə bundan daha çox yararlanan jurnalistlərimiz olacaq.
Çünki Əflatun Amaşovun bu günə qədər fəaliyyətinin ana xəttini jurnalistika təşkil edir. Hesab edirəm ki, jurnalistlərdən başqa seçicilər də bundan xüsusi şəkildə yararlanacaq. Çünki Əflatun Amaşov mətbuat üçün maraqlı adamdır. Əgər deputat seçilərsə, onun Milli Məclisdə qaldıracağı hər bir məsələni jurnalistlər birmənalı ictimailəşdirəcəklər.
Bu da seçicilərin maraqlarına uyğun bir məsələdir. Hər halda, çox istərdim ki, Əflatun Amaşov deputat seçilsin. Əminəm ki, Əflatun Amaşov deputat seçildikdən sonra Parlament Jurnalistlər Birliyinin (PJB), yəni iclasları izləyən jurnalistlərin Milli Məclisin iclasları zamanı əyləşdiyi yerə də gələcək.
Çünki bu günə qədər çalışmağımıza baxmayaraq, jurnalist olan deputatlardan bir nəfər belə gəlib vəziyyətlə maraqlanmayıb. Təbii ki, bunu jurnalistlərə yaradılan şəraitin yaxşı olmaması ilə əlaqələndirib demirəm. Çünki mümkün olan bütün şərait jurnalistlər üçün yaradılıb.
Kompüter və digər texniki avadanlıqla təchiz olunub. Sadəcə, jurnalist həmkarlığı məsələsi deputat-jurnalistlərlə parlament jurnalistləri arasındakı münasibət arzu olunan deyil. Hesab edirəm ki, Əflatun Amaşov deputat seçilərsə, bu münasibətlər yüksək olacaq. Əflatun Amaşov hər zaman bizim yanımızda olacaq.
Jurnalistlər çox istəyir ki, Əflatun Amaşov bir iclası heç olmasa, jurnalistlərlə bir yerdə izləsin. Əminik ki, Əflatun Amaşov bunu edəcək. Uğurlar arzulayırıq. Hesab edirik ki, Əflatun Amaşovun deputat seçilməsi həm jurnalistlər, həm də cəmiyyət üçün yararlı olacaq”.